Türkiyə-Azərbaycan-Türkmənistan zirvəsinin pərdəarxası — Ermənistana bəd xəbər

SİYASİ 25 fev 2021, 16:18
Azərbaycanın baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri  və 11 mühüm sahəni özündə ehtiva edən sazişlərin imzalanmasından sonra qardaş ölkədə hadisə sayıla biləcək daha bir görüş keçirildi. Bu dəfə Azərbaycan, Türkiyə və Türkmənistanın baş diplomatları bir araya gəldilər.

Belə ki, Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Ceyhun Bayramov və Rəşid Meredovun beşinci üçtərəfli görüşündə dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub. Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər. Yekunda isə üçtərəfli görüşə dair qəbul edilən bəyanatla əlaqədar nazirlər saziş  imzaladı. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankara səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həmçinin Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb. Baş katiblə görüşdə tərəflər 2021-ci il martın sonunda keçirilməsi planlaşdırılan Türk Şurası Zirvə görüşünə hazırlıq işləri və bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan müntəzəm zirvə də daxil olmaqla, yaxın gələcəkdə reallaşacaq mühüm tədbirləri müzakirə ediblər.

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü  keçirilib – VİDEO | 7-gun.com

“Bu gün biz həm ikitərəfli formatda geniş müzakirələr apardıq, həm də üçtərəfli formatda maraqlı müzakirələrimiz oldu”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri mediaya açıqlamasında bildirib. (APA) Nazir deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə  inkişaf edir: “Liderlərimizin bilavasitə iştirakı ilə bu münasibətlər günü-gündən artır.  Türkiyə Respublikasının Prezidenti başda olmaqla, bütün Türkiyə cəmiyyətinin 44 günlük savaşda Azərbaycanın yanında olduğuna şahidik. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.

Şirkətlərimiz Xəzər dənizində əməkdaşlığa hazırdır” - Çavuşoğlu

Nazirlərin görüşü zamanı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Ermənistana və Gürcüstana da mesajları olub. “Bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı qələbəyə görə təbrik edirəm. Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var”, deyən cənab Çavuşoğlu bildirib ki, Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. “Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq.Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”, - deyə XİN başçısı vurğulayıb.  Nazir vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıtdılar: “Qarabağda, xüsusilə Ağdam və digər 7 rayonun bərpası, tarixi, dini, mədəni abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana əlimizdən gələn dəstəyi verəcəyik”.

Qeyd edək ki, ötən həftə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin Bakıda keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü Tiflisdəki hökumət böhranı səbəbindən təxirə salınmışdı. Ancaq belə görünür ki, Ankara Tiflislə əməkdaşlığın inkişafında da maraqlıdır. M.Çavuşoğlunun “3+3" platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq. Ümid edirik ki, Gürcüstan ”3+3" platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq", bəyanatı da bundan xəbər verir.

Beləliklə, bölgənin əsas aparıcı dövləti Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti, digər qonşularla da əməkdaşlığa maraqlı olması, hətta Ermənistan üçün “yaşıl işıq” yandırılmasının şahidiyik. Ermənistan üçün əməkdaşlıq formatlarında daha bir türk dövlətinin Türkmənistanın iştirakı bəd xəbər sayıla bilər. Xüsusilə də kommunikasiyaların açılması şəraitində “Turan xətti”nin işə düşəcəyindən əndişələnən İrəvanın alternativinin olmadığı da məlumdur, deməli, türk dövlətlərinin, eləcə də Azərbaycana önəm verən digər qonşuların əməkdaşlığı şəraitində dalandan çıxmaq üçün yaradılan şansdan istifadə etməyə məcburdur.

Türkmənistanla Azərbaycanın uzun illərdən sonra həllini tapmış məsələ - “Dostluq” yatağı ilə bağlı imzalanmış sənədin ratifikasiyası da məhz Ankarada görüş keçirildiyi zaman Azərbaycan parlamentində reallaşdı. Milli Məclisin 23 fevral iclasında sədarətin və komitə sədrlərinin sənədlə bağlı mövqe ifadə etməsindən sonra geniş müzakirəyə ehtiyac duyulmadan sənəd təsdiqləndi. Sözügedən razlaşmanı Türkiyə dövlətinin məmnunluqla qarşılaması, Çavuşoğlunun bu ortaq layihəni dəstəkləyən bəyanat verməsi nədən doğur? Demək olarmı ki, Türk dövlətlərinin ittifaqı Orta Asiya cümhuriyyətlərini də içinə alır? Yoxsa Orta Asiyanın türk dövlətləri, əsasən də Türkmənistan vasitəsilə Türkiyə və Azərbaycan yeni coğrafiyalara və bazarlara çıxışmı əldə edir? Ankaradakı görüş haqda rəsmi və quru xəbər. Bəs bu görüşün pərdəarxası, ya da gerçəyi nədir?

Fikrət Yusifov: Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq  istəyirsə, onu çökdürən bu müharibəni dərhal dayandırmalıdır » Azim.az

Fikrət Yusifov: “XXI əsr TÜRK ƏSRİ OLACAQ və Türk dünyası bu gün artıq bu olacağın başlanğıcındadır”

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Bakı-Ankara əməkdaşlığının daha geniş müstəvidə davam etməsindən məmnunluğunu ifadə etdi:  “Türkiyə - Azərbaycan iqtisadi əlaqələrinin günü-gündən genişlənməsi bir milləti, iki dövləti olan qardaş ölkələr arasında sərhədlərin getdikcə aradan qaldırılmasına və inteqrasiya proseslərinin sürətlənməsinə təkan verir. Son 17 il ərzində bu əlaqələrin yüksələn xətlə inkişafında hər iki ölkənin dövlət başçılarının xidməti xüsusi qeyd olunmalıdır. Məhz bu səylər və məhz hər iki ölkə başçısının qətiyyətli addımları bölgədə iri enerji layihələrini reallaşdırmağa imkan verdi və bununla da Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təchizatında söz sahibinə çevrildi. Hər iki ölkənin bölgədə transmilli layihələrin reallaşdırılmasına dair sərgilədiyi yeni təşəbbüslər isə tək Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda yeni təklif olunan 3+3 formatında əhatə ediləcək hər bir ölkə üçün böyük səmərə əldə etməyə imkan verəcəkdir. Bu arada Türkiyənin Orta Asiya türkdilli dövlətləri ilə əlaqələrinin genişləndirilməsi və bu əlaqələrin mümkün bütün imkanlardan istifadə edərək Azərbaycan üzərindən qurulması bölgədə ölkəmizin əhəmiyyətini yetərincə artırır”.

F.Yusifov qeyd etdi ki, Türkmənistanla Azərbaycanın Xəzər hövzəsindəki illər boyu mübahisə predmeti olan “Dostluq” yatağı ilə bağlı razılığa gəlməsi yalnız iqtisadi məsələ deyil: “Ortada iqtisadi dividentlər qədər də siyasi dividentlər var. Türkiyə yerləşdiyi böyük regionda durmadan nüfuzunu artırmaqdadır. Bu gün bütün dünya və ən çox da Türkiyənin uğurlarına sevinməyən tərəflər bunun fərqində olmağa məhkumdurlar. Xəzər hövzəsinin enerji resurslarının Avropaya çatdırılması, qaz ehtiyatlarının həcminə görə dünyada ilk beşliyə daxil olan Türkmənistandan çıxarılan qazın Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropaya çatdırılması qoca qitənin və Amerika Birləşmiş Ştatlarının bu regional bağlı strateji planlarına daxil olan məsələdir. Bu gün bu nəhəng planın reallaşdırılmasında Türkiyə ciddi söz sahibinə çevrilir. Qərblə Türkiyəyə arasında münasibətlərin hansı yerdə olmasından asılı olmayaraq, Qərb Türkiyəni seçmək və sevmək məcburiyyətindədir. Bunun alternativi yoxdur. NATO-da ABŞ-dan sonra ikinci güclü orduya sahib və regionda istənilən məsələni həll etmək iqtidarına yüksəlmiş bir ölkəyə başqa münasibət mümkün deyil!” Ekspertimiz qeyd etdi ki, gələcək üçün gerçək olacaq bütün detalları bu gün açmağımız düzgün olmaz: “Ancaq bir böyük həqiqət budur ki, XXI əsr TÜRK ƏSRİ OLACAQ və Türk dünyası bu gün artıq bu olacağın başlanğıcındadır!”

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Türkiyə-Türkmənistan formatı Mərkəzi Asiyanın digər dövlətləri üçün də cazibəli ola bilər: “Türkdilli dövlətlərin sıx inteqrasiyasına ehtiyac var. Tacikistan türkdilli dövlət olmasa da, bu prosesdə iştirak edə bilər. Rusiyada yenə də ”Turan"dan danışırlar. Azərbaycanın və Türkiyənin məqsədi türkdilli dövlətlər arasındakı ikitərəfli və regional əməkdaşlığı genişləndirməkdir. Əgər bu siyasi ittifaqın da güclənməsinə şərait yaradacaqsa, niyə də olmasın?" E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan müxtəlif üçtərəfli formatlarda iştirak edir, sonuncu görüş də onlardan biridir. Çavuşoğlu ortaq mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib. Birincisi, Çavuşoğlu deyib ki, “Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində ”Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik". Bəli, Ankara illərdir Türkmənistanla Azərbaycan arasındakı mübahisələrin həllinə çalışırdı. Çavuşoğlu bildirib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır. Türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə, Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun". Politoloq M.Çavuşoğlunun mətbuat konfransında ““3+3" platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”, deməsinə də münasibət bildirdi:  “Bundan hər kəsin qazanacağını bildirən türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb”. E.Şahinoğlu region ölkələrinin əməkdaşlıq təklifinin haradan gəlməsinə də toxundu: “Bölgədə yeni altılıq formatının  - Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran - yaradılması ideyasını Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında səsləndirmişdi. Altılıq formatı hamının xeyrinədir, sadəcə, 2008-ci il müharibəsinin nəticəsinə görə Rusiya Gürcüstanın torpaqlarını - Cənubi Osetiya və Abxaziyanı ələ keçirib və ”müstəqilliklərini" tanıyıb. Müharibənin digər nəticəsinə görə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər də kəsilib və bu vaxta qədər bərpa olunmayıb. Belə vəziyyətdə Gürcüstan Rusiyanın iştirak etdiyi altılıq formatında necə iştirak edəcək? Əlbəttə, Ankara bunun bir yolunu tapmağa çalışacaq, ancaq bu xeyli zaman alacaq". E.Şahinoğlu M.Çavuşoğlunun yenidən Ermənistana çağırış etməsinə toxunaraq təəssüflə  dedi ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir: “Bu bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq”.

44 günlük “dərs”dən sonra Ermənistanda bir çoxları anlayır ki, onların Türkiyə və Azərbaycanla əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur. Ancaq bu, rəsmi İrəvanın Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməsi, qondarma tələblərdən vaz keçməsi halında mümkün ola bilər, əks halda, əməkdaşlıq uzunmüddətli olmayacaq.(musavat.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top