Rusiya XİN başçısı prezident Putinin iradəsinə qarşı gedir? — SENSASİON AÇIQLAMA

REGİON 05 sen 2021, 10:50
“Rusiyanın sülhməramlı kontingenti gərginliyi azaltmaq və etimad yaratmaq üçün Qarabağda fəaliyyət göstərir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyi görüşdə belə deyib.

Rusiya xarici işlər naziri keçən ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasında Moskvanın həlledici rol oynadığını xatırladıb. Lavrov əlavə edib ki, rusiyalı sərhədçilər hazırda “erməni müttəfiqlərinə azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə” də yardım göstərirlər. İrəvanla Moskva arasındakı münasibətlərə gəlincə, Lavrovun fikrincə, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı çox inamla irəliləyir. “Ermənistan bizim müttəfiqimizdir. Dünən yeni xarici işlər naziri ilə (Ararat Mirzoyan - red.) yaxşı danışıqlar apardıq. İkitərəfli əməkdaşlıq baxımdan çox zəngin bir gündəmimiz vardı: səfər mübadiləsi və böyük layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın inkişafı - bütün bunlar qarşılıqlı inam əsasında davam edir”.

Rusiyalı nazirin Ermənistanla müttəfiq olduqlarını qabardaraq, Azərbaycana qonşumuz deməsi Kremlin son aylar yeritdiyi siyasi xəttin konturlarını bir daha ortaya qoyur. Çünki Azərbaycanı Rusiyanın, sadəcə, qonşusu adlandırmaq Bakı-Moskva münasibətlərini geri çəkmək, dostluq münasibətlərini görməzdən gəlmək deməkdir. Həmçinin bu vaxtadək imzalanmış ikitərəfli sənədləri, eləcə də Azərbaycanın heç vaxt bəzi qonşular kimi anti-Rusiya addımları atmadığını unutmaq deməkdir. Doğrudur, “CNN Türk”ə müsahibəsində Prezident İlham Əliyev də Rusiyanın Ermənistanı silahlandırması mövzusundan danışarkən, belə bir ifadə işlətmişdi. Amma görünən budur ki, bu, məhz Rusiyanın mövqeyidir ki, bunu XİN rəhbəri də dilə gətirdi. O halda, qonşu Rusiya ilə münasibətlərdə nə baş verir? Moskva İrəvanı bir daha özünə dost və müttəfiq elan edərək, Azərbaycanla münasibəti, sadəcə, qonşuluq səviyyəsinə endirməklə nə demək istəyir? Münasibətləri dostluqdan qonşuluq həddə gətirən səbəblər yalnız Ermənistana canıyananlıqdırmı? Yeri gəlmişkən, V.Putin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, deyib və ərazi bütövlüyümüzlə bağlı hər hansı tərəddüdü yoxdur. Belə çıxır ki, onun diplomatı bu kursun əleyhinə çıxır. Lavrov bu bəyanatı verərkən erməni kimliyi ilə danışır, yoxsa məhz Kremlin mövqeyini açıqlayır? Türkiyə ilə hər sahədə strateji əməkdaşlıq Moskvanın qısqanclığınamı səbəb olub?



Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin inkişafına xüsusi önəm verib: “Azərbaycan heç zaman anti-Rusiya mövqeyində olmayıb. Bu gün Azərbaycanda rusdilli media və məktəblər sərbəst fəaliyyət göstərir. Ermənistanın hazırkı hakimiyyəti isə Vətən müharibəsindən əvvəlki dövrdə sırf anti-Rusiya siyasəti həyata keçirirdi. İndi isə özlərini rusiyayönümlü göstərmək istəyirlər. Hazırkı vəziyyət bunu tələb edir. Bir müddətdən sonra ermənilər yenə də Rusiyadan üz çevirəcəklər, bu, birmənalıdır”. Millət vəkili deyir ki, Rusiya tərəfi bu barədə düşünməlidir: “Azərbaycan da 10 noyabr razılaşmasının əldə olunmasında Rusiyanın vasitəçiliyini qəbul edib. Rusiya və Ermənistan tərəfi üzərinə bir sıra öhdəliklər götürüb, bu öhdəlikləri yerinə yetirməlidir”, - deyə, C.Məmmədov əlavə etdi. Deputatın sözlərinə görə, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağa gəlməsinə ona görə razılıq verdi ki, onlar bölgədə sülhə və əməkdaşlığa töhfə versinlər: “Əfsus ki, sülhməramlılar  öz missiyası ilə deyil, separatçılara dəstək vermək, ev tikmək, su daşımaq və mandatına uyğun olmayan digər işlərlə məşğuldur. Bu da təbii ki, Azərbaycan xalqında ciddi qıcıq yaradır”.



Tofiq Abbasov

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, S.Lavrovun anti-Azərbaycan mövqeyi təəccüb doğurmur: “Bəllidir ki, Lavrov özünün milli mənsubiyyətinə, eləcə də XİN-in daxilində erməni lobbisi qrupunun aparıcı bəndi olduğuna görə daim ermənilərə və Ermənistana əlverişli şərait yaratmağa çalışır. Ermənilər Rusiya XİN-in dəhlizlərində elə oyunbazlıqla məşğuldurlar ki, faktiki olaraq biz vaxtaşırı onlarla bağlı qalmaqalların yaranmasını, ümumiyyətlə, onların qeyri-sağlam mövqedən çıxış etmələrini görürük. Burada erməni xisləti yenə də özünü göstərir. Diplomatiya ayrı bir sahədir, orada centlmenlik var,  orada hətta düşmənlər belə, bəzi hallarda həvəslə bir-birinə əl verirlər. Amma ermənilər bütün bu dəyərlərdən, etik normalardan həmişə uzaq olublar”. Politoloq qeyd etdi ki, Lavrov da bu baxımdan özünün erməni məfkurəsinə bağlılığını nümayiş etdirir. Siyasi şərhçinin fikrincə, rusiyalı diplomat hətta Rusiya dövlətinin siyasətinə özünün cılız korrektələrini gətirməyə çalışır: “Məsələn, Vladimir Putin birmənalı deyir ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır. Lavrov isə qayıdıb deyir ki, Azərbaycan bizim qonşumuzdur. İndi biz bunların hansına inanaq? Yəqin ki, Putinin sözünün çəkisi ondan qat-qat üstündür. Birincisi, o, Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlərini dəyərləndirərək və onun sözünə inanaraq, mövqeyinə, yanaşmalarına qiymət verərək deyir ki, Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. İndiki şəraitdə təbii ki, Lavrov  Ermənistan üçün daha münbit və əlverişli şərait yaratmağa çalışır ki, belə vəziyyətdə bu ölkə özünü artıq məğlub tərəf kimi hiss etməsin. Amma bu, belə olmayacaq axı. Bu, istədiyini həqiqət kimi qələmə verir və çalışır ki, Ermənistana nəfəs, dirçəldici, stimullaşdırıcı impulslar versin ki, onları yenidən meydana çıxartsın. Baxın, əslində Rusiya bəyan edir ki, Minsk Qrupunun xidmətlərinə onun heç bir ehtiyacı yoxdur. Düzdür, səfirini üçlükdə saxlayır. Amma açıq-aşkar bildirir ki, bu proseslərin moderatoru mənəm, ABŞ və Fransa razılaşmalıdır. Lavrov isə təbiidir ki, əgər bütün proseslərin hamısına dəyişikliklər niyyətindədirsə, bu, bir şeylə izah oluna bilər: görünür, rəsmi İrəvan, xüsusilə Qərbdə yerləşən erməni diaspor qrupları ona nüfuz edirlər, təsir göstərirlər”.

T.Abbasov bir məsələni xüsusilə xatırlatdı: “Sirr deyil ki, Lavrov artıq neçə ildir işdən getmək istəyir, bir neçə dəfə Putinə bildirib ki, ”mən yorulmuşam!"" Politoloq Lavrovun niyyəti barədə də ilginc məlumat açıqladı. Bildirdi ki, Lavrov vaxtilə ABŞ-ın Nyu-York şəhərində, Rusiyanın BMT-dəki daimi nümayəndəliyində çalışanda bizneslə məşğul olurdu: “Hətta Lavrov Nyu-Yorkdakı gecə və gündüz valyuta birjalarındakı əməliyyatlarda iştirak edib. Mən sizə dəqiq məlumat verirəm, Lavrov qeyri-qanuni və lazımsız əməliyyatlarda iştirak edib, Rusiyanın dövlət vəsaitlərindən həm də dividentlər götürüb. Bu səbəbdən onun həm ABŞ, həm də Britaniyada mal-mülkü var. Lavrovun bir qızı var, bir müddət Londonda yaşayır, bir müddət Nyu-Yorkda. Ola bilsin ki, Rusiya dövlətinin müvafiq qurumlarının bu haqda məlumatları var. Ancaq Lavrovun tutduğu mövqeyə hörmət  əlaməti olaraq bu faktları qabartmırlar. Lavrov indi açıq-aşkar Qərbə köçmək istəyir, fikri bundan ibarətdir. Təsadüfi deyil ki, Rusiyanın sol vətənpərvər qüvvələri bir qayda olaraq və bir ağızdan bidirirlər: əgər dövlət kürsülərində oturmuş əksər məmurların vəsaitləri Qərb banklarındadırsa, onlar hansı milli siyasətdən danışırlar və necə vətənpərvər siyasət yürüdə bilərlər?! Lavrov bu fiqurlardan biridir. Həm də onun aktiv fəaliyyət göstərən erməni lobbisi ilə də münasibətləri var”. T.Abbasov istisna etmir ki, S.Lavrov Qərbə üz tutacağı  ərəfədə erməni lobbisinə xoş gəlmək üçün açıq şəkildə ermənipərəst mövqe sərgiləyir: “Onlara xoş gəlmək üçün belə mövqe sərgiləyir. Yəni ”Mən əlimdən gələni edirəm, hətta artıqlaması ilə. Ona görə də bilin ki, Ermənistanın və dünya erməniliyinin keşiyində duranlardan biri də mənəm". Yəqin ki, istefaya getdikdən sonra o, Qərbdə yaşayacaq. Çox güman ki, məqsədi bundan ibarətdir. Digər tərəfdən, öz qızı üçün gələcəyin platformalarını yaradır ki, lobbi qüvvələri, ermənipərəst dairələr tərəfindən qəbul olunsun". Analitik istisna etmir ki, erməni lobbisi vaxtilə Qorbaçov ailəsini müxtəlif yollarla ələ aldığı kimi, Rusiyanın baş diplomatına da bənzər jest edib.

Maraqlıdır, əgər Lavrov Putinin Azərbaycanla bağlı siyasətinə xələl gətirirsə, ona zidd gedirsə, Rusiya lideri niyə təpki göstərmir? T.Abbasov: “Putin heç vaxt onun ağzından vurmayacaq. Ola bilsin ki, dar çərçivədə ona bəzi məsələləri deyəcək. Ancaq açıq-aşkar bunu heç vaxt deməz. Biz bir daha onların mövqeyinin haçalanmasını görürük. Böyük dövlətlərin siyasətində belə bir prinsip var: yaxşı polis, pis polis. Yəni bu rollar öz aralarında bölüşdürülür. Ancaq Lavrova gəldikdə, o, həqiqətən də Rusiya dövlətinin tərkibində erməni lobbisinin rəhbəridir. Hər halda, o, Smolensk meydanında yerləşən vacib bir nazirlikdə aparıcı şəxsdir, həm sui-istifadə edir, həm də qazanclar da əldə edir. Siyasi aləmdə yaranmış bir dəbdir: əgər xidmət göstərirsə, deməli, bunun müqabilində o, nə isə alır. O baxımdan, mən deməzdim ki, Lavrov müqəddəs bir şəxsdir, millətinin təəssübünü çəkir və buna görə də təmənnasız ona qulluq edir”.
Belə olan halda, iki dövlətin münasibətlərinə balta çalmağa çalışan S.Lavrovun davranışları ilə bağlı Azərbaycanın rəsmi və ya qeyri-rəsmi etirazı hansı formada olmalıdır? T.Abbasov: “Mən elə başa düşürəm ki, bu gün prezident Əliyevlə prezident Putin arasındakı münasibətlərin həm səmimiliyi, həm qarşılıqlı etimad üzərində qurulması belə bir imkan yaradır ki - onsuz da Azərbaycan lideri heç vaxt heç kəsdən heç nəyi gizlətmir - dövlət başçısı öz iradlarını, narazılığını bildirir və bildirəcək. Əgər Lavrov tərəfindən yeni bir mənfi və dağıdıcı imperativlər səslənirsə, bizim prezidentimiz elə məqamları udub, üstündən su içmir. Əksinə, onları qabardır, lazım olan tərəflərin diqqətinə çatdırır və diplomatik səviyyədə olan məsələlər təsirsiz ötüşmür, iz qoyub gedir. Ona görə də bu, dövlət maraqlarına aid məsələdirsə, əlbəttə ki, bizim dövlət başçımız da bu məsələ ilə bağlı özünün prinsipial mövqeyini həmişə Vladimir Putinə çatdırır”.

“Yeni Müsavat”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top