"Ermənistan İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib"

QARABAĞ 15 okt 2021, 13:50
"Təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən istifadə edib".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.

Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi: "Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".

"İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - dövlət başçısı bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top