Deputat: “Sülhməramlıların sayı 1960 olmalı idi, amma 7-8 min nəfərə çatır”


GÜNDƏM 07 sen 2021, 11:52
“Beynəlxalq səviyyəli dövlətlarası münaqişədə sülhməramlılıq missiyasını həyata keçirəcək quruma mandat BMT tərəfindən verilir. Bizdə isə elə olmadı, yəni heç bir beynəlxalq qurum rus sülhməramlılarına mandat verməyib. Sadəcə olaraq üç dövlət arasında olan qarşılıqlı razılaşma əsasında, vasitəçiliyi Rusiya öhdəsinə götürdü. Ancaq təəssüflə qeyd etməliyəm ki, rus hərbi kontingenti sülhməramlı adı ilə ərazimizə daxil olduğu gündən bu günədək sadəcə erməniməramlılıq missiyası həyata keçirir, getdikcə də bu məsələni gücləndirir”.

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. O qeyd edib ki, bu, gizli fakt deyil, nə də biz kiminsə ünvanına şər-böhtan söylənilmir:

“Təbii ki, bu da Azərbaycan tərəfindən böyük narazılıqla qarşılanır. Mən istəmirəm ki, dediklərim Azərbaycan-Rusiya münasibətinə bir kölgə salsın, soyuqluq gətirsin. Lakin həqiqət ondan ibarətdir ki, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti həmin ərazilərdə 1991-ci ilin sentyabrından yaradılmış separatçı rejimə himayədarlıq edir, onunla əməkdaşlıq edir, bu azmış kimi, Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasına şərait yaradır. 

Əgər belə deyilsə, siz vasitəçi dövlət kimi 10 noyabr bəyanatındakı bəndlərə əsasən, ötən 10 ay ərzində zəhmət çəkib cinayətkar qurumu, onlara və Ermənistan dövlətinə aid silahlı tör-tökütüləri ərazimizdən çıxarmalıydınız, bu sizin öhdənizə düşürdü. Amma bunu etmirsiniz, əksinə, dediyim qüvvələrin yeganə təminat-təchizat yolu olan Laçın dəhlizindən onlara silah-sursat, ərzaq, yanacaq daşınmasına şərait yaradırsınız”.

Millət vəkili vurğulayıb ki, Rusiya sülhməramlıları münaqişənin sönməsinə maraqlı deyil:

“Əksinə, alovlanması üçün əlaltından işlər görürlər. Belə olan halda Azərbaycan təbii ki, bunların qarşısını almaq üçün tədbirlər görməlidir və görəcəyik də. 

Hikmət Hacıyev müəllim bu məsələlərə toxunub, yəqin, bizim bilmədiyimiz bəzi məqamlar var. Dövlətlər, dövlət başçıları arasında bu müzakirələr gedir ki, mövcud durumun qarşısı alınsın. Əks təqdirdə həmin qüvvələr Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə mənbəyinə çevriləcək. Çünki bunlar gəldikləri gündən harada erməni varsa, onlara pul, çörək verəcəklərini, məktəb tikəcəklərini deyərək tapıb gətirdilər. Axı bu, sülhməramlının işi deyil. Sənin nə işinə qalıb ki, camaatı ordan- burdan yığıb gətirirsən?  Humanitar yardım adı ilə yüz milyonlarla pul xərcləyiblər. 

Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin - Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, konkret olaraq sülhməramlılıq missiyasına aid olan məsələlər var və bunlar beynəlxalq hüquqda öz əksini tapır:

“BMT-nin müvafiq sənədlərində əks olunub, onlar bundan qırağa çıxmamalıdırlar. İkincisi, belə canıyananlıqla humanitar yardım göstərən, ev-eşik tikən, müharibə dövründə qaçıb gedən erməniləri təzədən oraya yerləşdirəndilərsə, bunu 30 ildə bizə niyə etmədilər? 30 ildir məni ev-eşiyimdən qovublar. Mənim kimi Xocalıdan, Xankəndindən Ağdərədən didərgin düşmüş on minlərlə insan var, bizi niyə qaytarmır, bu 30 ildə bizə niyə humanitar yardım göstərmədi? Mənim evimə niyə ermənini gətirib yerləşdirir? Mən öz doğma yurduma qayıtmaq istəyirəm, sən əgər ədalətli sülhməramlısansa, niyə mənim qayıtmağımla məşğul olmursan? Niyə məcburi köçkünlərin haqqını-hüququnu tapdalayırsan? İndi 10-15 gün ərzində qaçıb gedən cinayətkar, işğalçı erməninin qayğısına qalırsan, amma biz yada düşmürük. Bu ədalətsizlikdir, bizə elə sülhməramlılıq lazım deyil”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top