Narkotik satışı ilə məşğul olan şəbəkə üzvləri tutuldu — FOTO

KRİMİNAL 28 iyl 2021, 18:54
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qasımov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlkin Mahmudov saxlanılıb.

Saxlanılan şəxs İ.Qasımova narkotik maddə satdığını, özü isə həmin maddəni Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

Polis əməkdaşları narkotik maddə satmaqda şübhəli bilinən Hüseyn Fərman oğlunun yerini müəyyən edərək Şəhər Baş Polis İdarəsinə gətirib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Musayev saxlanılıb.

Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlar üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başladılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top