Mənsum İbrahimov: “YAŞAT Fondunun Şurasının bu gün iclası olacaq”

GÜNDƏM 08 dek 2020, 13:55
“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında sərəncamı təqdirə layiqdir. Ölkə başçımıza məni də Fondun Himayəçilik Şurasının üzvləri siyahısına daxil etdiyi üçün təşəkkür edirəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov deyib.

O bildirib ki, “YAŞAT” Fondunun yaradılmasının məqsədi Vətən müharibəsində iştirak edən qəhrəmanlarımıza maddi və mənəvi dəstək verməkdir:

“Mən özüm də şəhid ailəsiyəm. Mənim qardaşımın oğlu 23 yaşlı Xüsusi Təyinatlı İsrafil İbrahimov Vətən müharibəsində şəhid olub. Onunla bərabər xalamın nəvəsi də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Bu fondun yaradılması və bütün bu proseslərin mərkəzləşdirilmiş şəkildə idarə olunması çox vacib addımdır.

Cənab Prezidentimizin bu istiqamətdə imzaladığı sərəncam çox gözəl layihələrin həyata keçirilməsinə xidmət edəcək. Müharibə bitib. Azərbaycan ordusu döyüş meydanında böyük və tarixi qələbə qazanıb. Artıq bu qələbəni bizə yaşadan yaralı, qazi əsgərlərimizə, şəhid ailələrinə qayğı və diqqət zamanıdır. “YAŞAT” Fondunun yaradılmasının məqsədi də bundan ibarətdir”.

M.İbrahimov onu da qeyd edib ki, fondun fəaliyyəti ilə bağlı ilkin istiqamətlərin təyin edilməsi bu gün keçiriləcək onlayn iclasda məlum olacaq:

“Fondun fəaliyyəti müəyyənləşdiriləcək. Kimə hansı istiqamətdə qayğı və diqqət gərəkirsə onunla da təmin olunacaq. Yaralıların və şəhid ailələrinin sosial təminatlarının, yaşayışlarının yaxşılaşdırılması ilə bağlı zəruri addımlar atılacaq. Qazilərimizin səhhəti və şəhid ailələrinin ev şəraiti ilə bağlı bütün problemlər bu mərkəzdən idarə olunacaq. Bu gün fondun tərkibinə daxil olan Himayəçilik Şurasının üzvlərinin ilk onlayn iclası keçiriləcək. Əlbəttə ki, iclasda qarşıda duran öhdəliklər, görüləcək işlər barəsində bir çox müzakirələr aparılacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top