"AFFA-da bir dənə də futbol adamı yoxdur" — Sabiq milli üzvündən SƏRT SÖZLƏR

İDMAN 04 sen 2021, 12:11
“Elxan Məmmədov yaxşı bilirdi ki, Canni de Byazi Azərbaycana gəlsə də, nəticə verməyəcək”.

Bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov Futbolinfo.az saytına müsahibəsində deyib.

Keçmiş müdafiəçi deyib ki, italiyalı məşqçinin məqsədi burada pul qazanmaqdır: “Birinci günahkar Elxan Məmmədovdur, ikinci günahkar isə Canni de Byazi. Məşqçinin özü bunu yaxşı anlayırdı. İtaliyalı məşqçinin məqsədi burada pul qazanmaqdır. 2-3 il Azərbaycan yığmasında gün keçirib gedəcək. Ona görə də əvvəlki müsahibələrimdə də demişdim ki, məşqçi ilə heç nə olmayacaq. Digərləri kimi gəlib min bəhanə gətirəcək. AFFA-da oturan futbol mütəxəssislərini demirəm, çünki onlar maaş aldıqlarına görə Elxanın əleyhinə heç nə danışmırlar, digər mütəxəssislər, azarkeşlər isə narahatdır”.

M. Şükürov həmçinin qeyd edib ki, ən böyük günahkar Elxan Məmmədovdur: “Bircə şey bilir məşqçi ingilis dili bilsin. Ona qalsa, İngiltərə gərək hər il dünya çempionu olsun, Avropa çempionatını qazansın. Bunlar da tutub ki, məşqçilər ingilis dili bilsin, kateqoriyası olsun. Elə buna görə də futbol belə vəziyyətlərə düşüb”.

Sabiq futbolçu AFFA-dakı idarəçilikdən də narazı olduğunu bildirib: “Rövnəq Abdullayev həmişə futbola mənəvi, maddi cəhətdən dəstək olub. Sadəcə, orada Elxan var və o, Rövnəq müəllimə yanlış məlumatlar verir. Hamısının başında duran Elxandı. Nə qədər ki, bu adam AFFA-dadı, Azərbaycan yığmasından heç nə gözləməyin. İşi-gücü kənardan futbolçu gətirib milliləşdirməkdir. Get, Azərbaycanın regionlarında uşaq futboluna dəstək ol da. Get, inkişaf etdir, yığmaya yeni uşaqlar gəlsin, rəqabət olsun, səviyyə qalxsın. Amma o, elə ordan-burdan hazır material axtarır. Təzəlikcə baş məşqçi açıqlama verib hər şeyi demişdi. Millətlər Liqasında biabırçılıq, indi belə. Elxan Məmmədovla baş məşqçi getsə, yaxşı olar. Elxan Məmmədovun futbola heç bir aidiyyatı yoxdur. Düşünsün ki, bir hardan gəlib çıxıb AFFA-ya? Mən demirəm, özü desin. Hansı sahədən gəlib futbolu idarə edir? Nə qədər ki, Elxan, onun yanındakı qocalar, futbola aidiyyatı olmayan yığıb gətirdiyi adamlar ordadır, belə olacaq. Əvvəl AFFA-ya girirdin, futbol adamları görürdün, indi girirsən hamısı qadınlardı, bir dənə də futbol adamı yoxdur. Elə bil ki, hansısa başqa şirkətdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top