Təmas Qrupunun nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış oldular

QARABAĞ 06 apr 2021, 22:39
Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

Trend-in məlumatına görə, Təmas Qrupuna daxil olan doqquz ölkənin nümayəndəsini Prezident Administrasiyasının məsul əməkdaşı Fərhad Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müşayiət ediblər.

Səfərin məqsədi Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo və Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir jurnalistlərə açıqlamalarında erməni terrorunu sərt şəkildə qınadıqlarını bildirib, dinc azərbaycanlı əhalinin məqsədli şəkildə hədəf alınmasının insanlıqla bir araya sığmadığını diqqətə çatdırıblar. Onlar İƏT-in daim Azərbaycana dəstək olduğunu və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top