Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür

GÜNDƏM 11 fev 2021, 17:10
«Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihərinin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də bütövlükdə dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafının təmin olunması üçün  geniş  imkanlar yaranır.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda  keçirilən görüşlərinin növbəti  7-ci toplantısına yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizi  çoxtərəfli  əməkdaşlığın başlanğıcı, ən əsası bu günədək enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir: « 2014-cü ildə bu layihənin təməli qoyuldu.  Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu.  Azərbaycan ilk dəfə olaraq  belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start vermiş,  onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan  qarşısına  qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.»

Baş redaktor bildirib ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, iyun ayında onun əsas tərkib  hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi   dünyanın enerji xəritəsinin  yenidən tərtib edilməsi  istiqamətində  Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi kimi  dəyərləndirildi: «Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,   bu layihə əməkdaşlıq və qarşılıqlı  etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin  icrası  Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq.»

«Müstəqilliyin  başlıca şərti olan milli təhlükəsizliyin bilavasitə enerji təhlükəsizliyindən asılı olması ilə bağlı  deyilənlərin sübutu Azərbaycanın timsalında özünün  aydın ifadəsini tapır» söyləyən V.Rəhimzadə qeyd edib ki, son illərdə  ölkəmizin  təşəbbüsü ilə reallaşan möhtəşəm enerji və nəqliyyat layihələri bu həqiqətin təsdiqidir: «Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  kimi iri neft-qaz layihələrinin ardıcılları, Avropanın ən nəhəng enerji layihələri olan TANAP və TAP Azərbaycanın dünyanın enerji  gündəmindəki mövqeyini möhkəmləndirir, ölkəmizə regional və beynəlxalq  marağı daha da  artırır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ötən ildə  dünyanın, o cümlədən Azərbaycanın əsas diqqəti  koronavirus infeksiyası ilə mübarizəyə yönəlmişdi,  yenə də ölkəmiz heç bir layihənin icrasını yarımçıq saxlamadı, uğurlu sonluqla başa çatdırılmasına nail oldu.  2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi də bunun təsdiqidir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində önəmi ilə fərqləndiyi kimi,  həm də   tərəfdaşlar, bütövlükdə Avropa məkanı üçün üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir.»

Baş redaktor bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər bir toplantısı  ötən bir ilin yekunlarının və yeni muəyyənləşdirilən prioritetlərin  təqdimatıdır: «O da məlumdur ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulduqdan sonra  bu toplantıların 2015-ci ildən  ənənəvi olaraq keçirilməsinə başlanıb. 7-ci toplantı bu mənada  xüsusi  diqqətçəkəndir ki, artıq Cənub Qaz Dəhlizinin  sonuncu seqmentinin də  icrası başa çatıb, bu layihənin  perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız  fonunda   bu həqiqət də  etiraf edilir ki,  dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması  yalnız ən etibarlı və  əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür: «Regionda dinamik inkişafı ilə liderliyini qoruyan, dünya siyasətinə  təsir imkanları getdikcə genişlənən Azərbaycan daim   iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqəti  artırır, region və dünya  dövlətlərini  bir araya gətirmək istiqamətində  mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir, bu ideyaların gerçəkləşməsinə nail olur. Enerji layihələrinin müəllifi, istehsalçısı, təchizatçısı,  tranzit ölkə kimi də tanınan,  neft-qaz kəmərləri şəbəkəsini şaxələndirməklə  dənizləri birləşdirən Azərbaycan əldə etdiyi nailiyyətlərə  düşünülmüş siyasəti,  beynəlxalq hüquq normalarına sadiqliyi ilə   nail olur. Qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə böyük həssaslıqla  yanaşan Azərbaycan  hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur.»

Vüqar Rəhimzadə  bu ümumiləşdirməni aparıb ki, Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda  keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün  toplantılarında  Azərbaycanın səyləri  dünya enerji bazarına  töhfələr verən və layihələrin  şaxələndirilməsində  təşəbbüskarlğı ilə fərqlənən  tərəfdaş  kimi dəyərləndirilir: «Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin icrası  Azərbaycanın enerji diplomatiyasının  növbəti təntənəsidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması  ölkəmizin  iqtisadi   qüdrətini daha da artıracaq, ölkəyə  investisiya axınını gücləndirəcək.  Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa  işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək.»

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top