Azərbaycan pandemiya sınağından necə çıxır?

GÜNDƏM 01 iyn 2021, 10:01
Dünya ölkələrinin bir qismində koronavirusla mübarizənin ağır mərhələsi demək olar ki, başa çatır. Artıq bəzi Avropa ölkələri daxil, başqa bir sıra coğrafiyalarda da dövlətlərin gördüyü tədbirlər nəticəsində həyat öz axarına qayıtmağa başlayır. Vaksininasiya prosesi başda olmaqla, insanların təmizlik, maska vərdişlərinə alışması nəticəsində xəstəliyə yoluxmalarda azalmalar müşahidə olunur və cəmiyyətlər  tədricən əvvəlki normal vəziyyətə dönür.  Qadağalar yumşalır, ictimai-iaşə obyektləri, satış məntəqələri, əsas ictimai nəqliyyat  vətəndaşların üzünə açılır. Azərbaycan da bu sırada olan ölkələrdəndir...

Mayın son günlərindən ölkəmizdə bəzi məhdudiyyətlər müəyyən qədər aradan qalxıb. Rayonlara gediş-gəliş bərpa olunub. Əsas ictimai nəqliyyat vasitəsi metro uzun fasilədən sonra vətəndaşların ixtiyarına verilib. İri ticarət mərkəzləri iyunun birinci həftəsindən öz qapılarını alıcıların üzünə açmağa hazırlaşır. Məktəblər qismən də olsa, üzbəüz təhsilə qayıdıb. İdmanla məşğul olan insanlar üçün də sevindirici xəbərlər verilib. Bütün bunlar COVİD-19-la mübarizənin ölkəmizdə əhəmiyyətli səviyyəsinin nəticəsində baş verir.  
  
Bəllidir ki, Azərbaycan bir çoxları tərəfindən üçüncü dünya müharibəsi kimi qələmə verilən koronavirusla mübarizəni bir an olsun axsatmadı. Müharibə aparan bir ölkənin bu prosesi uğurla davam etdirməsi heç də asan görünməməlidir. Axı, böyük vəsait həm də müharibə xərclərinə, 44 günlük savaşın vurduğu yaraları sağaltmağa sərf olunub və olunur.   Nəticə budur ki, hazırda Azərbaycan COVID-19 pandemiyasının əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirən və bu sahədə nümunə rolunu oynayan ölkə statusundadır. Bu reallığı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ayrı-ayrı dövlətlərin liderləri açıq şəkildə vurğulamaqdadır. 

Diqqət etsək, Azərbaycanın pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər təkcə ölkə hüdudlarını əhatə etməyib.  Digər ölkələrə də yardım əli uzadılıb və dünyada dövlətlərin bir-birindən təcrid olunmuş vəziyyətə düşdüyü, bütün sferalarda əlaqələrin zəiflədiyi, “özünəqapanma sindromu”na yoluxduğu bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin  müəllifliyi ilə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ciddi töhfələr verilib, güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyəti təbliğ olunub. 

- Prezident İlham Əliyevin təşəbbüsü ilə iki təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşləri videkonfrans formatında təşkil olunub;

- Azərbaycan Prezidentinin digər təşəbbüsü də həyata vəsiqə qazanıb və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib;

- Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib;

- Koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib.

Azərbaycanın böyük dəstək qazanan təşəbbüsləri, addımları bir tərəfdən pandemiya dönəmində dövlətlər və xalqlar arasında kommunikasiyanın qurulmasında, körpünün yaradılmasında mühüm rola malik olub, digər tərəfdən, bütün bunlar ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik reaksiya verdiyinin əyani nümunələridir. 

COVİD-lə mübarizə sahəsində, beynəlxalq miqyasda aparılan işlərlə yanaşı, ölkə daxilində də genişmiqyaslı addımlar atılıb və bunun nəticələri həqiqətən nümunəvi xarakter daşıyır. 

Pandemiyanın ilk günlərindən Azərbaycan dövləti imkanlarını bu istiqamətdə səfərbər edərək, ən qısa zaman kəsiyində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ümumilikdə, ölkədə COVİD xəstələrinin müalicəsi üçün ayrılmış xəstəxana çarpayılarının toplam sayı 10 mini ötən saya çatdırılıb.

Digər ən mühüm istiqamət isə COVİD-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə həyata keçirilən tədbirlərdir. Dövlət xətti ilə bu istiqamətlər üçün təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim olunub və s. 

Sonrakı mərhələdə Azərbaycan dünyada vaksin alan və əhalinin vaksinasiyasına başlayan ölkələr arasında yer alıb. 

ÜST-nin əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış edən Prezident İlham Əliyevin açıqladığı son məlumatlara əsasən, cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlayan Azərbaycanda artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. Hazırda 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilirlər. Peyvənd olunanlara COVİD-19 pasportları təqdim edilir. 

Bu, dünyada vaksinlərin ədalətsiz şəkildə bölündüyü bir şəraitdə baş tutur və Azərbaycan ən çox istifadə olunan hər üç vaksini ölkəyə gətirməyə nail olub. 

Qeyd olunan sessiyada Prezident İlham Əliyev bir daha ölkələr arasında vaksinlərin ədalətli bölünməsinin təmin edilməsi məsələsini önə çəkib, “peyvənd millətçiliyinin” yolverilməzliyini vurğulayıb: “Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdü. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

Azərbaycan Prezidenti bu istiqamətdə davamlı siyasət yürüdərək dünyada vaksin əldə etmək çətinliyi ilə üzləşən əhalinin haqq səsinin mötəbər tribunalardan çatdırır. 

Ölkəmizin ədalətli, məsuliyyətli mövqeyi, həmçinin dünyanın pandemiya ilə mübarizəsinə verdiyi sanballı töhfələr beynəlxalq aləm tərəfindən müsbət dəyərləndirlir. 

Ortada real işlər var və aparılan mübarizənin ölkəmiz üçün uğurlu səmərəsi də ortadadır. Görülmüş müfəssəl tədbirlər sərt karantin rejiminin tədricən yumşaldılmasına gətirib çıxarıb. Gözləniləndir ki, yaxın zamanlarda bir sıra digər yumşaldılma qərarları da verilsin. 

Bu gün Azərbaycan hər iki cəbhədə; pandemiya ilə və müharibədə apardığı savaşda qalib tərəfdir. Dünyadakı mövcud mürəkkəb münasibətlər sistemində olduqca çətin, böyük maliyyə vəsaitləri tələb edən proseslərin uğurla sonuclanmasının arxasında duran ən mühüm faktor Azərbaycanın iqtisadi gücü, yürüdülən düşünülmüş siyasət və onun Liderinin dünyadakı şəxsi nüfuzu, müsbət keyfiyyətləridir. Azərbaycan imkanları hesabına bütün sınaqlardan çıxaraq, özünün inkişafının yeni şanlı səhifəsini yazmaqdadır.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top