İran xüsusi xidmət orqanları Azərbaycanda narkotik satışına necə nəzarət edir? — DETALLAR

GÜNDƏM 02 okt 2021, 14:56

Gərginləşən İran-Azərbaycan münasibətləri iki ölkə arasındakı əlaqələri dərindən nəzərdən keçirmək üçün bir fürsətdir. Xüsusilə də, hər ay İrandan daşınan tonlarla narkotikin Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid vasitəsinə çevrilməsi günün ən acı mənzərəsidir və bu problemin aradan qaldırılması dövlətimiz üçün prioritet amil olmalıdır.

Daha lakonik şəkildə ifadə edək: “İran öz milli maraqlarının maddi təminatını həyata keçirmək üçün Azərbaycanda narkotik biznesi qurub”.

Heç şübhəsiz ki, cənubdan Azərbaycana daşınan narkotik maddələr İran xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında həyata keçirilir. Ölkəmizdə qurulan və xalqımız üçün faciəli durum yaradan narkotik biznesi İranın “milli maraqları”nın əsas təminat nöqtələrindən birinə çevrilib. Belə çıxır ki, ağır sanksiyalarla üz-üzə qalan İran düşdüyü zərəri Azərbaycana göndərdiyi narkotik satışından qazandığı yüksək gəlirlər hesabına qarşılayır.

Daha sadə dildə ifadə etsək, İran xüsusi xidmət orqanları və müxtəlif dövlət qurumları məhz bizim maliyyəmiz hesabına ayaqüstə qalır. Sanki biz onları maliyyələşdiririk.

2018-ci ilə qədər 30 il ərzində İranda narkotikə görə 11 min insan edam olunub. Ancaq bir müddət sonra narkotikdən əldə olunan yüksək gəlirlərin sanksiyalar məngənəsində boğulan İranın maddi zərərinin böyük bir hissəsini qarşıladığını dərk edən rəsmi Tehran bunu əsas iş fəaliyyətinə çevririr. Gəlir o qədər yüksək olur ki, narkotik ticarəti İran dövlətinin əsas prioritet istiqamətlərindən birinə çevrilir. Hətta 2016-cı ildə İranın Ədliyyə naziri narkotikə görə edam hökmünün ləğv edilməsinin vacibliyini önə çəkir.

Hələ 2012-ci ildə “Washington Post” qəzetinin yazarı Joby Wiccky yazırdı:

“İran rəhbərləri yerli narkotik maddə qaçaqçılarını edam edir, lakin narkotik maddələrin sərhədin digər tərəfinə keçməsinin qarşısını almaq üçün fəaliyyət göstərmir”.

Amerikalı yazar İranın narkotikə baxışını və mövcud mənzərəni bir cümlədə ifadə etməyi bacarıb. 

Xalqın maraqlarını və əhalinin sağlamlığını narkotik biznesinə qurban verən İranı qarşıda həlli mümkünsüz problemlər gözləyir. Rəsmi Tehran uçurumun kənarındadır. 2020-ci ilin hesabatına görə, İranda 3 milyona nəfər yaxın narkotik istifadəçisi var. Bu da ölkə əhalisinin 5%-ni təşkil edir. Qeyri-rəsmi araşdırmalarda bu rəqəmin 20-25% olduğunu iddia edilir.

İran xüsusi xidmət orqanlarının xüsusi nəzarəti altında ölkəmizə daşınan tonlarla narkotikin buradakı dövriyyəsi də tam nəzarət altında təşkil olunur.

Aparılan araşdırmalar və prosesin təhlili onu deməyə əsas verir ki, Azərbaycandakı narkotik satışı İran xüsusi xidmət orqanlarının müxtəlif formalarda hazırladığı planlar üzrə həyata keçirilir. Cənub qonşumuzun xüsusi xidmət orqanları bağlı qapılar arxasında bu iddiaları inkar etsə də, ancaq narkotik dövriyyəsinin həyata keçirildiyi marşrutların analizi bütün “ip ucları”nı birbaşa İrana aparıb çıxarır.

Bəs biz nə edirik?

İranın ölkəmizdə qurduğu narkotik torunu hörən hörümçəklərə çevrilmişik. Həm narkotiklə genefondumuzu məhv edirik, həm də dolayı yolla qonşu dövlətin xüsusi xidmət orqanlarını maliyyələşdiririk. İran Azərbaycan xalqını ölüm kürsüsünə daşıyır. 

Azərbaycanda narkotik satışından əldə olunan böyük pullar kimlərin cibinə gedir? 

Azərbaycanda narkotik satışından əldə olunan külli miqdarda pullar hara, yaxud kimlərin cibinə gedir? Narkotik biznesi ölkəmizdə çox ciddi rıçaqlara malikdir. Əldə olunan pullar isə sadəcə baş gicəlləndirir. Şübhəsiz, əgər ölkəmizdə narkotik şəbəkəsi himayə olunmasaydı, xalqın milli-mənəvi dayaqlarını sarsıdan bu faciədən çoxdan xilas ola bilərdik. Görünür, ölkəmizə narkotik maddələrin daşınması və satışı ciddi himayəçiliklə həyata keçirilir.

Ölkə həyatının bütün sahələrinə dövlət büdcəsindən külli miqdarda pullar ayrılır. O zaman “alternativ” mənbə kimi narkotikdən əldə olunan gəlirlərinin bu sahələrdə istifadə olunması real görünə bilərmi? Düşündürücü məsələdir. Başqa cür ifadə etsək, əgər narkotikdən gələn gəlirlər hesabına bir çox xərclər qarşılanırsa, o zaman büdcədən ayrılan pullar hara gedir?

Əsas suallardan biri budur: Dövlət narkotik dövriyyəsindən əldə olunan pullarla və bu pulların ölkəmizdə nələrə sərf olunduğu ilə bağlı dəqiq məlumatlara sahibdirmi?

İranın toruna düşərək cəmiyyətin, xalqın və dövlətin sağlam sütunlarını narkotikdən gələn pullar hesabına çirkaba batırmaq yaxın gələcəkdə Azərbaycana arzoulunmaz “hədiyyələr” bəxş edə bilər.

Məsələyə başqa rakursdan da baxmaq lazımdır. Hansısa məmur, yaxud vəzifəli şəxs rüşvət almır, büdcədən birbaşa böyük məbləğdə pullar silmək gücündə də deyil, amma baxırsan ki, hüdudsuz maddi imkanlara, mal-mülkə sahibdir. 

Bir çox şəxslərin qəfil biznesmenə çevrilməsi və onlar haqqında sosial dövriyyəyə “mənim məmur olmamışdan əvvəl biznesim var idi” tezislərini buraxmaq böyük bir himayəçi-narkotik mafiyasının mövcudluğundan xəbər verir. Əvvəllər heç bir ticarətlə məşğul olmayan məmurda hansı əlahiddə istedad var ki, o rüşvət almadan birdən-birə restoranlara, villalara sahiblənir?

Həqiqiliyi şübhə doğurmayan və acınacaqlı daha bir məqam ondan ibarətdir ki, İranın aidiyyatı dövlət qurumlarının məlumatı olmadan ölkəmizə nə narkotik keçə, nə də burada narkotik maddələrin sistemli satışı təşkil oluna bilər.

İran xüsusi xidmət orqanlarında dəqiq məlumatlar var ki, Azərbaycanda narkotik satışını kimlər himayə edir. Eyni zamanda, İran xüsusi xidmət roqanları bu satış prosesinin bütün detallı bilgilərinə sahibdirlər.

2020-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Narkoloji Mərkəz belə iddia edir.

Ancaq qeyri-rəsmi narkotik istifadəçilərinin sayı daha çoxdur.

Məsələn, 2021-ci ilin ilk 3 ayı ərzində əlavə olaraq, 14 329 nəfər narkotik istifadəçisi Narkoloji Mərkəzə yönləndirilib. Xüsusilə də, qadınlar və azyaşlılar arasında narkotik istifadəçilərinin sayının artması vəziyyətin şiddətli hal aldığının göstəricisidir.

İranın narkotikdən əldə etdiyi pulları nəyə xərcləyir?

İran narkotik ticarətindən əldə etdiyi gəlirlərin təyinatı çoxşaxəli və tükürpədəcidir. İran xüsusi xidmət orqanlarının rəhbərləri 2018-ci ildə narkotik ticarətini İran üçün “faydalı iş” adlandırırdı.

Narkotikdən əldə oluna gəlirlərin İrana qarşı yönələn sanksiyalardan az zərərlə çıxmaq üçün istifadə olunmasının vacibliyi ilə bağlı məsələni də ilk olaraq general-mayor Məhəmməd Baqiri səsləndirmişdi. Bu, ABŞ-ın İrana tətqib etdiyi sanksiyalarının ən şiddətli hal aldığı dövrlərə təsadüf edir. “Amnesty İnternational” təşkilatı İranda narkotik istifadəçiləri və cənub qonşumuzun narkotik ticarətindəki “əhəmiyyətli” rolu barədə həyəcan təbili çalmışdı.

İran narkotik vasitələrdən əldə etdiyi gəlirlərlə Suriyada və İraqda terrorçuları maliyyələşdirir. Onların silah-sursat, ərzaq və s. xərclərini ödəyir. Həmçinin, muzdlu şəxslərin “maaşları” da bu yolla ödənilir.

Bundan başqa, İran narkotikdən əldə etdiyi gəlirlərlə Qaabağdakı erməni terrorçularına da yardımlar edir. Elə son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəbi də budur.

İran Qarabağdakı nefaşist erməni terrorçu birləşmələrini ayaqüstündə tutmaq üçün ciddi cəhdlər göstərir, onlara yanacaq, müxtəlif sursatlar, ərzaq məhsulları göndərilir.

Təkcə bu hal onu deməyə əsas verir ki, İranla Ermənistan və Qarabağdakı terrorçu rejim arasında 30 il ərzində böyük narkotik ticarəti mövcud olub. Bu illə ərzində işğal altında saxlanılan Azərbaycan torpaqlarından ermənilərin nəzarəti altında narkotik plantasiyaları kimi istifadə olunub.

Deməli, Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də bütün xalqlar üçün təhlükəyə çevrilən böyük bir narkotik “biznesi”ni məhv edib.

İran Ermənistan vasitəsilə müxtəlif ölkələrə narkotik maddələr göndərməklə terrorçu rejimin də maraqlarını qorumaq iqtidarında olub. Ancaq bütün bunlar 44 gün ərzində tamamilə alt-üst edildi.

Bir neçə il bundan öncə “Washington Post” qəzetində İranın narkotik maddələrin qaçaqmalçılığı məsələsinin Azərbaycan üçün problemli olması barədə analitik məqalə də dərc olunmuşdu.

Hətta Azərbaycan Sərhəd Qoşunları Xidmətinin yüksək rütbəli şəxsi bu qəzetə açıqlamasında İranın Azərbaycana narkotik keçirmək üçün hər dəfə müxtəlif metodlardan istifadə etdiyini bildirmişdi. Təkcə quru sərhədlərimiz vasitəsilə deyil, “balıq tutmaq” bəhanəsi ilə qayıqlar vasitəsilə sərhədlərimizə narkotik maddələr keçirmək istəyən İranın bu “üsulu”da xüsusi nəzarət altına alınmalıdır.

İran xüsusi xidmət orqanları xarici ölkələrdəki əməliyyatlarını da məhz narkotik maddələrdən əldə etdiyi gəlirlər hesabına həyata keçirir.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda rəsmi Tehranın ölkəmizə qarşı davranış qaydalarında da fərqli psixoloji detallar nəzərə çarpır. Sanki ölkəmizdə böyük bir əməliyyatı uğurla başa vurublar və istədiklərinə nail olublar. Bəs söhbət nədən, İranın hansı “uğurlu” əməliyyatından gedir?

Bu, Azərbaycan gənclərinin narkotikdən asılı hala gətirilməsi ola bilərmi?  

Samir Feyruzov

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top