Bakıda xəstəxanada pasiyentləri itlər müalicə edir: “Hazırda xəstələrlə 11 itimiz işləyir” (FOTO)

MÜSAHİBƏ 28 mar 2021, 20:34
İtlərlə müalicə - yəni kanisterapiya dünyada geniş yayılıb. Nə qədər qəribə səslənsə də bu müalicə üsulunda xəstələri itlər müalicə edir. Ölkəmizdə 1 saylı Respublika Psixioterapiya xəstəxanasında bu müalicə üsulundan çox istifadə edilir.
 
Xəstəxananın həkim-psixiatrı Ayşən İsgəndərova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Ayşən xanım, sizin 1 saylı Respublika Psixiatriya xəstəxanasında itlərlə müalicə üsulu tətbiq olunur. Bu müalicəni ölkəmizdə ilk siz tətbiq etmisiz. Məqsədiniz nə idi?
 
- Bu kanisterapiyanı (itlərlə müalicə üsulu) bizim xəstəxanamızda tətbiq edəndə əvvəlcə heç bir məqsədim yox idi. Çox anidən baş verdi. Biz kollektivlə iş arxasınca getmişdik, yolda mənim qarşıma bir balaca it balası çıxdı. Mən sözün düzü ondan qorxub çəkindim ki, küçə itidir, onu qovmağa başladım. Lakin mənim bu itə çox yazığım gəldi, çünki heyvan heç yerə getmirdi, gözü ilə mənə baxırdı. Qərara gəldik ki, biz bu balaca iti bir-iki günlük şöbəmizə gətirib, ona yem verək, bir az özünə gəlsin. Çünki çox arıq idi. Bu heyvanı şöbəyə gətirdik, qulluq etdik və bir həftə sonra mən pasiyentlərdə bir dəyişiklik hiss etməyə başladım. Gördüm ki, pasiyentlərimizin hamısı heyvanla maraqlanır, biri gəlib soruşur, o biri gedir, bu cür müşahidələr etdik. Mən gördüm ki, bizim pasiyentlərimiz çox sevinir  və bir həftədən sonra qərar verdik ki, bu iti şöbə daxilində saxlayaq. Mən bundan sonra internetdə baxıb maraqlandım ki, ola bilərmi ki, adi bir heyvan insanların ruhi vəziyyətinə təsir etsin? Mən bu metodikanı internetdə aşkarladım və gördüm ki, bu xüsusən də ruhi xəstələrə çox müsbət təsir göstərir, bunu başladım yavaş-yavaş öz xəstəxanamızda tətbiq etməyə. Bizim cəmiyyətdə ruhi xəstələri adi xəstələrdən ayırırlar və həmçinin də sahibli itlərlə, sahibsiz itlərə münasibət eyni deyil. Buna görə də düşündüm ki, bu iki kontingent bir-birinə mütləq şəkildə kömək, dayaq və sevgi verməlidir, ona görə də bu metodikanı yaratdıq. Hal-hazırda bu iki kontingent bir-birinə kömək edir, özlərini tənha hiss etmirlər. Artıq onlar dostdurlar, sirdaşdılar. Heyvan ruhi pasiyenti, ruhi pasiyent də heyvanı necə varsa elə də qəbul edir.
 
- İtlərlə müalicə üsulundan daha çox kimlər yararlana bilər?
 
- Kanisterapiyadan bir neçə qrup pasiyentlər müalicə alır. Məsələn ürək-damar sistemində problemi olanlar, kimdəsə infarkt varsa, xüsusilə də yaşlı pasiyentlərə bu metodika yaxşı təsir göstərir. Bu cür pasiyentlərdə fiziki reabilitasiya çox yaxşı olur. O insanların daim təmiz havada itlərlə təmasda olmaları mütləqdir. Xüsusən bizim ruhi pasiyentlərimiz kanisterapiya müalicə qrupuna daxildir. Belə pasiyentlərin ümumi emosional fonu yaxşılaşır, bizim pasiyentlərin həmçinin də ünsiyyət bacarığı çox kasaddır, bu baxımdan kanisterapiyanın rolu böyükdür. Bundan başqa itlərlə müalicə üsulu şizofreniya, alkoqolizm, depressiya və travmadan əziyyət çəkən xəstələrə tətbiq olnur.
 
- İnsanlar itlərlə necə müalicə alır?



- Bu növ müalicə üsulu psixoterapevtik müalicəyə aiddir. İtlərlə müalicə pasiyentin reabilitasiyasına və sosial adaptasiyasına kömək edir, bundan əlavə də qeyd etdiyim kimi emosional fonu yaxşılaşdırır. Həkimə və tibb işçisinə kömək edən heyvan yəni it  sakit temperamentə malik olmalıdır, aqressiyaya meylli olmamalıdır. Həmçinin  də pasiyent öz istəyi ilə, heyvanlardan qorxmamaq şərtilə bu terapiyaya cəlb olunur. Bu əsas amillərdir. Pasiyentlə itin ünsiyyəti əsasən nədən asılıdır? Onlar birgə oyunlar oynaya bilərlər və yaxud pasiyent onu sığallaya, daraya, yem verə bilər. Hətta ilk günlərdə pasiyent heyvandan çəkinə bilər, çünki onlar bir-birlərinə öyrəşməlidir. Kənardan kimisə müşahidə edə bilər. Tədqiqatlar onu da göstərir ki, itləri kənardan müşahidə etmək insana müsbət əhval-ruhiyyənin qayıtmasına kömək edir. Ümumiyyətlə çətin emosional vəziyyətlərdə, krizis vəziyyətlərində itlərlə əlaqə insanı çox sakitləşdirir, insanın psixi vəziyyətini normallaşdırır. Bundan əlavə itlərlə müalicə motivasiya verir, insanın hərəki aktivliyini yaxşılaşdırır. 
 
- Bu müalicə üsulunun müsbət göstəriciləri varmı?
 
- Bəli, müsbət göstəriciləri var. Heyvanlarla müalicə pasiyentlərdə xəstəliklə bağlı yaranan ümidsizliyin və depressiyanın üzərində qalib gəlməyə kömək edir. Bundan əlavə heyvanların pasiyentlərlə ünsiyyətində dostluq yaranır. Həmçinin də pasiyentlərin pasiyentlərlə ünsiyyəti daha da yaxşılaşır, dostcasına bir mühit yaranır. 
 
- Bəs indiyə qədər hansı diaqonuzlu xəstə müalicə alıb? Sayını bilmək olar?
 
- İndiyə qədər 60-dan çox pasiyent bu müalicə üsulundan yararlanıb. Diaqnozlar müxtəlif olub, məsələn şizofreniya, alkoloqilizmdən əziyyət çəkən pasiyentlər, orqanik psixi pozuntusu olanlar, şəxsiyyət pozuntuları, ümumiyyətlə müxtəlif pozuntularda pasiyentlər bu metodikadan yararlanıb.
 
- Müalicə üsulunu gələcəkdə genişləndirmək istərdiniz?

 
- Biz artıq fəaliyyətimizi genişləndirmişik. Əgər bu müalicəyə başlayanda terapevtik itlərimizin sayı 3-4 idisə, biz kimsəsiz itlər üçün sığınacaq tikmişik, hal-hazırda bizim sığınacaqda 11 kimsəsiz heyvan, daha dəqiq desək it xidmət edir, pasiyentlərlə işləyir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top