Vətəndaş cəmiyyətində nə baş verir? — Yeniliklər uğurun açarıdır

GÜNDƏM 08 iyl 2021, 10:20
Son dövrlər hamımız müşahidə edirik ki, vətəndaş cəmiyyəti sektorunda bir canlanma, yeniliklərin tətbiqi, yeni təşəbbüslər və layihələr həyata keçirilir. Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında vətəndaş cəmiyyətinə, və konkret olaraq qeyri-hökümət təşkilatlarının fəaliyyətinə ictimai nəzarət və ictimai iştirakçılıq baxımından böyük önəm verdiyini qeyd etmişdir. Bunun davamı olaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə, onların problemlərinin öyrənilməsi və təkliflərin alınması baxımından son dərəcə əhəmiyyətli görüşün keçirilməsi bir daha Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin yeni formatda və yeni keyfiyyətdə inkişaf etməsində marağında olduğunu göstərdi.

İctimai sektorda əsas müsbət dəyişiklik, Prezidentin imzası ilə QHT-lərə Dövlət Dəstək Agentliyinin yaradılması, Agentliyin Nizamnaməsinin qəbul edilməsi və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi olmuşdur. Prezident İlham Əliyev bununla vətəndaş cəmiyyəti sektorunda yeni dinamika və müsbət dəyişikliklərin hüquqi bazasını yaratmış oldu.

İndi növbə vətəndaş cəmiyyəti təsisatlarının göstərilən etimadı doğrultmaqdır. Son günlər Agentliyin Müşahidə Şurasının üzvlərinin QHT-lərlə silsilə onlayn görüşləri keçirilir. Əsas etibarilə görüşlərdə Agentlikdən gözləntilər müzakirə olunur.

Agentliyin QHT-lərə nəzərən milli donor rolunun onun əsas funksiyası olduğunu nəzərə alaraq, keçmiş təcrübədə tətbiq olunan kütləvilik prinsipindən əl çəkib, keyfiyyətli rəqabət prinsipinə keçmək zamanının olduğunu qeyd etməliyəm. Bu nəinki Agentliyin qrant programlarında, eləcə də QHT-lərə digər növ dəstəyin göstərilməsində (məsələn metodiki, konsultativ və .s) özünü büruzə verməlidir. Yəni Agentliyin məqsədi artıq, sələfi QHT Şurasında olduğu kimi mümkün qədər çox QHT əhatə etmək yox, daha çox sayından asılı olmayaraq, keyfiyyətli və məsuliyyətli layihə icrasına nail olmaq, stabil və dayanıqlı QHT-lərin mövcudluğuna nail olmaqdır. Yalnız bu prinsipin tətbiqi ilə QHT sektoru mahiyyətçə və keyfiyyətçə daha çox inkişaf etdirmək və ən əsası Prezidentin Vətəndaş cəmiyyəti sektorundan gözləntilərinə cavab vermək olar.

QHT-lərin mövcud durumunu səciyyələndirən xüsusiyyətlərdən biri də, təşkilatların maddi-texniki bazasının zəifliyi ilə əlaqədardır. Bu boşluğu aradan qaldırmaq üçün təklif edərdim ki, qrant proqramlarının ilkin mərhələlərində qoyulan qaydalarda təşkilatı və inzibati xərclər, program fəaliyyəti xərcləri ilə müqayisədə üstünlüyə malik olardı. Qrant alan təşkilatlar bu üstünlüklərdən yararlanıb, gələcək mərhələlərdə daha çox birbaşa fəaliyyət proqramlarına tədricən üstünlük verərək, stabil QHT-lərə çevriləcəklər.

Hesab edirəm ki, yuxarida sadaladıqlarımla bərabər Agentlik fəaliyyətində aşağıdakı məsələlərə xüsusi önəm verməlidir:

– QHT-lərin institutsional inkişafı üçün layihələrin təqdim olunması;

– Özəl sektorla QHT-lər arasında şirkətlərin Korporativ Sosial Məsuliyyət proqramları çərçivəsində QHT-Biznes arasında körpü rolunu oynamaq, biznes sektorla birgə qrant layihələri həyat keçirmək.

– Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən hesabatların, təqdimatların yazılmasında QHT-lərin rolunun artırılması və əlaqədar orqanlarla koordinasiya edilməklə, işçi qrup formatında effektiv mexanizm yaratmaq;

– Beyin mərkəzləri və tədqiqat mərkəzlərinin fəaliyyətinə dəstək və müstəqil inkişaf mexanizmlərinin yaradılmasında dövlət-QHT əməkdaşlığını koordinasiya etmək.

Son olaraq onu da qeyd edim ki, Dövlətimizin həyata keçirdiyi islahatlarda, mühüm əhəmiyyətli digər məsələlərdə, Agentlik QHT-lərin çevik müdaxiləsini tələb edən hallarda (məsələn, bəyanat, aksiya, kampaniya və s.) koordinasiya etməklə cəmiyyətdə baş verən bu və ya digər məsələlərə və hadisələrə vətəndaş cəmiyyətinin professional bilik və bacarıqlara malik olduğu sahələrdə konsolidasiya olunmuş şəkildə iştirakını təmin edə bilər.

Ramil İskəndərli
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birlyinin sədri
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top