SMS icazə ilə bağlı AÇIQLAMA


SOSİAL 19 noy 2020, 13:26

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Artıq günlük yoluxmada 2 mindən yuxarı say görürük və bu, ciddi təhlükə hesab edilir.

 
Çox təəssüf ki, hazırda bu virusa yoluxanların arasında ölüm halları da artmaqdadır. Həkimlər bildirirlər ki, vəfat edənlərin əksəriyyəti əsasən, yanaşı xəstəliyi olan və xəstəliyin ağır səviyyəsində xəstəxanaya gətirilənlərdir.

 
Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVİD-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi.  Dünyada da artım tempi indiyədək qeydə alınan statistikaya görə ən yüksəkdir. Belə ki, hazırda dünyada 56 milyon 16 min 137 nəfər koronavirusa yoluxub. İndiyə qədər ölənlərin sayı isə 1 milyon 345 min 70 nəfərdir.

 
Hazırda bir gündə 450 mindən çox insan koronavirusa yoluxur. Ümumi ölənlər isə 10 min nəfərdən çoxdur.

 
Məlumat üçün bildirək ki, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri olan insanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. Ona görə də bu cür xəstəlikləri olan şəxslər risk qrupuna aid edilir.

 
COVİD-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80%-də nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir.

 
Dünyada koronavirus (COVİD-19) yayılandan bəri onun 500-dək müxtəlif mutasiya növləri aşkar edilib.

 
Bu barədə Kazan Federal Universitetinin Dəqiq və Yeniləyici Tibb Araşdırma Klinik Mərkəzinin direktoru Albert Rizvanov açıqlamasında bildirib.


Koronavirus əleyhinə peyvənd üzərində işləyən tədqiqat qrupuna rəhbərlik edən A.Rizvanov qeyd edib ki, virusun mutasiyası normal bir təzahürdür: “Bütün canlı orqanizmlər kimi bu virus inkişaf edir. Viruslar çox ibtidai bir genetik mexanizmə sahib olduqları üçün xüsusilə sürətlə mutasiyaya uğrayırlar”.

 
İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına dair Federal Müşahidə Xidmətinin rəhbəri Anna Popova isə Sibirdə yayılan sözügedən virusun mutasiyası barədə danışarkən bildirib ki, proses nəticəsində COVİD-19 daha təhlükəli növlərdə özünü büruzə verir.

 
Alimlərin qənaətinə görə, hətta bir şəxsin orqanizmində virusun çoxsaylı mutant variantları mövcud ola bilər.

 
Azərbaycanda noyabrın 18-də koronavirus (COVİD-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 25 nəfər vəfat edib.


Ölkədə ən çox yoluxma Bakının payına düşür -53.5 faiz.  Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.


Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.


Həkimlər bildirirlər ki, virusun yayılması soyuq temperaturda və rütubətin az olduğu məkanlarda daha sürətli olur. Ona görə də tövsiyə edilir ki, qapalı məkanlarda otağın havası tez-tez dəyişdirilsin. “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, bütün dünya üzrə hazırda artım tendensiyası müşahidə edilir: “Hazırda dünya ölkələrində pik hədd müşahidə edilir. Buna görə də bir çox ölkələr karantin rejimini sərtləşdiriblər. Düşünürəm ki, 10 gün ərzində dünyada yoluxma sayı aşağı düşəcək. Lakin koronavirusa yoluxmanın tamamilə dayanması yaxın günlər üçün mümkün deyil.   Hazırda vaksinlə bağlı xəbərlər yayılır. Lakin bu illüziyaya da inanmaq lazım deyil. Qripin 2 mindən çox ştamı var və ona bu il hazırlanan vaksin, gələn il yaramır. Koronavirus da elədir.  Hazırkı vaksinlər son dərəcə mürəkkəb üsullarla alınmalıdır. Xarici şirkətlər də deyirlər ki, hazırladıqları vaksin problemi tam aradan qaldırmayacaq”.

 
A.Qeybulla hesab edir ki, Azərbaycanda “SMS icazə” sistemini bərpa etmək indiki hal üçün uyğun deyil.  Çünki insanlar evdə qalmaq məsələsindən yorulublar: “Müharibə ab-havası da insanlarda gərginlik yaradıb. Ona görə də hesab edirəm ki, evə qapatmaqdansa, təbliğat işini gücləndirmək lazımdır. Bununla uğura nail ola bilərik.  İnsanlar özləri də bir-birilərinə nəzarət etməlidirlər. Yəni ictimai nəzarət də burada əsasdır".


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top