"“Sülhməramlılar” Azərbaycandan çıxmayınca, separatçılar Xankəndidə at oynadacaqlar"

QARABAĞ 11 sen 2021, 21:19
Azərbaycan müstəqil olduqdan sonra Moskvanın ona “çəp” və ya “köndələn” baxışla baxması artıq adi hala çevrilib. Ümumiyyətlə Rusiya az qala keçmiş Sovet respublikalarına öz daxilindəki subyektlər kimi yanaşmağa bir növ adət edib. Bunu rəsmi Bakının müxtəlif olaylarla bağlı Rusiyaya verdiyi notalara indiyədək heç bir cavabın verilməməsi də təsdiq edir.
 
Bu üzdən Jirinovskinin, Skakovun, Zatulinin və digər rusiyalı şovinist siyasətçilərin ardından, Azərbaycan ərazisində müvəqqəti yerləşən “sülhməramlıların” keçmiş komandiri general Muradovun Mahaçqalada “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşdə, “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”, deməsi Azərbaycan cəmiyyətini heç də təəccübləndirməməlidir. Eyni zamanda, Muradovu əvəzləyən general Mixail Kosobokovun Azərbaycan ərazisində xidmət edəcəyinə əsaslanaraq onun ən azı məntiqlə əvvəlcə Bakıya – Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşə gəlmək əvəzinə, İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi, həmçinin, Rusiyanın Azərbaycanla razılaşdırmadan Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində separatçılara xidmət etmiş generalını Qarabağa sülhməramlı kimi təyin etməsi də, heç kəsdə təəccüb doğurmamalıdır.
 
Ancaq əsas təəccüb doğuran odur ki, Kreml nədən Muradovu bu ilin mayında əvəzləmək istədiyi motoatıcı qoşunları generalı, Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevlə yox, 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirmiş, Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandir müavini olmuş, Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına əsasən, Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edilən, nəhayət Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasına komandanlıq etmiş Kosobokovla əvəzlədi?
Bəri başdan qeyd edək ki, bu, Rusiyanın Azərbaycana qarşı təxribatından daha çox açıq təzyiqi, həmçinin hərbə-zorba gəlməsi deməkdir.
Diqqət edin, Bakı 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən, hazırda haqlı olaraq Rusiya “sülhməramlılarından” Qarabağdakı erməni silahlıların çıxarılmasını tələb edir. Ermənistan tərəfi isə həyasızlıqla adı çəkilən bəyannamənin ilk bəndinə əsaslanaraq, guya birinci bənd Qarabağda erməni silahlılarını saxlamağa əsas verir və onlar yeddi rayondan öz döyüşçülərini çıxarmaqla bəyannamənin dördüncü bəndinə artıq əməl etdiklərini bildirirlər.
 
Əlbəttə, ermənilərin bu həyasız mövqeyi Rusiyaya Qafqazda, xüsusən də Azərbaycana qarşı imperialist siyasət aparması üçün tam sərf edir deyə, Moskva bu mövzunu mübahisəli məsələni kimi qiymətləndirərək, guya, özü vahid mövqe ortaya qoya bilmir və məsələninin öz xeyrinə uzadılması baxımından açıq saxlayır. Çox güman burada, Bakının Moskva ilə rusiyalı “sülhməramlı” qüvvələrinin mandat məsələsində razılığa gələ bilməməsinin əsas səbəbi də məhz elə budur. Halbuki, Moskva öz əlaltılarına üçtərəfli bəyannamənin məntiqi ardıcıllıqla yazıldığını, yəni, 1-ci bəndə əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasının elan olunmasını, bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikasının hazırda tutduqları mövqelərdə qalacağını, daha sonra isə 4-cü bəndə uyğun olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin, hazırda tutduqları mövqelərdə qalan erməni silahlı qüvvələrinin (burada, Qarabağdakı separatçılar da ermənidir) çıxarılması ilə paralel şəkildə yerləşdirilməsini asanlıqla qandıra bilər. Ancaq görünən odur ki, həmişə olduğu kimi bu dəfə də ikibaşlı oyun oynayan Rusiya Azərbaycanın tələbinə məhəl qoymur, bu azmış kimi üstəlik hegemonluqla Bakıdan “sülhməramlıların” mandatının təsdiqləməsini istəyir.  
 
Sözsüz ki, Moskva özünü nə qədər “sıxsa da”, amma Şuşa və Bakı bəyannamələrini heç bir halda həzm edə bilmir. Bundan əlavə, Laçında Azərbaycanla qardaş Türkiyə ordusunun birgə hərbi təlimləri, üstəlik sabahdan başlayaraq 20 sentyabradək Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimlərinin keçirilməsi Rusiyanı yumşaq desək alovlandırır. Bu arada, BMT Baş Assambleyasının 76-cı sessiyasında “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” maddəsinin gündəmə daxil edilməsinin “lehinə” Azərbaycanın da bir sıra ölkələrlə yanaşı səs verməsi Moskvaya heç şübhəsiz ki, əlavə bir od qoydu. 
 
Adətən belə olanda Rusiya Azərbaycanın kənd təsərrüfat məhsullarına qadağa qoymaqla atəşini qismən də olsa söndürür. Bəlkə də elə ona görədir ki, Rosselxoznadzor, dünən Azərbaycandan alınan nektarin və ərik partiyalarında EAEU üzv ölkələri üçün karantin obyekti - qəhvəyi moniliyalı çürük aşkar edilməsi barədə məlumat verdi. Burada ən maraqlısı odur ki, Rusiya bu kimi siyasi olaylar zamanı Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarının içində pomidora, almaya və digər meyvə-tərəvəzə qadağa qoysa da, yalnız xiyara qadağa qoymur... 
 
Əsas mövzuya qayıdaraq sonda onu demək olar ki, Muradov Xankəndidə separatçıbaşı Araik Arutyunla qucaqlaşaraq daha çox humanitar məsələlərin həll olunmasında “işə” yarayırdısa, ancaq Kosobokov Abxaziya təcrübəsi ilə separatçılara hərbi və siyasi müstəvidə daha yaxşı dəstək olacağı baxımından, Rusiya siyasi dairələri onu indiki məqamda Qarabağa göndərdi. Bununla da Rusiya Qarabağla bağlı qara niyyətinin həm də “ağını” çıxartdı. Ancaq Rusiya Azərbaycana “çəp” və ya “köndələn” baxışlarına son qoymalı, Kosobokov isə Azərbaycanı Gürcüstanla səhv salmamalıdır.
 
Əlbəttə, yuxarıda toxunduğumuz məqamlara diqqət edəndə aydın olur ki, Rusiya separatçıları Xankəndidən heç bir halda çıxarmaq istəmir. Bu üzdən də Bakı Rusiyadan öz “sülhməramlılarını” çıxarmaq barədə tələbini indidən dilə gətirməlidir. Çünki rusiyalı “sülhməramlılar” Azərbaycandan çıxmayınca, separatçılar Qarabağda hələ çox at oynadacaqlar. 
 
Müstəqil jurnalist
Mübariz Azərbaycanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top