Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı mümkün ola bilər — AÇIQLAMA

GÜNDƏM 03 iyn 2021, 13:03
“Bildiyiniz kimi, Aİ-95 markalı benzinin bahalaşması ölkədaxili təşəbbüsün nəticəsi deyil. Çünki yüksəkoktanlı benzin ölkə daxilində istehsal olunmur, ölkəyə idxal olunur, yəni beynəlxalq bazarın qiymətlərindən asılıdır. Beləliklə, dünyada neft məhsullarının bu növünün qiyməti artdıqca, Azərbaycanda da qiymət artır, azaldıqca azalır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliklərindən asılılığı azaltmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub: “Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı mümkün ola bilər. Belə olduğu halda, bu benzinin idxalından asılılığımızı azalda və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Dövlət öz siyasətinə uyğun olaraq qiymətləri tənzimləyə biləcəkdir. Azərbaycanda əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 markalı benzindir. Bunlar ölkə daxilində istehsal olduğuna görə, onların qiymətini dövlət özü tənzimləyir. NEZ-da hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur. Modernizasiya nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti AVRO-5 standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Düşünürəm ki, bahalaşma ölkə iqtisadiyyatına təsir etməyəcək. Çünki Azərbaycanda nəqliyyat vasitələrinin əsas istifadə etdiyi yanacaq dizel və Aİ-92 benzindir. Bu da o mənaya gəlir ki, daşımalarda və digər sahələrdə Aİ-95 benzinindən az istifadə edildiyi üçün ərzaq, qeyri-ərzaq və digər məhsulların qiymətində artım gözlənilmir. Ümumiyyətlə, Azərbaycanda yüksəkoktanlı benzinə olan tələbat cəmi 5 faizdir. Aİ-95 markalı yanacaqlardan əsasən mühərrikləri güclü olan bahalı maşın sahibləri istifadə edirlər. Ona görə də, bu markalı benzinin bahalaşması orta təbəqənin gəlirlərinə və ya ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top