Müzəffər Xalq, Qalib Dövlət kimi, şərəflə yaşamaqdan gözəl duyğu, hiss ola bilərmi?!

GÜNDƏM 27 sen 2021, 13:07
27 sentyabr məğlub xalq sindromundan qurtulma, özünə qayıtma, milli ləyaqətimizin bərpa olunması tarixidir.

Ötən ilin bu günü Qarabağ uğrunda savaşa başlayanda heç kim hadisələrin bu şəkildə gedişatını proqnozlaşdıra bilmirdi.  30 ildə münaqişə ilə bağlı sonu nəticəsizliyə məhkum danışıqlar, ayrı-ayrı tarixlərdə başlanan əməliyyatların bəlli səbəblərdən davam etdirilməməsi elə bir ab-hava yaratmışdı ki, kimsə cəmi 44 günə Şuşanın belə azad olunacağını ağlına gətirmirdi. 30 ilə yaxın işğal dövrünün son illərində bir kəndin və ya hansısa kiçik bir ərazinin azad olunması xəbərlərini eşitməyə, belə demək mümkünsə, adət etmiş xalqın cəmi 44 günə nəinki torpaqlarını azad edəcəyi, dünya hərb tarixinin yeni səhifəsini yazacağı illüziya kimi görünürdü...
 
27 sentyabr günü fərqli başladı. Cəbhədə ilk qələbəyə imza atan Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyev sona kimi gediləcəyini, heç bir kənar qüvvənin ordumuzu durdura bilməyəcəyini bəyan etdi. Bununla belə, kənardan şübhə toxumları səpilirdi; hər gün Azərbaycanın dayanacağı, sona qədər getməyəcəyi iddiaları səslənirdi.

Cəmi bir neçə gündən sonra isə nəinki Azərbaycan cəmiyyəti, bütün dünya tam fərqli mənzərə görürdü. Azərbaycan Ordusu qələbələrə imza atmaqla, dünyaya XXI əsrin müharibəsini nümayiş etdirirdi. Az sonra dünyanın aparıcı ölkələrinin baş qərargahları 44 günlük müharibəni öyrənəcəkdilər...

27 sentyabrda başlanan müharibənin hər gününün Azərbaycan Ordusunun qələbələri ilə davam etməsində Prezident İlham Əliyevin rolu danılmazdır. 44 gündə Prezident İlham Əliyevi cəmiyyət iki formada görürdü: bir hərbi müşavirə keçirən, əməliyyatlara şəxsən rəhbərlik edən, bütün məsələləri dəqiqəbədəqiqə və ən xırda detallarına kimi nəzarətdə saxlayan, müvafiq tapşırıqlar verən hərbi geyimli Ali Baş Komandan kimi, iki mülki rəsmi geyimdə diplomatik və informasiya savaşı aparan Prezident kimi... İlham Əliyev cəbhədəki qələbələri Azərbaycana qarşı informasiya savaşındakı qələbələrlə böyük ustalıqla tamamlayırdı. Dünyanın nüfuzlu KİV-lərinin Azərbaycana marağı fonunda onlar vasitəsilə tarixi həqiqətləri sübutlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırırdı. Aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya, natiqlik, məlumatlılıq, dəmir məntiq nümayiş etdirirdi.  

Cəbhədə döyüşən Azərbaycan əsgəri, arxa cəbhədə dayanan ölkə vətəndaşı əsl ALİ BAŞ KOMANDAN görürdü və onun ətrafında elə birlik yaradırdı ki, tarix belə birliyə ilk dəfə idi şahidlik edirdi. İnsanların yuxarı qaldırdığı yumruq xalqın birlik simvoluna döndü. 44 gündə ermənilərin təxribatları, havadarlarının təzyiqləri mülki şəxslərə qarşı hərbi cinayətləri Azərbaycan xalqını, əsgərini durdura bilmədi. Xalqın həmrəyliyi, birliyi İlham Əliyevin gücünə güc qatdı, erməni havadarlarının bizlərin görə bilmədiyi müxtəlif təzyiqləri nəticəsiz qaldı... 

Düşmənin 30 il ərzində qurduğu müdafiə xətti, güclü və müasir istehkamları darmadağın edildi, ardınca Azərbaycanın düşmən tapdağında olan tarixi əraziləri sürətlə işğaldan azad olunmağa başladı, Şuşa əməliyyatı isə əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi, düşmənin son müqavimətinin sındırılması və onun təslim olması ilə tarixə həkk olundu.

Bu gün 27 sentyabr Anım Gününün milli qürur günü kimi qeyd edilməsi təsadüfi deyil. Azərbaycan xalqı 44 günlük savaşda bir gün olsun belə müharibənin acılarına yenik düşmədi. Qürurla, ruh yüksəkliyi ilə, igidliklə, ləyaqətlə müharibə apardı. Şəhid verdi, amma bütövləşdi, bir oldu.  Ona görə də 44 günlük Vətən müharibəsində qazanılan Qələbə təkcə torpaqların geri qaytarılması deyil. Bu, məğlub xalq sindromundan qurtulma, özünə qayıtma, milli ləyaqətimizin bərpa olunması TARİXİDİR. Bundan sonra Müzəffər Xalq, Qalib Dövlət kimi, şərəflə yaşamaqdan gözəl duyğu, hiss ola bilərmi?! 44 günlük Vətən müharibəsi milli iradənin, milli ruhun, milli ləyaqətin təntənəsi kimi tarixdə əbədi qalacaq!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top