“Türkiyə də sülhyaratma prosesində iştirak edəcək” — Siyavuş Novruzov

MÜSAHİBƏ 10 noy 2020, 19:30

“Şəhid ailələrinin yaxınları, yaralanan əsgər və zabitlərimiz bütün sosial təminatlarla təmin olunacaqlar”.

 

Bu sözləri “MediaPost”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müsahibəsində deyib.

 

- 44 günlük döyüşlərdən sonra Ermənistan “ağ bayrağı” qaldıraraq Azərbaycan Ordusuna təslim oldu. Bununla bağlı təəssüratlarınızı bölüşərdiniz...

 

- Allah Ali Baş Komandanın canını sağ eləsin. Onun qətiyyəti, əziyyəti, zəhməti, mübarizəsi nəticəsində və Azərbaycan Ordusunun rəşadəti, xalq-iqtidar birliyi bu qələbəni tam şəkildə təmin etdi. Ona görə də başda Ali Baş Komandan olmaqla, bütün xalqımızı təbrik edirəm. Bu gün sevincimizin həddi-hüdudu yoxdur.

 

- Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat səsləndirdilər. Müharibəyə son qoyulması üçün Rusiya sülhməramlıları da münaqişə bölgəsində yerləşdiriləcək. Burada Türkiyədə də yer alacaqmı?

 

- Təbii ki, Rusiya ilə birgə Türkiyə də sülhyaratma prosessində iştirak edəcək.  Razılaşmaya əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Burada Türkiyə sülhməramlıları da yer alır. Nəticədə, bu mərkəz vasitəsilə, atəşkəsin pozulması, digər təxribatların qarşısı alınacaq. Təbii ki, sülh prosessinə nəzarət Azərbaycan tərəfindən həyata keçiriləcək. Amma Ermənistana bunu etibar etmək olmaz.

 

- Məlum bəyanatdan sonra Ermənistanda etirazlar başlayıb. Bundan sonra Nikol Paşinyan istefa verəcəkmi?

 

- Hazırda Ermənistanda insanlar küçələrə toplaşaraq Nikol Paşinyanın istefasını tələb olunur. Xüsusən bir çox siyasi partiyalar, o cümlədən deputatlar, ayrı-ayrı insanlar onun istefasını tələb edir. Hesab edirəm ki, Nikol Paşinyanın baş nazir kimi vəzifədə qalması uzun çəkməyəcək.

 

- Azərbaycan dövləti tərəfindən qələbəni təmin edən əsgər, zabitlərimizə nə kimi dəstək veriləcək?

 

- Təbii ki, buna qədər də Azərbaycan dövləti istər şəhid ailələrinə, istər müharibə veteranlarına diqqət göstərirdi. Bundan sonra da bu, belə olacaq. Qələbəmizi təmin edən əsgər və zabitlərimizə dövlət tərəfindən bütün dəstək veriləcək. Şəhidlərimizin ailələri, yaralılarımıza sosial təminatları ən yüksək səviyyədə təmin olunacaq. Onlar evlərlə, avtomobillərlə və sosial ödənişlərlə təmin olunacaqlar. Buna misal olaraq demək istəyirəm ki, bir neçə gün öncə Qarabağ veteranlarımıza 50 avtomobil verildi. ABŞ dünyanın ən güclü dövlətidir. Veytnamdan çıxdıqdan sonra orada öldürülən, yaralanan əsgər zabitlərinin heç bir sosial təminatı ödənilmədi. İraqda, Suriya, Liviyada, Əfqanıstanda bu, belə oldu. Amma bu gün Azərbaycan dövləti 1990-ci ildən bəri Qarabağ döyüşlərində iştirak edən bütün şəhid ailələrinə, müharibə veteranlarımıza müavinət verir, evlə təminatı aparılır. Şəhid ailələrinə xüsusi təqaüdlər verilir və onların övladları ali məktəblərdə pulsuz təhsil alırlar. Yəni lazımi bütün addımlar atılır. Ölkənin maddi imkanları artdıqca onlara ödənilən vəsaitin həcmi daha da artırılır. Hesab edirəm ki, bundan sonra da qalib Ordumuzda şəhid olan igidlərimizin yaxınları və yaralanan əsgər, zabitlərimizin tam təminatı ödəniləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top