"Laçın dəhlizində postumuzun qurulması ilə İran və digər üçüncü ölkələrin vəziyyəti ağırlaşacaq" — İlham İsmayıl

QARABAĞ 16 sen 2021, 15:23
“Azərbaycanın əvvəlcə Türkiyə ilə, daha sonra Türkiyə və Pakistanla hərbi təlimlər keçirməsi insanları müsbət mənada həyəcanlandırdı. Şuşa bəyannaməsinin, ardınca Bakı bəyannaməsinin imzalanmasından sonra təlimlərin keçiriləcəyini gözləmək olardı. Bu təlimlərin Ermənistanı və son vaxtlar ona havadarlığını açıq göstərən İranı narahat etməsi isə təəccüblü deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

O, İranın Azərbaycanın keçirdiyi təlimlərdən narahatlığının qonşu ölkəni çətin vəziyyətə saldığını qeyd edib:

“Bu təlimlər hər üç ölkə üçün böyük əhəmiyyət kəsb edir. Ermənistanın təlimlərdən narahatlığı açıq görünür. Lakin digər məsələ İranın bu məsələdəki narahatlığı və bunu açıq şəkildə bildirməsidir. Xəzərdə Türkiyə ilə birgə keçirilən təlimlərə də İranın ciddi etirazı oldu. İran artıq niyyətini və məqsədini bəlli edib. Amma düşünürəm ki, İran özü də bilmədən Xəzərdəki təlimlərə tez reaksiya verərək, məsələni özü üçün ağırlaşdırdı. Türkiyə Xəzərdə böyük hərbi təlim, sualtı hazırlıq keçmir. Sadəcə, Türkiyənin müəyyən qrup eksperti Azərbaycanın təlimlərində iştirak edir. Bu baxımdan, İranın tez reaksiya göstərərək, özünü çətin vəziyyətə saldığını düşünürəm. Məncə, İranın Azərbaycandakı səfirinin Hikmət Hacıyevlə görüşündən sonra İran tərəfi məsələnin mahiyyətini daha yaxşı anlayıb”.

Ekspert Qarabağa qanunsuz yük daşınmasında İran qədər Rusiyanın sülhməramlı qüvvələrinin də kobud davranış sərgilədiyini bildirib:

“İran Qarabağa qanunsuz yük daşımasını həyata keçirməklə bir səhv edirsə, rusiyalı sülhməramlılar daha kobud səhvə yol verirlər. Düşünürəm ki, İran artıq lazımi cavabı aldı. Gorus-Qafan yolunda postumuz qurulub. Ərazimizə daxil olan bütün nəqliyyat vasitələri və yüklər tam yoxlanılır. Bu, Azərbaycan qanunları çərçivəsində həyata keçirilir. İran artıq vəziyyətin əvvəlki kimi olmadığını anlamağa başlayıb. Lakin biz yaxın dövrdə daha ciddi addımların şahidi ola bilərik. Laçın dəhlizində postumuzun qurulması ilə İran və digər üçüncü ölkələrin vəziyyəti daha da ağırlaşacaq. Sülhməramlılar isə keçən müddət ərazində səlahiyyətlərinə daxil olmayan işlər görüblər. Humanitar yük daşıyıb, məktəb tikiblər. Bu işlər sülhməramlıların fəaliyyətinə aid deyil. Nəticə budur ki, Rusiya münaqişənin və problemin qalmasında maraqlıdır. Bununla da Rusiya özünün Cənubi Qafqazdakı varlığını davam etdirmiş olacaq. Təəssüf ki, sülhməramlılarla bağlı məsələ birdəfəlik tənzimlənə bilmir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top