DGK sədri Səfər Mehdiyev günahkar ovuna çıxmaqda nəyi hədəfləyib? — ƏTRAFLI

GÜNDƏM 25 may 2021, 09:44
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bizləri təəccübləndirməkdə davam edir. Həm qeyri-adi iş prinsipi ilə, həm də qeyri-adi çıxışları ilə. Və Komitə sədri bu gün öz “prinsiplərinə” sadiq qalaraq bir daha hər kəsi heyrətləndirdi. Yenə günahkar ovuna çıxdı.

Məlum olduğu kimi ötən həftə Bakı Baş Gömrük idarəsinin bir neçə məsul əməkdaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Bu gün isə Baş idarənin daha bir əməkdaşı saxlanılıb. Yada salaq ki aprel ayının əvvəlində Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi Ceyhun Babayev də korrupsiya faktına görə prokurorluq orqanları tərəfindən həbs olunmuşdu.

Baxmayaraq ki, bir vaxtlar Səfər Mehdiyev mətbuat camiəsi qarşısında bəyan etmişdi ki, “Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq… Biz şou düzəltmirik, sadəcə olaraq bəyan edirik ki, nə qədər ki, bu postdayıq, ilin 365 gününü gömrük sferasında korrupsiya ilə mübarizə aparacağıq…”

Səfər Mehdiyevə xatırladım ki, son 2 ayda gömrük orqanlarında 3-cü korrupsiya faktı aşkarlanıb. Amma nədənsə Səfər müəllim dediyini etmir. Nəinki istefa ərizəsi yazmır, əksinə mətbuatın üzərinə gedir. Komitə sədri bu günki açıqlamasında deyir ki. “Çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar”.

Burda deyiblər ey: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Aşkarlanan nöqsanlardan nəticə çıxartmaq, səhvlərini etiraf etmək əvəzinə Komitə sədri ünvansız şəkildə kimlərisə ittiham edir. Az qalır həmyerlisi Nemət Pənahlı kimi deyə ki, “DGK-nı tənqid edən ermənidir”.

Hə, burda məşhur Qıdı kirvə demiş “hoş dedin, eşşəyim yadıma düşdü”.  Mən hər zaman bu qənaətdə olmuşam ki, DGK fəaliyyətdə olduğu müddətdə Azərbaycan xalqına və dövlətinə vurduğu ziyanı heç bir zərərlə müqayisə etmək olmaz. Bəlkə də Ermənistanın son 30 ildə Azərbaycan dövlətinə vurduğu ziyanla bunu müqayisə etmək olar. Fikrimin sübutu üçün xeyli sayda misal çəkə bilərəm. Amma buna vaxt və hövsələ lazımdır. Lakin korrupsiya faktı ilə bağlı yadıma düşən bir neçə məqamı dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bu ilin aprel ayının əvvəllərində Hesablama Palatası bir məlumat yaymışdı. Məlumatda deyilirdi ki, “Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar nəticəsində müəyyən edilib ki, son bir ildə Azərbaycanda 1,1 milyard nağd vəsait çıxarılıb”.

Bu qədər vəsaitin nəqd şəkildə çıxarılması təbii ki, ciddi qanun pozuntusudur. Çünki DGK-nın qaydalarına görə 10 mindən artıq nəqd pulun çıxarılması zamanı bəyannamə yazılmalıdır. Çıxarılan vəsaitin mənbəyi və gələcək istifadə təyinatları açıq şəkildə göstərilməlidir. Lakin Palatanın yaydığı məlumatda bu açıq şəkildə göstərilir ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları bu qaydaları açıq şəkildə pozublar. Yəni qanun pozuntusuna nəyə görəsə göz yumublar. Bu da bizim cəmiyyət üçün başadüşüləndir. Çünki 1,1 milyard manatı Azərbaycandan çıxartmaq iqtidarında olan 3-5 məmur var. Başqa heç kim bu qanunsuzluğa qol qoya bilməz.

Qəribə burasıdır ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı o zaman məlumat yaymışdı. Az qalırdı ki, Hesablama Palatasına yalançı damğası vursun. Guya gömrükçülər hər şeyi “qanun çərçivəsində ediblər. O zamankı yayılan məlumatın məğzi də ondan ibarətdir ki, guya bu qədər vəsaiti nağd şəkildə çıxaran ölkəmizdəki 7 bankdır. Çıxarılan pullarsa Azərbaycanda müştərək fəaliyyət göstərən xarici bankların dividentləridir. Komitənin bu açıqlaması təbii ki, hansısa sıradan bir vətəndaş üçün keçərli ola bilərdi. Amma bank-maliyyə sistemindən başı çıxan ixtiyari adam bilir ki, xarici banklar bütün hesablaşmalarını nağdsız həyata keçirir. Və Azərbaycanda müştərək işlədiyi banklarla da bütün hesablaşmaları nağdsız reallaşdırır. Və əksər Avropa dövlətlərində nağdsız hesablaşma aparmaq sadəcə cinayət sayılır. Ona görə də Dövlət Gömrük Komitəsinin həmin açıqlaması sadəcə iz azdırmaq məqsədi daşıyırdı. Bunun başqa adı yoxdur.

O zaman Mərkəzi Bank (MB) da açıqlama yaydı ki, Hesablama Palatasının hesabatında qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

Çox təəssüf ki, o zaman bu məsələnin üstünə çox gedilmədi, az sonra unuduldu. Amma özünü düzlük mücəssiməsi kimi cəmiyyətə təqdim etmək istəyən DGK sədri normalda Hesablama Palatasını məhkəməyə verməli idi. Ən azından təkzib tələb etməli idi. Lakin bunların heç biri baş vermədi. Çünki təkzib ediləsi bir şey yox idi.

Yada salaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev səsləndirilən fikirlərə qarşı hər zaman aqressiv olub. Xtırladım ki, bu ilin mart ayının əvvəllərində keçirilən mətbuat konfransında demişdi ki, “Gömrükdəki uğurları görməyənlər kordur”.

Bu təhqiramiz ifadəyə görə mən Səfər Mehdiyevi heç zaman qınamaram. Çünki onun bu cür fikir yürütməsi tipik azərbaycanlı qənaətidir. Ona görə ki, bizim çoxumuz ailəmizi dövlət, uşaqlarımızı xalq bilirik. Və bu qəanətdən çıxış edib deyirik ki, bizdə problem yoxdur.

Bu da ondan irəli gəlir ki, bir çox dövlət qurumları ölkə başçısının müəyyən etdiyi hədəflərə çatmaqda və xalqın rifah halının yaxşılaşmasında çox böyük maneədir. Həmin qurumların birincisi də Dövlət Gömrük Komitəsidir. Çünki komitə əməkdaşları və Səfər Mehdiyev hələ də öz vəzifələrini doğru-dürüst bilmir. Elə bilir ki, dövlət büdcəsinə 5-10 manat artıq vəsait köçürməklə vəzifə borclarını yüksək səviyyədə yerinə yetirmiş olur. Amma gömrük vergi yığan orqan deyil. Gömrük ölkənin daxili bazarını qoruyan, yerli istehsalı stimullaşdıran və ixracı təşviq edən bir dövlət orqanıdır. Nə yazıq ki, Səfər Mehdiyev ya bunu bilmir, ya da bilmək istəmir. Evinə həftəlik ərzaq alıb gətirən yetim-yesirin sonuncu qəpiyini qışqırda-qışqırda əlidən alan gömrük orqanları ölkədə sosial narazılıq yaradan ən böyük dövlət qurumudur. Bir neçə gün əvvəl bir dəstə sahibkar DGK-nın qarşısında aksiya keçirdi. Səbəb isə gömrükdəki məmur özbaşınalığı idi.

Bütün bunlardan sonra komitə sədri xalqı kor elan edir. Onun uğurlarını görməməkdə suçlayır. Bu gün komitənin yuxarı eşalonundakı 10 generaldan 9-u Səfər Mehdiyevin ya dostu, ya qohumu, ya da həmkəndlisidir. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu hərəkəti bəlkə Səfər müəllim uğur sayır?

Təkrar edirəm: DGK-nın vəzifəsi vergi toplamaq deyil, ölkə iqtisadiyyatını dirçəltməkdir. Amma komitənin elektron portalında yerləşdirilən məlumatlar bunu demir. Məsələn, ötən il Azərbaycandan 13 milyard 740 milyon 567 min dollarlıq məhsul ixrac edilib. Əvəzində ölkəmizə 10 milyard 730 milyon 720 min dollarlıq məhsul idxal olunub. Nəticədə 3 milyard 9 milyon 847 min dollarlıq müsbət saldo yaranıb (!). Amma…

Bax, işləri korlayan bu ammadır. Çünki ixrac etdiyimiz məhsulun nə az, nə çox, düz 11 milyard 889 milyon 300 min dollarlıq hissəsini və yaxud 86,53 faizini xam neft təşkil edib. Təkrar edirəm, xam neft haaa…

Qeyri-neft sektoru üzrə ixracın həcmi ötən il 1 milyard 851 milyon 266 min manat və yaxud 13,47 faiz olub. Göründüyü kimi, qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində çox böyük (500 faizdən çox) mənfi saldo yaranıb. Onu da əlavə edim ki, 2019-cu ildə gömrük orqanlarından büdcəyə 4 milyard 408 milyon 624 min manat daxil olmuşdusa, bu il bu rəqəm 3 milyard 938 milyon 242 min manat olub. Göründüyü kimi, büdcə daxilolmaları son bir ildə 500 milyon manat azalıb. Bunun harası uğurdur, ay Səfər Mehdiyev.

Amma nə olsun,.. Səfər Mediyev bu rəqəmləri bir kənara atıb pafosla danışmaqda davam edir. Bu günki bəyanatında deyir ki, “Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq”.

Bu yerdə məşhur ifadə yadıma düşür: “Nəynən a, Cəbrayıl, nəynən?…” Bu gedişlə DGK sədri ancaq öz qohum-əqrəbasının sosial həyatının yaxşılaşmasına töhvə verə bilər. Azərbaycan dövləti və xalqı ilə isə onun işi olmasın. Xalqın da ,dövlətin də qayğısına qalan var. Bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Səfər Mehdiyevin dedikləri isə türklər demiş:”yalnız təfərrüatdır”.(konkret.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top