YapiKredi Müraciət Forması
Özəl Maliyyə

Səhv köçən pulu necə geri almaq olar? — Üsullar açıqlandı

Səhv köçən pulu necə geri almaq olar? — Üsullar açıqlandı

Rəqəmsal ödənişlər və bank köçürmələri gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yanlış hesaba göndərilən vəsaitin geri qaytarılması bəzən ciddi problemə çevrilir. Belə hallarda vətəndaşlar həm pullarını itirmək, həm də bankla uzunmüddətli mübahisə yaşamaq riski ilə üzləşirlər.

Bəs pul səhv hesaba köçürülərsə, onu geri qaytarmaq mümkündürmü və bank hansı hallarda vətəndaşın vəsaitinin geri alınmasına görə məsuliyyət daşıyır?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əgər pul səhv hesaba göndərilibsə, ilk növbədə müəyyən etmək lazımdır ki, səhv kimin tərəfindən edilib.

Səhv köçən pulu necə geri almaq olar? — Üsullar açıqlandı

Onun sözlərinə görə, əgər bank özü pulu səhv hesaba köçürübsə, bu, tamamilə bankın məsuliyyətidir:

"Bank vətəndaşın pulunu ya təyinatı üzrə çatdırmalı, ya da geri qaytarmalıdır.

Yox, əgər vətəndaş köçürmə zamanı hesab məlumatlarını səhv yazıbsa və pul başqa şəxsə çatıbsa, bu halda vətəndaş öz bankına müraciət edərək köçürmənin səhv həyata keçirildiyini bildirməlidir. Fərqi yoxdur, pul kartla, yoxsa digər elektron ödəniş vasitəsilə göndərilib. Vətəndaşın müraciətindən sonra onun bankı vəsaiti qəbul edən şəxsin bankı ilə əlaqə saxlayaraq pulun geri qaytarılmasını tələb edir.

Vəsaiti qəbul edən bank da müştərisi ilə əlaqə saxlayaraq ona pulun səhvən göndərildiyini bildirir və vəsaiti geri qaytarmağı təklif edir. Əgər pulu alan şəxs köçürmənin səhv olduğunu təsdiqləyərək vəsaiti qaytarmağa razılaşarsa, problem həll olunur.

Ancaq həmin şəxs pulun səhvən göndərildiyini qəbul etməzsə və vəsaiti qaytarmaqdan imtina edərsə, pulu göndərən şəxs məhkəməyə müraciət etməlidir.

Məhkəmə prosesində pulu alan şəxsin kimliyinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxır. Çünki bank müştərisinin məlumatları bank sirri hesab olunur və bank bu məlumatları hər kəsə açıqlaya bilməz. Belə olan halda, şəxs məhkəməyə müraciət edərək vəsaiti qəbul edən bankdan müvafiq məlumatların əldə olunmasını tələb edə bilər.

Məhkəmə vasitəsilə pulun kimə köçürüldüyü müəyyənləşdirildikdən sonra iddia həmin şəxsə qarşı yönəldilə bilər. Əgər pulu alan şəxs vəsaiti hansı əsasla saxladığını əsaslandıra bilməzsə, məhkəmə pulun geri qaytarılması barədə qərar qəbul edə bilər.

İkinci suala gəlincə, pulun bank hesabından yoxa çıxması məsələsinə aydınlıq gətirmək lazımdır. Bank vətəndaşın vəsaitini qəbul edir və onun təhlükəsizliyini təmin etməyə məsuldur. Pulun harada itməsi, hansı səbəbdən hesaba çatmaması və ya əməliyyat zamanı hansı problemin yaranması bankın araşdırmalı olduğu məsələdir. Vətəndaş öz pulunu banka etibar edir. Buna görə də vəsaitin aqibətinin müəyyənləşdirilməsi və yaranmış problemin həlli bankın məsuliyyətinə daxildir.

Yəni pulun yoxa çıxması və ya köçürmə zamanı problem yaranması o demək deyil ki, vətəndaş öz vəsaitini itirməklə barışmalıdır. Hər bir halda əməliyyat araşdırılmalı, problemin səbəbi müəyyən edilməli və məsuliyyət daşıyan tərəf buna uyğun cavab verməlidir".

Beləliklə, səhv köçürülən vəsaitin taleyi əks tərəfin vicdanından və ya məhkəmənin qərarından asılı olur, bank isə yalnız öz texniki səhvlərinə görə birbaşa maddi məsuliyyət daşıyır.

Müəllif: Nuray Paşşanlı