Növbədə Qazaxın icra başçısıdır?


GÜNDƏM 10 may 2021, 16:05
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi göstərdi ki, bəzi icra başçıları korrupsiyaya qarşı mübarizə tədbirlərini ciddiyə almır.

Alimpaşa Məmmədova qədər 4 icra başçısı həbs edilib. Bundan başqa, DTX iki mərkəzi icra hakimiyyətində - Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyat keçirib. Adıçəkilən qurumun vəzifəli şəxsləri tutuqlanıb. Məntiqlə icra başçıları və digər vəzifəli şəxslər bu həbslərdən nəticə çıxarmalı idi. Biz hələ Prezident İlham Əliyevin heç kimə güzəşt olunmayacağı barədə xəbərdarlıqlarını demirik. Bütün bunlara baxmayaraq, hələ də köhnə qaydalarla işləyən məmurlar var. Alimpaşa Məmmədovun həbsi də buna misal ola bilər. Lakin o, tək deyil. Alimpaşa Məmmədov kimi icra başçıları hələ də vəzifədədir. Məsələn, mediada xüsusilə Bərdə və Tərtərin icra başçıları haqqında tənqidi materiallar gözlərimizi qabar edib. Təsadüfi deyil ki, DTX hər dəfə hansısa icra hakimiyyətində xüsusi əməliyyat keçirəndə sosial şəbəkə istifadəçiləri  “çekistlər”i Bərdə və Tərtərə də dəvət edirlər.

Alimpaşa Məmmədovun həbsindən sonra isə belə iddialar səsləndirilir ki, növbədə məhz bu rayonların icra başçılarıdır. Bu barədə mediada da məlumatlar yayılıb. Ancaq onu da qeyd edək ki, anti-korrupsiya aktlarından nəticə çıxarmayan icra başçılarından biri də Qazaxın rəhbəri Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır.

İddialara görə, Hərbi Komissarlığın binası “Abu-Life” Ticarət Mərkəzinin sahibinə satılıb. Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var.

Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb. Amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.

İnternet resurlarında araşdırma apararkən Rəcəb Babaşovun başqa qanunsuz əməlləri barədə də saysız-hesabsız materiallara rast gəlinir.(hit.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top