"Sülhməramlılar Qarabağdakı erməni terrorçularına qarşı lazımı iş görmürlər" — Deputatlardan ETİRAZ

QARABAĞ 28 apr 2021, 20:55
Ziyafət Əsgərov: "Minalı ərazilərin xəritələrini verməməsi Ermənistanın növbəti cinayətidir"


İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi davam edir. Bir neçə gün əvvəl Rusiyanın iki sülhməramlı hərbçisi Qarabağda yaralanıb. Hərbçilər onları daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində yararlanıblar. Ermənilərin otuz il ərzində bu ərazilərə basdırdığı minalardan yalnız azərbaycanlı hərbçilər deyil, həmçinin sülhməramlı qüvvələr də əziyyət çəkirlər. Bu məsələdə, ermənilərin minalanmış ərazilərin xəritəsini verməməsi də böyük rol oynayır.

Rusiyalı sülhməramlı hərbçilərin minaya düşməsi, həmçinin xəritənin verilməməsi ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik. 



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Demokrat.az-a açıqlamasında minalanmış ərazilərin xəritəsinin verilməsinin beynəlxalq qurumların səlahiyyətində olduğunu bildirdi:

"Bu barədə dəfələrlə bildirmişik ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Onların bu xəritəni verməməsi də bir cinayətdir. Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlayan Ermənistan bu əraziləri minalayıb və etdikləri cinayətin qarşılığını ödəməlidir. Əlbəttə, Azərbaycan bu ərazilərin minadan təmizlənməsi işlərini həyata keçirir, amma bu, çox uzun prosesdir. Sülhməramlıların da minaya düşərək yaralanması bir daha sübut edir ki, Ermənistana ciddi təzyiqlər edilməlidir. Xüsusilə Minsk qrupu, beynəlxalq ictimaiyyət və BMT bu barədə ciddi işlər görməlidir. Azərbaycanın dinc vətəndaşları bu ərazilərdə həlak olurlar. Ermənistan tərəfinin xəritələri verməməsi növbəti cinayətdir. Biz bu xəritələri tələb edirik, tələb etməyə davam da edəcəyik. Düşünürəm ki, beynəlxalq ictimaiyyət və təşkilatlar da, xüsusilə Minsk qrupu ölkələri Ermənistan üzərində təzyiqləri artırmalıdırlar".

Millət Vəkili bildirdi ki, Azərbaycan bu xəritələri qarşı tərəfdən almaq üçün lazım olan işləri həyata keçirir:

"Biz bu məsələylə bağlı beynəlxalq qurumlara da müraciət etmişik. Bu işlə birbaşa həmin təşkilatlar məşğul olmalıdırlar. Bizim gördüyümüz və görə biləcəyimiz iş bundan ibarətdir".



124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov isə bu məsələdə əsas işin sülhməramlı qüvvələrin və təmsil etdikləri dövlətim üzərinə düşdüyünü bildirdi:

"Sülhməramlılar hazırda öz vəzifələrindən daha çox erməniməramlılıq edirlər. Təbii ki, hansısa şəxsin minaya düşməsinə görə mən də təəssüflənirəm, amma bu, bir tərəfdən də göstərdi ki, qoy onların özləri də, təmsil etdikləri dövlət də, həmçinin bütün beynəlxalq ictimaiyyət də, digər dövlətlər də inansınlar ki, ermənilər bu otuz ildə otuz milyondan çox mina basdırıblar, necə cinayətlər törədiblər. Bu baxımdan, rusiyalı sülhməramlıların minaya düşməsi həm də bir sübutdur. 

Digər tərəfdən, həmin sülhməramlılar öz missiyalarına aid olan işlərlə məşğul olmalıdırlar. Həmin ərazilərdə ermənilərə evlər, tibb məntəqələri tikmək, separatçı qurumun rəhbəri ilə oturub-durmaq onların işi deyil. Onlar azad etdiyimiz ərazilərdə qalan qeyri-qanuni silahlı birləşmələr, terrorçu qruplara qarşı lazım olan işi görmürlər, əksinə onların orda qalmasına şərait də yaradırlar. Sülhməramlılar ora gəldikləri gündən minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb etməli və almalı idilər. 



Onlar sözdə yox, əməldə Ermənistandan bu xəritələri tələb etsələr, ala bilərlər. İndi beynəlxalq qayda-qanun var, beynəlxalq konvensiyalar var, müharibədə məğlub olmuş tərəf həmin ərazilərdən çıxanda minaladığı yerlərin xəritəsini verməlidir. Buna müvafiq beynəlxalq qurumlar və sülhməramlılıq missiyasını üzərinə götürən dövlət cavabdehdir. Onlar isə bunu etmirlər, elətdirmirlər. Ona görə də, özləri belə minaya düşür və zərər çəkirlər. Düşünürəm ki, bu hadisədən sülhməramlılar və onların təmsil etdiyi dövlət nəticə çıxarmalıdır. 2020-ci ilin noyabr ayının 10-dan - məlum bəyanatın imzalandığı gündən görün nə qədər müddət keçib?! Sülhməramlı qüvvələrin bir missiyası da ondan ibarət idi ki, Azərbaycan torpaqlarında qalan Ermənistan silahlı qüvvələrinə məxsus silahlı birləşmələri, həmçinin tanınmayan separatçı cinayətkar quruma aid olan quldur dəstələrini bu ərazilərdən çıxarsınlar, oranı hərbisizləşdirsinlər. Ancaq onlar bu günə kimi bunun heç birini etməyiblər".

Deputatın sözlərinə görə, Azərbaycan bu məsələdə üzərinə düşən bütün işləri həyata keçirib:

"Minalanmış ərazilərin xəritəsinin verilməsi məsələsi ilə bağlı BMT başda olmaqla beynəlxalq səlahiyyətli qurumlar var. Azərbaycan onların qarşısında öz tələbini irəli sürüb. Onlar beynəlxalq konvensiyalara uyğun olaraq Ermənistanı məcbur etməlidirlər. Dünyanın ən nüfuzlu qurumu sayılsa da, məncə BMT çoxdan bu nüfuzunu itirib. Onlar 27 ildən artıq bir müddətdə qəbul etdiyi qətnamələr icra olunmadı. Mina xəritələrinin verilməsi də belə məsələdir. Dünyanın ən boyük qurumunun, yaxud ATƏT-in Minsk qrupunda təmsil olunan üç həmsədr ölkəsi bu cırtdan, məğlub olmuş, hər cəhətdən böhran vəziyyətində olan ölkəyə gücləri çatmır? Təbii ki, çatır, amma etmirlər. Ermənistanı buna məcbur etmək lazımdır. Azərbaycan iyirmi yeddi il ərzində onların etmədiyini 44 gün ərzində etdi. İndi biz tələb edirik, Ermənistan isə bu xəritələri vermir, inanın ki, versələr belə, səhv xəritə verəcəklər. Biz o əraziləri minalardan təmizləyəcəyik, öz işimizi də görəcəyik, amma hörmətsiz, riyakar yenə dövlətlər, o qurumlar olacaq".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top