İlham İsmayılov: “Düşünürəm ki, region dövlətləri bu anlamlı mesajı olduğu kimi qavraya bildi”

GÜNDƏM 28 okt 2021, 17:05
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana növbəti səfəri də başa çatdı. Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın yeni bir mərhəlisi kimi qiymətləndirilən bu səfərdən hansı mesajlar alındı. 

Azərbaycanlıların və digər Türkdilli  Xalqların Əməkdaşlıq Mərkəzinin  (ATXƏM) sədri İlham İsmayılov səfərin əhəmiyyətini qeyd edərək, bildirdi ki, Türkiyə Prezidentinin işğaldan azad olunmuş ərazilərə bu artıq ikinci səfəridir: “İyunin 15-də Azərbaycanın qurtuluş günündə Şuşaya ilk dəfə səfər edən Ərdoğanın ilk səfərində iki qardaş ölkə arasında Şuşada çox ciddi müttəfiqlik haqqında bəyannamə imzalandı. Bu bəyannamə bütün sahələrdə müxtəlif əməkdaşlıq məsələlərini ehtiva etməklə, həm də dövlətlərdən birinə hücum olarsa, bu hərbi müdaxilənin digər qardaş ölkəyə hərbi təcavüz olması anlamına gəlməsi və birgə hərbi iştirakçılıqla bağlı idi.Türkiyə prezidentinin bir neçə aydan sonra təkrar Qarabağa səfəri, Füzuli Beynəlxalq hava limanının açılışında iştirak etməsi, məhz Şuşa bəyannaməsindən irəli gələn müttəfiqliyin bir daha təsdiqidir”.

İlham İsmayılov qeyd edib ki, Türkiyə prezidenti yeganə dövlət başçısıdır ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edib: “Rəcəb Tayyib Ərdoğanın ötən il dekabrın 10-da Bakıda keçirilmiş hərbi paradda iştirakını da nəzərə alsaq, deyə bilərik ki, ilk növbədə bu səfərlərlə Türkiyə prezidenti bütün dünyaya Azərbaycanın birmənalı şəkildə yanında olduğu mesajı verir. Konkret olaraq, sonuncu səfərində Ərdoğanın iştirakı ilə oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması həm də, noyabrın 8-də Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış Bəyanatın yerinə yetirilməsinin vacibliyinə bir işarədir. Sirr deyil ki, bu dəhlizin açılması bir çox ölkələri, o cümlədən İranı da narahat edirdi. Düşünürəm ki, bu mənada region dövlətləri də, bu anlamlı mesajı olduğu kimi qavraya bildi”.

ATXƏM sədri Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakter daşımasımasının əsas səbəbi tarixi köklərin olması ilə başlayıb: “İki dost-qardaş ölkəni sadəcə hərbi, iqtisadi müttəfiqlik deyil, həm də soy-kök, ortaq tarix, ortaq mədəniyyət bir-birinə bağlayır. Bu gün biz sadəcə müstəqilliyimizin 30 ilinə baxsaq görərik ki, ölkəmizin müstəqilliyini qazandığı ilk günlərdən bu günədək ən ağır vaxtlarımızda yanımızda sadəcə Türkiyə olub. Zaman-zaman bu müttəfiqlik elə bir səviyyəyə çatıb ki, bizlər bir çox məqamda beynəlxalq arenada vahid dövlətlər kimi çıxış etmişik. Artıq dünya dövlətləri də bunu belə qəbul edirlər ki, Türkiyə və Azərbaycan bütün prinsipial məsələrdə eyni mövqe sərgiləyirlər. Təbii ki, Azərbaycan-Türkiyə münasibətlərinə baxanda ən parlaq səhifəni biz 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz islam Ordusunun Azərbaycanda qırğınlar törədən erməni-bolşevik quldur dəstələrinə qarşı olan mücadiləsini xatırlamalıyıq. Keçən əsrin əvvəllərində Cümhuriyyətimizə olan real təhdidlər, həmin əsrin sonlarında yenidən təkrarlananda da yenə də bizim ilk yardımlarımıza gələn, bizimlə birgə olan məhz Nuru paşaların xələfləri, onun düşüncəsini daşıyan Türkiyə vətəndaşları idi. Yəni dünyada müttəfiq olan, birlik və bərabərlik içərinində olan ölkələrə rast gəlmək mümkündür. Lakin Azərbaycan-Türkiyə münasibətləri bu müttəfiqlikdən daha üstündür, çünki bizi tarix, kök, müttəfiqliklə birlikdə, həmdə ortaq faciələr, ortaq düşmənlərin varlığı birləşdirir.   

İlham İsmayılov bu gün regionda Azərbaycan və Türkiyənin əsas söz sahibi ölkələrə çevrilməsinin əsas səbəbi kimi hər iki qardaş dövlətin liderlərinin qətiyyəti, cəsarəti və prinsipiallığlarının olmasını göstərib: “Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik xüsusiyyətləri bütün beynəlxalq tədbirlərdə hər zaman seçilib. Qətiyyətlilik, hadisələrə sərrast və yerində müdaxilə, təmkin və cəsarət iki qardaş lideri birləşdirən xüsusiyyətlərdir. Biz onların qətiyyətli mövqeyini 2009-cu ildə Naxçıvanda Türk  Şurasın yaradılması zamanı da müşahidə etmişik. Bu tarixi hadisələr, Türk Şurası daxilində əməkdaşlıq platformasının genişləndirilməsi sonrakı mərhələdə, lap elə Qarabağ müharibəsinin Zəfərlə başa çatmasında əsas amillərdən biri oldu. Biz dəfələrlə müşahidə etmişik ki, Azərbaycan həlledici məqamlarda, beynəlxalq layihələrdə hər zaman Türkiyənin orda olmasını vacib sayıb, Türkiyəsiz  addım atmayıb. Eyni münasibəti bir qardaş Türkiyənin timsalında da dəfələrlə müşahidə etmişik; Türkiyə hər zaman özünü Azərbaycanın təminatçısı, qardaşı və müdafiəçisi kimi cəsarətlə təqdim edə bilib. Təbii ki, bu prinsipiallıq, qətiyyətli mövqe nümayiş etdirmələri hər iki prezidentimizin liderlik xüsusiyyətlərinin başlıca elementləridir. Odur ki, Azərbaycan və Türkiyə bu gün regionda əsas söz sahibi ölkələrə çevrilə biliblər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top