Azərbaycanda bank rəhbəri bu rayonların prokurorları adından rüşvət alıb — ŞOK


KRİMİNAL 24 noy 2020, 10:08

Bank olmayan Kredit təşkilatı (BOKT) “Viator Mikrokredit Azərbaycan” MMC-nin problemli kreditlər üzrə departament rəhbəri Namiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Namiq Həsənov 26 yanvar 2016-cı ildən 15 avqust 2017-ci il tarixədək Bank olmayan Kredit təşkilatı (BOKT) “Viator Mikrokredit Azərbaycan” MMC-nin problemli kreditlər üzrə departament rəhbəri vəzifəsində işləyib. O, 1 fevral 2016-cı il tarixli vəzifə təlimatına əsasən cəmiyyətin filiallarından kredit götürüb, kredit ödənişini gecikdirən müştərilərlə ödəmələrin həyata keçirilməsi üçün profilaktiki söhbətlər aparmağa və gecikdiriklmiş kreditlərin ödənilməsini təşkil etməyə məsul vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib.


Namiq Həsənov etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi Vəkil Nəbiyevə müştərilərdən birinin sonuncu barəsində şikayət ərizəsi yazıb, Qəbələ rayon Prokurorluğuna göndərməsi haqqında yalan məlumat verib. O, Vəkil Nəbiyevi inandırmaqla, araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərinin edilməsi, yəni qərar qəbul olunması üçün 1000 ABŞ dolları maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib.


Namiq Həsənov Vəkil Nəbiyevin ona olan inam və etimadından istifadə etməklə 28 dekabr 2016-cı il tarixdə ondan 1000 ABŞ dolları Qəbələ şəhərində alıb.


Bundan əlavə, Namiq Həsənov 18 yanvar 2017-ci il tarixdə Vəkil Nəbiyevə barəsində cəmiyyətin Şəki Filialının müştəriləri Əflatun Allahverdiyev və Etibar Ağayevin şikayət ərizələrini, eləcə də həmin filialın problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Sədiyar Musayevin izahatını Şəki rayon Prokurorluğuna göndərilməsi barədə yalan məlumat verib. O, Vəkil Nəbiyevi inandırmaqla şikayət ərizəsini Şəki rayon Prokurorluğundan Qəbələ rayon Prokurorluğuna verdirəcəyini, araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün maddi nemət vermək adı ilə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirib. O, 21 yanvar 2017-ci il tarixdə Qəbələ şəhərində Vəkil Nəbiyevdən 500 manat, həmin tarixdə Şəki şəhərində 500 manat, 2 fevral 2017-ci il tarixdə “Viator Mikrokredik Azərbaycan” MMC-nin Şəki filialında Vəkil Nəbiyevdən xidməti otağında 1200 manat, həmin ayın sonuna kimi Şəki şəhərində müxtəlif ünvanlarda hər dəfə 100 manat olmaqla 200 manat, 2017-ci ilin mart ayının əvvəllərində isə qeyd edilən cəmiyyətin Şəki filialının müdiri Nail Abbasov vasitəsi ilə Şəki şəhərində 100 manat alıb.


Namiq Həsənov Vəkil Nəbiyevə ümumilikdə 2500 manat pulunu vahid qəsdlə alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, Vəkil Nəbiyevə qarşı təkrar dələduzluq edib, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Vəkil Nəbiyevi təkrar təhrik edib.


Bundan başqa, Namiq Həsənov təkrarən qeyd olunan vəzifədə işləyərkən cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Sədiyar Musayevə barəsində Şəki rayon Prokurorluğuna ünvanlanmış cəmiyyətin Şəki filialının müştəriləri Əflatun Allahverdiyev və Etibar Ağayevin şikayət ərizələrinin olduğunu, həmin ərizələri Qəbələ rayon Prokurorluğuna təqdim etdiyini yalandan bildirib.


Namiq Həsənov Sədiyar Musayevi inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə hərkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 500 manat maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib. O, 2017-ci ilin fevral ayında ondan 500 manat pulu Yevlax rayonunda Xaldan dairəsi adlanan yerdə alıb.


İstintaq orqanı tərəfindən Namiq Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq; Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Həsənov 4 min manat cərimə olunub.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.


Bir müddət əvvəl prokurorun protestinə Şəki Apelyasiya Məhkəməsində baxılıb və prokurorun protesti təmin olunmayıb.


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror kasasiya protestində Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən olunması üçün cinayət işini yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar verilməsini istəyib.


Ali Məhkəmənin qərarı ilə prokurorun protesti təmin olunub və Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.


Şəki Apelyasiya Məhkəməsində bu dəfə şikayət hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Prokurorun protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib.


Qərara görə, prokurorun protesti təmin olunub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.


Yeni hökmə əsasən Namiq Həsənov 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Bundan sonra prokuror yenə də cəza ilə razılaşmayıb. Prokuror kasasiya protesti verib və Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın daha ağır cəza ilə əvəz olunması üçün işin yenidən apelyasiya instansiyasına qaytarılmasını istəyib.


Ali Məhkəmədə prokurorun kasasiya protestinə bu dəfə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin edib.


Şəki Apelyasiya Məhkəməsinin çıxardığı növbəti qərar da ləğv olunub, ağırlaşdırıcı hallar müəyyən olunması üçün iş yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib.


Şəki Apelyasiya Məhkəməsində şikayətə bu dəfə hakim Akif Eyvazovun sədrliyi ilə baxılıb. Hakim heyəti apelyasiya şikayəti və protestinə baxıldığı müddətdə təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən boyun qaçırıb.


Bu səbəbdən məhkəmə onun barəsində həbs qətimkan tədbiri çıxarıb və axtarışa verilməsi barədə qərarı hüquq-mühafizə orqanlarına göndərib.


Fariz Məlikli
Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top