Şuşada Prezident İlham Əliyevin imzası ilə YENİ HƏYAT başlayır

GÜNDƏM 28 yan 2021, 12:40
Şuşadan start götürən geri dönüş, bütövlükdə Qarabağa dönüşün əsasını qoyacaq...

Hakimiyyət işğaldan azad olunmuş ərazilərlə bağlı planların sürətlə həyata vəsiqə qazanmasını hədəfləyib. Bu sırada Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən olan Şuşa öndə gəlir və Qarabağın tacı kimi bu qədim diyarın tezliklə öz tarixi simasını bərpa etməsi üçün işlərə başlanılıb.

Təsadüfi deyil ki, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu yanvarın 19-da yaradılıb və ilk xüsusi nümayəndə məhz Şuşaya təyin edilib.  Bunun kökündə 30 ilə yaxındır qəlbimizdə yaşatdımız Şuşa həsrəti, bu şəhərin Qarabağın əsas qalası, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olması kimi mühüm amillər dayanır. Bundan başqa, Şuşa şəhəri strateji əhəmiyyətə malikdir. Orada abadlıq-quruculuq işlərinin bir an öncə başa çatması Azərbaycan dövlətinin işğaldan azad edilmiş Qarabağa dönüşünün əsas səhifəsi olacaq. Şuşa kimdədirsə, Qarabağ da onundur fikri məhz Şuşanın önəmi nəzərə alınaraq yaranıb.

Dövlətin rəsmən Şuşada görünməsi, bu istiqamətdə yürüdülən siyasət olduqca vacibdir! Şuşadan başlanan  geri dönüş, bütövlükdə Qarabağa dönüşün əsasını qoyacaq, düşmənin hələ də bu qədim yurdumuzla bağlı ara verməyən sayıqlamalarına da ən tutarlı cavab elə bu olacaq!

Şuşanın Azərbaycan tarixində xüsusi yeri önə çəkilərək bu şəhərin bərpası, dirçəldilməsi xüsusi həssaslıqla həyata keçiriləcək. Şuşanın tarixi siması saxlanılmaqla bərpası quruculuq işlərində əsas xətt təşkil edəcək.

3 aya yaxındır azadlığına qovuşan Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 

Yanvarın 14-də buraya tarixi səfər edən Prezident tarixi əraziləri bir-bir gəzib və görünən odur ki, dövlət başçısı özü artıq quruculuq işləri ilə bağlı konkret plan və təsəvvürə malikdir. Bunu onun Şuşaya xüsusi nümayəndə təyin edərkən vurğuladığı məqamlardan da görmək mümkündür. Prezident Şuşa ilə bağlı bütün informasiyalara bələddir və bu şəhəri bir Şuşalı qədər yaxından tanıyır.

İlham Əliyevin çıxışında dönə-dönə Şuşanın tarixi simasının qorunub saxlanılmasının vacibliyini vurğulaması da təsadüfi deyildi. Şuşanın hər daşının bərpası birbaşa Prezidentin nəzarətində olacaq. Dövlət başçısının “Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir” bəyanatı bunu bir daha təsdiqləyir.

Nəzərdə tutulur ki, Şuşada sürətli bərpa gerşəkləşsin və insanların qayıdışı başlanılsın. Prezident açıq şəkildə bəyan etdi ki, həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar məhz Şuşada keçirilməlidir. Hədəf Şuşanın nəinki Azərbaycanın, bütövlükdə bölgənin, İslam dünyasının mədəniyyət paytaxtına çevrilməsidir.

Dövlət başçısı artıq bu il iki tədbirin keçirilməsi barədə tapşırıq verib. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa ediləcək, həmçinin Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start veriləcək. Məqbərənin bu il bərpa edilməsi və Vaqif poeziya günlərinin məqbərənin önündə keçirilməsi məqsədi qarşıya qoyulub.

Bundan başqa,
- Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün Prezidentin Sərəncamı ilə yol çəkilir,
-  Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə veriləcək hava limanı beynəlxalq uçuşların təşkilinə, Şuşaya gediş-gəlişə qapı açacaq,
- Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimat keçiriləcək,
- Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işləniləcək,
- Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə bağlı məlumatlandırılacaq.

Azərbaycan dövləti tezliklə düşmənin viran qoyduğu Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək. Bunun üçün dövlətin iqtisadi gücü, siyasi iradəsi var. Ən əsası odur ki, Prezident İlham Əliyevin Şuşaya yanaşması tam fərqlidir. O, Şuşaya olan həssaslığını, sevgisini səsinin tonundakı kövrəklikdə, düşmənə nifrətini anladan qəzəbində bizlərə göstərib, sübut edə bilib! Şuşanın necə alınmasının fərqində olan dövlət başçısı əbəs deyil ki, həmin mürəkkəb, ağır döyüş epizodunu dəfələrlə xatırladır: “Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”. 

Bu gerçəklik həm erməni yalanlarına tutarlı cavabdır, həm də daxili və xarici ictimaiyyətə zəfərin qanla, milli ruhla cızılan xəritəsini anladır.

Artıq Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə YENİ HƏYAT başlayır...

Elman Babayev
Əməkdar jurnalist

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top