Ermənistanın eks-nazirindən SOS: aclıq yaxınlaşır ​​

DÜNYA 29 noy 2020, 19:50
İşğalçı Ermənistan 44 günlük müharibədən təkcə böyük maddi və canlı itkilərlə çıxmadı, eyni zamanda, on illərlə torpaqlarımızın qanunsuz istismarından əldə elədiyi gəlirlərlə (buna görə təbii ki, nə vaxtsa Azərbaycana böyük təzminat ödəməli olacaq!) varlanmaq, kasad büdcəsini doldurmaq imkanlardan məhrum oldu. Üstəgəl, Xankəndi və digər ərazilərimidən yoxsul Ermənistana erməni köçü baş verdi.

Pandemiyanın yaratdığı obyektiv çətinliklər, soyuq qışın qapını kəsdirməsi də ciddiyə alınarsa, əminliklə söyləmək olar ki, düşmən ölkədə sosial-iqtisadi problemlər, ərzaq təminatı labüd olaraq kritikləşməyə doğru gedəcək.

“Artsax”ın böyük bir hissəsinin itirilməsi nəticəsində Ermənistan və “Artsax”da çox yaxın zamanda qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaranacaq. İlk növbədə də çörəklə təminat və qiymət artımı baxımından”.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan NEWS.am saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həm Qarabağ erməniləri, həm də Ermənistan əhalisi üçün qida təhlükəsizliyi təhdidləri ümumi xarakter daşıyır. “Birinci təhlükə mümkün taxıl çatışmazlığı ilə bağlıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir. Artıq bizim nəzarətimizdə olmayan “Artsax” ərazilərində isə 150 min ton taxıl (25%) istehsal edilirdi. Biz Ermənistanda istehsal olunan taxılın 75 faizini itirmişik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Aradakı defisiti xaricdən satın almalarla doldurmalı olacağıq. Dolların məzənnəsinin artmağa doğru olduğunu nəzərə alsaq, çörəklə təminat və onun qiyməti ilə bağlı problemimiz olacaq. Bura keçmişdə Gürcüstanla sərhəddəki “Yuxarı Lars” keçid məntəqəsindən qış dövründə taxıl idxal edərkən daxili bazara ciddi təsir göstərən maneələrlə qarşılaşdığımızı da əlavə eləmək lazımdır”, - deyə sabiq nazir həyəcanla qeyd edib.

Sözünə davam edən Xaçatryan deyib: “Koronavirusla əlaqədar əsas ixracatçı ölkələrdən taxıl ixracına qoyulan məhdudiyyətləri də yaddan çıxarmaq olmaz. Çörəyin qiyməti qalxarsa, hər şeyin qiyməti artacaq. Artıq sərhəd ərazisinə çevrilmiş “Artsax” və Ermənistan ərazilərində, məsələn, Karvaçarda (işğal altında olmuş Kəlbəcər nəzərdə tutulur – red.), Sünikdə (Zəngəzur – red.) heyvandarlıq inkişaf etmişdi. Məlum bəyanatı imzaladıqdan sonra ölkə səlahiyyətlilərinin vəziyyətə reaksiyası, təəssüf ki, vəziyyətə qeyri-adekvat oldu və insanlar lazımi dəstəyi almadılar. Nəticədə xeyli sayda heyvan itirildi. Bu isə həm də ət və süd itkisi deməkdir. Əfsus ki, bizim qida təhlükəsizliyi strategiyamız yoxdur. Ermənistan Respublikası müstəqillik qazandığı gündən bəri kənd təsərrüfatı ilə məşğul olmur”.

Sabiq kənd təsərrüfatı naziri xüsusilə “demokratik Paşinyan iqtidarı” dönənini nəzərdə tutaraq onu da bildirib ki, son iki ildə əkinçilik məhsullarının çoxunu istehsal edən təsərrüfatlar dövlət dəstək proqramlarında iştirak etməyib. “Ermənistan, aqrar ölkə olduğu halda bu gün bizdə Kənd Təsərrüfatı Nazirliyinə belə, yoxdur. Bu absurddur. Üstəlik, kənd təsərrüfatının inkişafı ərazi inkişafından ayrılmazdır. Bu siyasət də həyata keçirilmir”, - deyə o sonda əlavə edib.

Keçmiş nazirin söylədiklərindən bu qənaət hasil olur ki, Ermənistanda müharibə sonrası çörək qıtlığı, böyük səfalət və hətta aclıq tezliklə qaçılmaza çevrilə bilər...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yan 2021, 21:40
Top