YapiKredi Müraciət Forması
Özəl Siyasət

Azərbaycan buna imkan verməz — Deputat

Azərbaycan buna imkan verməz — Deputat

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Bütün potensial risklər ölkəmizin hüdudlarından kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir.

Prezidentin qeyd etdiyi "kənardan gələn ideoloji risklər" dedikdə əsasən hansı regional və ya qlobal cərəyanlar, dini və siyasi ideologiyalar nəzərdə tutulur? Azərbaycanın informasiya məkanını bu cür xarici təsirlərdən qorumaq üçün hansı əlavə addımlar atılmalıdır?

Azərbaycan buna imkan verməz — Deputat

Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir sıra strateji əhəmiyyətli məsələlərə diqqət çəkib:

"Xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir, bütün potensial risklər ölkəmizin sərhədlərindən kənardan gəlir, ideoloji risklər fiziki risklər qədər təhlükəlidir. Yeri gəlmişkən, cənab Prezident bu fikri Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilən VIII qurultayında da səsləndirmişdi və qeyd etmişdi ki, ölkəmizə daxildən heç bir təhdid və risk yoxdur. Cənab Prezident bu fikirləri bir daha təsdiqləyərək bildirib ki, təhdidlər yalnız kənardan, ölkəmizin sərhədlərindən kənardan gəlir. Kənardan gələn bu ideoloji risklər və təhdidlər sərhəd tanımır, cəmiyyətə sızdırılır. Məqsəd Azərbaycanda mövcud olan səfərbər olunmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və xalq-hakimiyyət birliyinə xələl gətirmək, vətəndaş itaətsizliyinə səbəb olmaq və elə bir vəziyyət yaratmaqdır ki, Azərbaycanı diktə yolu ilə idarə edə bilsinlər. Bu, qəbuledilməzdir və Azərbaycan buna imkan verməz. Cənab Prezident bu məsələlərə diqqət çəkərək mövzunun aktuallığını bir daha vurğulayıb. Doğrudan da, bu gün ideoloji təzyiqləri daha çox sosial şəbəkələrdə görürük. Xüsusilə dezinformasiya yayan şəbəkələr diqqət çəkir".

Deputat əlavə edib ki, sosial şəbəkələrin bir qismi, əlbəttə ki, hamısı deyil, dezinformasiya yaymaqla məşğuldur:

"Xaricdə fəaliyyət göstərib özünü bloqer kimi təqdim edən, əslində isə milli dönük və milli satqın olan şəxslər var. Onlar Azərbaycan mövqeyi adı altında səhifələr yaradır və ölkəmizə, xalqımıza qarşı təxribat törətmək niyyətlərini həyata keçirməyə çalışırlar. Qərb ölkələrində də belə resurslar yaradılır. Eyni zamanda, bu resurslar ilk növbədə Azərbaycan cəmiyyətindəki birliyi pozmaq niyyəti güdür. Ona görə də, heç şübhəsiz ki, cənab Prezidentin vurğuladığı kimi, biz bu mübarizəmizi yeni metodlarla zənginləşdirməli, təkrarlardan uzaq olmalı, tədbir naminə tədbirlər keçirməməli və şablonlardan qaçmalıyıq.

Hesab edirəm ki, indiki reallıqda bir sıra tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Bu baxımdan, ölkəmizin Milli İdeoloji Təhlükəsizlik Konsepsiyasının hazırlanmasını təklif edərdim. Milli Təhlükəsizlik Konsepsiyamız var, amma o artıq köhnəlib. Bu gün Milli İdeoloji Təhlükəsizlik Konsepsiyasına böyük ehtiyac var. Xüsusilə də anti-Azərbaycan dairələrinin ideoloji təzyiqlərinin əsas hədəfi gənclərdir. Buna görə də gənclərlə iş prioritet olmalıdır. Məktəblərdə və universitetlərdə tənqidi düşüncə, media savadlılığı, rəqəmsal təhlükəsizlik və milli tarix üzrə modullar gücləndirilməlidir. Eyni zamanda, ideoloji risklərin monitorinq sisteminin qurulmasını təklif edirəm. Məqsəd təhlükəli narrativləri və dezinformasiya kampaniyalarını erkən mərhələdə müəyyən etmək olmalıdır. Bu məsələlər çox aktualdır və hesab edirəm ki, bu istiqamətdə fəaliyyətə böyük ehtiyac var".

Müəllif: Fidan Hacızadə

Editor
Redaktor