Taksi sürücülərinin COVID-19 pasportunun olması necə yoxlanılacaq?

SOSİAL 23 sen 2021, 18:48

Oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Bəs bu qərarı taksi şirkətləri necə qarşılayır?

Ölkədəki taksi şirkətlərindən birinin direktor müavini Ceyhun Məmmədli  verilən qərarı müsbət qarşıladıqlarını bildirib:

“Dövlət COVID-ə qarşı mübarizə aparır. Taksi də ictimai nəqliyyat olduğuna görə onun sürücüləri daim insanlarla əlaqədə olur. Ona görə də onların peyvəndlənməsi mütləq vacibdir. Bu qərar gözlənilən idi və belə bir addım atılmalı idi”.

Müsahibimiz əməkdaşı olduğu şirkətdə sürücülərin əksəriyyətinin peyvənd olunduğunu qeyd edib:

“Taksi sürücüləri Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alırlar. Düşünürəm ki, COVID pasportu olmayan sürücüyə fərqlənmə nişanı verilməyəcək. Biz də sürücüləri işə götürəndə onlardan VÖEN və fərqlənmə nişanı tələb edirik. Şirkətin nəzdində olan sürücülərin isə artıq 70 %-ə yaxını peyvəndlənib və bu proses hazırda davam edir”.

“Düşünürəm ki, COVID pasportunun olmamasına görə məsuliyyəti şirkət yox, sürücü daşıyacaq. Çünki o peyvəndlənməsə, reydlərdə cəzalanacaq və pasportu olmayan sürücüləri şirkət işə qəbul etməyəcək”, - C.Məmmədli əlavə edib.

Digər bir taksi şirkətinin direktoru Samir Kərimov yeni qərarla bağlı müəmmalı məqamların ortaya çıxdığını qeyd edib:

“Birincisi, sürücünün həqiqətən taksi sürücüsü olduğunu müəyyən etmək olmur. Çünki rəsmi formada götürsək, hər maşının üstünə “şahmat” qoyan taksi sürücüsü deyil. Onun taksi sürücüsü hesab olunması üçün gərək fərqlənmə nişanı olsun. İkinci məsələ odur ki, mən nə qədər araşdırsam da, bu qaydaların hansı qanuna əsasən tətbiq olunacağını tapa bilmədim. Nazirlər Kabinetinin bu istiqamətdə qərarı taksi xidmətlərinin işçilərinə aiddir. Taksi sürücüsü isə fərdi sahibkardır. Bu qərarın ona aidiyyatı yoxdur. Qərarda yazılıb ki, taksi xidməti göstərən müəssisələrin işçilərinin 80 %-dən çoxu peyvənd olunmalıdır. Taksi sürücülərinin hərəsi bir şirkətlə işləyir və onların əksəriyyəti ilə rəsmi müqavilələri yoxdur. Bu məsələ necə tənzimlənəcək? Bu barədə suallar çoxdur”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a verdiyi açıqlamada bildirib ki, fərqlənmə nişanının verilməsi zamanı sürücülərdən COVID pasportu tələb olunmur:

“Bizdə mövcud qaydalara əsasən fərqlənmə nişanı veriləndə COVID pasportu tələb olunmur. Sonradan bu barədə hər hansı göstəriş və ya təlimatın gəlib-gəlməyəcəyini bilmirəm. Hələ ki belə bir məsələ yoxdur. Hələ ki, avtomobilə aid olan sənədlər əsasında fərqlənmə nişanı verilir. Fərqlənmə nişanı şəxsə verilmir, avtomobilə verilir. Ölkədə taksi fəaliyyəti göstərənlərin əksəriyyətinin fərqlənmə nişanı yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top