Müsahibə

Ukraynalı ekspert: Şuşada səsləndirilən fikirlər həm də Qərbə siqnaldır

Ukraynalı ekspert: Şuşada səsləndirilən fikirlər həm də Qərbə siqnaldır

Demokrat.az-ın suallarını ukraynalı politoloq Mixail Şabanov cavablandırıb:

- Cənab Şabanov, Rusiyanın Ukraynaya qarşı müharibəsi yeni və daha gərgin mərhələyə qədəm qoyub. Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki hədəflərinin coğrafi əhatəsini genişləndirir. Ukrayna sərhədindən Sibirə qədər Rusiyanın heç bir yeri təhlükəsiz deyil və bu, şübhəsiz ki, Rusiya rəhbərliyi və ictimaiyyəti üçün tamamilə gözlənilməz hal olub. Sizcə, rusları daha hansı xoşagəlməz sürprizlər gözləyə bilər?

Ukraynalı ekspert: Şuşada səsləndirilən fikirlər həm də Qərbə siqnaldır

- Hesab edirəm ki, Ukrayna xüsusi əməliyyatlarının və Rusiyanın dərin arxa cəbhəsinə, yəni Ural və Sibir ərazisindəki hədəflərə gerçəkləşdirilən zərbələrin intensivləşməsi strateji dönüş nöqtəsini göstərir: Rusiya əhalisi və elitası üçün müharibə qəti şəkildə sadəcə "televiziya ekranında virtual görüntü" olmaqdan çıxıb. Düşmənin dərinliklərdə yerləşmiş infrastrukturuna endirilən dəqiq və dağıdıcı zərbələr Kremlin yaratdığı "Rusiyanın mütləq təhlükəsizliyi ilə bağlı" əsas mifini sistematik şəkildə sıradan çıxarır. Eyni zamanda, Rusiya hakimiyyəti daxili böhranın həqiqi miqyasını gizlətməklə, geniş ictimaiyyət üçün uydurduğu hekayələrinə dəyişiklik tətbiq edir. Lakin rəsmi Kremlin tətbiq etdiyi bu strategiya artıq o qədər də təsirli deyil. Moskvaya və ətraf bölgəyə xidmət göstərən logistika şəbəkələrinə qarşı zərbələr çox effektiv olur və Rusiyada ticarətə və ümumilikdə iqtisadiyyata ciddi ziyan vurur. Bu zərbələrdən ölkənin biznesi böyük zərər görür. Gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyatları əhəmiyyətli dərəcədə genişləndiriləcək. Bundan əlavə, zərbə dronları və çeşidli PUA-ların artan mənzili və başqa imkanları, yeni, çoxrejimli zərbə sistemlərinin də istifadəsi ilə birlikdə, Rusiya Federasiyasının ən ucqar bölgələrində belə müdafiə sənayesi obyektlərini və hərbi aerodromları vurmaq imkanı yaradacaq.

- Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın kritik infrastrukturuna, xüsusilə də enerji sektoruna endirdiyi son dəqiq zərbələr ölkədə kəskin yanacaq böhranına səbəb olub. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və insanlar bir neçə litr benzin əldə etmək uğrunda faktiki olaraq mübarizə aparırlar. Kreml yanacaq idxalını artırmağı planlaşdırır. Sizcə, bu problemi tamamilə idxal hesabına həll etmək mümkündürmü və hansı ölkələr Rusiyanın benzin və dizel yanacağına olan daxili tələbatını tam ödəyə bilər?

- Rusiyanın əsas neftayırma zavodlarının və yanacaq anbarlarının sistematik şəkildə sıradan çıxarılması Rusiya iqtisadiyyatının ən həssas nöqtəsinə – emal və paylama sisteminə dağıdıcı zərbə vurur. Bu gün yanacaq çatışmazlığı sadəcə yanacaqdoldurma məntəqələrindəki növbələrdən daha artıq məna kəsb edir; bu, mövsümi kənd təsərrüfatı işlərinin (əkin və məhsul yığımı kampaniyaları) pozulmasına, kommersiya logistikası xərclərinin artmasına və nəticə etibarilə, ərzaq və ümumi inflyasiyanın yeni dalğasına səbəb olur. Ukrayna Silahlı Qüvvələri Azov və Qara dənizlərdə Rusiyanın "kölgə donanması"na aid tankerlərə qarşı hücumları gücləndirib. Uzunmüddətli perspektivdə bu addım Rusiyanı həm iri və orta bizneslərin, həm də sıravi vətəndaşların təsirini hiss etdiyi ağır iqtisadi təcridə doğru sürükləyir.

Xarici neft şirkətlərin iri neftayırma zavodları və eləcə də neftetreyderlər ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ehtiyat edirlər. Rusiyaya benzin və yaxud dizel yanacağı tədarükü ilə bağlı istənilən irimiqyaslı müqavilə dərhal Qərbin maliyyə kəşfiyyatı orqanlarının diqqət mərkəzinə düşür. İdxal sərhəd regionlarındakı yanacaq çatışmazlığını müəyyən qədər aradan qaldıra bilsə də, yanacağa olan sistemli tələbat çatışmazlığını kökündən həll etməyəcək.

- Şuşada keçirilən IV Qlobal Media Forumunda Azərbaycan Prezidentinin Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha vurğuladığı çıxışı və ukraynalı jurnalistlərin suallarına verdiyi cavablar Rusiya informasiya məkanında ciddi rezonans doğurdu. Rusdilli internet məkanındakı təbliğatçılar Azərbaycana qarşı hücumlara başladılar. Buna münasibətiniz necədir?

- Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qəti və sarsılmaz dəstək barədə bəyanatları Bakının tamamilə praqmatik və ardıcıl mövqeyini əks etdirir. Azərbaycan üçün beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi fundamental əhəmiyyət daşıyır. Qarabağ üzərində nəzarəti bərpa edərkən Bakı məhz beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə əsaslanmışdı. Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik və artan regional təsir imkanları üzərində qurulmuş tam müstəqil geosiyasi xətt yürüdür. Moskva artıq Bakıya öz xarici siyasətini necə qurmağı diktə etməyə cəhd belə göstərə bilməz. Azərbaycan Cənubi və Mərkəzi Avropa üçün əsas alternativ karbohidrogen təchizatçısı kimi mövqeyini gücləndirir və qərb bazarında Rusiya qazı və neftini rahatlıqla əvəz edir. Şuşada səsləndirilən fikirlər həm də Qərbə Bakının strateji tərəfdaş kimi etibarlılığı barədə siqnal ötürür. Ümumilikdə, Rusiya Federasiyası Cənubi Qafqazdakı təsir rıçaqlarını itirib. Çox güman ki, Rusiya təbliğatı aqressiv ritorikadan istifadəni davam etdirəcək, lakin bu cür cəhdlər nəticəsizdir, ona görə ki, Moskva sadəcə bəyanatlarla kifayətlənəcək. Əslində, Rusiyanın özünün "yeni ərazilər"ini (Krım və Donbas - red.) tanıyacaq beynəlxalq koalisiya yaratmaq istiqamətindəki çoxsaylı cəhdləri də tamamilə uğursuzluqla nəticələnib. Son vaxtlar Moskvanın tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağa çalışdığı ölkələr arasında belə Rusiyanın nüfuzu düşməkdə davam edir.

Alparslan

D
demokrat.az