Gədəbəy sakini arvadı ilə münasibət quran gənci bağışladı — Məhkəmə işi

KRİMİNAL 18 okt 2021, 13:10
Gədəbəy rayonunda 1992-ci il təvəllüdlü Musa Vəliyev münasibət qurduğu qadının həyat yoldaşı Mahirə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın xəbərinə görə, Musa 27 sentyabr 2020-ci ildə, təxminən saat 11 radələrində yaşadığı Gədəbəy rayonu, Novo-Saratovka kəndində qonşusu Mahirin evinin həyətinə gedib. Mahir evdə olmadığı üçün bir qədər onun arvadı Fərqanə ilə söhbət edib. 

Bu zaman həyətə gələn Mahir Musa ilə arvadının söhbət etdiyini görüb və onunla qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı Musa əlində olan vintaçanla Mahirin kürək nahiyəsindən vurub. 

Musa həmin gün saat 18 radələrində yenidən Mahirin  həyətinə gəlib, sonuncudan onda olan özünə aid sənədləri tələb edib. Mahir sənədləri qaytarması üçün 30 manat tələb edib. Həmin vaxt Mahir sənədləri verməyib.

Daha sonra Mahir evlərinin yaxınlığından axan çayın kənarında görüşməyi, 30 manat müqabilində sənədləri qaytarmağı təklif edib. 

Hər ikisi çayın kənarında görüşüb. Orada Musa sərxoş vəziyyətdə Mahiri sənədləri vermədiyinə görə yumruqla, sonra daş parçaları ilə vurub. 

İstintaq orqanı tərəfindən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayır: “Mahir ilə  qonşuyuq. Dəfələrlə Mahirin evində olmuşam. Mənim Fərqanə ilə münasibətlərim yaranıb. Nəticədə Fərqanə Mahirdən ayrıldı və mənimlə ər-arvad kimi yaşamağa başladı. Fərqanə ilə birlikdə bir müddət Bakı şəhərində yaşadıq. Lakin sonradan Fərqanə yenidən kəndə qayıtdı və Mahir ilə yaşamağa başladı. Mahir Bakı şəhərindən mən evdə olmayanda Fərqanənin yanına gəlib. O, həmin vaxt mənə məxsus hərbi biletimi və şəxsiyyət vəsiqəmi də özü ilə götürüb. Bir neçə dəfə Mahirdən mənə məxsus sənədləri qaytarmağı tələb etdim. Lakin o, qaytarmadı. Bununla əlaqədar aramızda mübahisələr oldu”.

Musanın sözlərinə görə, sentyabrın 27-də sənədlərini almaq üçün Mahirin evinə gedib: “Lakin Mahir evdə olmadığı üçün həyətdə Fərqanə ilə söhbət etməyə başlayıb. Bu zaman Mahir gəldi və bizi bir yerdə gördüyünə görə qısqandı. Mənimlə mübahisə etməyə başladı. Mən Mahirdən sənədlərimi tələb etdim. Mahir sənədlərə görə məndən 30 manat pul istədi. Mən əlimdə olan vintaçanla Mahirin yanından yavaşca vurdum və oradan uzaqlaşdım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 18 radələrində Mahirlə telefonda danışıb: “Ona 30 manat verəcəyimi bildirdim, sənədlərini çay kənarına gətirməsi haqqında onunla razılaşdım. Araq və bir qədər yemək aldım, çay kənarına gəldim. Biz yeyib-içdikdən sonra Mahir sənədləri verməkdən imtina etdi. Buna görə mübahisə etdim. Onu yumruq və daş parçası ilə bir neçə dəfə vurdum. Səs-küyə ora Fərqanə gəldi, bizi araladı”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişdən üzr istədiyini, onunla barışdığını deyib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirin bildirdiyinə görə, Musa onun arvadı Fərqanə ilə münasibət yaradıb: “Nəticədə Fərqanə məndən ayrıldı və Musa ilə ailə qurdu, bir müddət onunla birlikdə Bakı şəhərində yaşadı. Lakin sonradan Bakıya getdim, Fərqanəni yenidən evimə gətirdim. Onu gətirərkən paltarların arasında Musanın sənədlərini gördüm və onları götürərək, özümdə saxladım. Musa sənədlərini tələb etdi, sənədləri qaytarmaq müqabilində 30 manat istədim”.

Mahir qeyd edib ki, sentyabrın 27-də, saat 11 radəlrində evə gəlib və Mahiri arvadı ilə söhbət etdiyini görüb: “Qısqanclıq zəminində Musaya iradımı bildirdim. Musa əlində olan vintaçanla kürəyimdən vuraraq, qaçdı. Bundan sonra Musa zəng etdi, sənədlərinin müqabilində mənə 30 manat verməyə razı olduğunu bildirdi, sənədləri çay kənarına gətirməyi xahiş etdi. Saat 18 radələrində çay kənarına gəldim. Lakin Musa 30 manat verməkdən imtina etdiyinə görə, mən də sənədləri vermədim. Buna görə də aramızda mübahisə yarandı. Musa mənə daş parşaları ataraq, xəsarət yetirdi”. 

Mahir qeyd edib ki, Musa hazırda ondan üzr istəyib, onlar barışıblar.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb. 

Musanın zərərçəkmişlə barışmasını nəzərə alan hakim onun barəsində olan cinayət təqibinə xitam verib. Musa cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top