Demokrat.az-ın suallarını türkiyəli siyasi şərhçi, Türkiyə Avrasiya Hərəkatının lideri Mehmet Perinçek cavablandırır:
- Cənab Perinçek, son bir neçə ay ərzində Rusiya-Ukrayna müharibəsinin yekun mənzərəsini necə qiymətləndirərdiniz?
- Rusiya-Ukrayna müharibəsində son aylarda baş verən proseslərə baxdıqda, müharibənin şiddətinin artdığını və bununla yanaşı coğrafiyasının da genişləndirilməsinə çalışıldığını görürük. Qərb dövlətlərinin müharibənin bitməsini istəmədiyini, Ukraynaya daha çox silah və maliyyə dəstəyi verərək Rusiyanı daha da zəiflətməyə çalışdıqlarını müşahidə edirik. Xüsusilə Ukraynanın Rusiyanın dərinliklərinə təşkil etdiyi hücumlar – Moskva, Sankt-Peterburq və digər bölgələrdə mülki hədəflərin vurulması, müxtəlif neft istehsalı müəssisələrinin hədəfə alınması – bütün bunların Qərb texnologiyası ilə həyata keçirildiyini və hətta bu prosesdə təkcə Avropanın deyil, ABŞ-ın, NASA-nın və Starlink-in də iştirak etdiyini açıq şəkildə göstərir.
Bu hücumlar Rusiyanı daha sərt cavab verməyə məcbur etmək məqsədi daşıyır. Bununla paralel olaraq Belarusun da müharibəyə cəlb edilməsinə çalışıldığını, eləcə də Kalininqrad və Baltik regionu üzərindən müxtəlif təxribatların baş verə biləcəyini görürük. Beləliklə, həm müharibənin şiddətinin artırılması, həm də coğrafiyasının genişləndirilməsi yolu ilə Avropa dövlətlərinin də bu münaqişəyə cəlb olunduğu yeni mərhələnin başlanması planlaşdırılır. Avropadakı müharibə tərəfdarlarının bu yolla dünyanı daha böyük bir təlatümə, hətta dünya müharibəsinə sürükləməsi ehtimalı da yüksəkdir.
Qərbin marağı həm də Ukraynanın artıq cəbhədə irəliləyə bilməməsi, ciddi insan resursu çatışmazlığı yaşaması, iqtisadi problemlərin dərinləşməsi, korrupsiya və digər məsələlərin ölkədə daha çox gündəmə gəlməsi ilə bağlıdır. Məhz bu vəziyyət müharibənin daha da genişlənəcəyini və bütün Avropanı əhatə edə biləcəyini göstərir.
- İranla ABŞ-İsrail cütlüyü arasındakı münaqişə uzanır və artıq sonu görünməyən hərbi qarşıdurmaya çevrilib. Beynəlxalq ictimai rəy Tehran və Vaşinqtondan gələn ziddiyyətli açıqlamalar səbəbindən çaşqınlıq yaşayır. Sizcə, bütün bunlar nə ilə nəticələnəcək?
- ABŞ və onun müttəfiqlərinin çoxqütblü dünyanı dinc yolla qəbul etməyəcəklərini görürük. Onların qurduqları hegemon sistemdən müharibəsiz imtina etməyəcəkləri artıq heç kimdə şübhə doğurmur. Əslində İrana qarşı ABŞ və İsrailin hücumları da bunun bir hissəsidir. Burada məqsəd təkcə İran deyil. İran vasitəsilə Çin, Rusiya, hətta Türkiyə də təzyiq altına alınmaq istənilir.
Bu səbəbdən ABŞ və İsrailin İrana qarşı hücumları çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq, öz hegemonluqlarını qorumaq və mövcud təkqütblü qlobal sistemi saxlamaq məqsədi daşıyır. Lakin ABŞ və İsrail İrana qarşı müharibədə gözləmədikləri ciddi müqavimətlə üzləşdilər. İranda hakimiyyəti dəyişmək planları uğursuz oldu. İran xalqını öz hakimiyyətinə qarşı qaldıra bilmədilər. Eyni zamanda İran verdiyi cavab zərbələri ilə bu hücumların qarşısını aldı və nəticədə ABŞ İranla danışıqlara getmək məcburiyyətində qaldı.
Bununla belə, ABŞ danışıqlardan da öz maraqları naminə istifadə etməyə çalışır və İrana milli maraqlarına zidd güzəştlər etməsi üçün təzyiq göstərir. İran isə geri addım atmayacağını bəyan edərək öz xarici siyasət kursuna sadiq qalır.
Xüsusilə Hörmüz boğazı məsələsində Tehran mühüm üstünlük əldə edib. Təl-Əvivi, Körfəz ölkələrində yerləşən ABŞ bazalarını hədəfə alması, verdiyi cavab zərbələri və Hörmüz boğazı vasitəsilə əlində mühüm iqtisadi rıçaq saxlaması İran üçün əlverişli mövqe yaradıb.
ABŞ bunu aydın şəkildə gördüyü üçün İrana qarşı sərt ritorika nümayiş etdirə bilmir və bəzən bir gün əvvəl dediyini ertəsi gün dəyişmək məcburiyyətində qalır. Burada İranın Rusiya və Çinlə qurduğu münasibətlərin də mühüm rol oynadığını unutmaq olmaz.

- Ankaradakı son NATO sammitini ABŞ-Türkiyə münasibətləri və Türkiyənin müdafiə sənayesinin inkişafı baxımından necə qiymətləndirərdiniz?
- Türkiyənin təhlükəsizlik ehtiyaclarına baxdıqda görürük ki, ölkənin qarşılaşdığı əsas təhdidlər Rusiya, İran və ya Çindən deyil. Suriyadan Şərqi Aralıq dənizinə, Egey bölgəsinə və Trakiyaya qədər uzanan xəttə baxdıqda Türkiyənin ABŞ və İsrail tərəfindən mühasirəyə alınmağa çalışıldığını, İsrailin Türkiyəni əsas təhlükə, hətta düşmən kimi gördüyünü müşahidə edirik.
İsrailin ən böyük tərəfdaşının ABŞ olduğunu nəzərə alsaq, Vaşinqtonun Yunanıstan, Cənubi Kipr və digər Avropa dövlətləri ilə birlikdə Şərqi Aralıq dənizində Türkiyəni və Şimali Kipr Türk Cümhuriyyətini sıxışdıran siyasət yürütməsi, Yunanıstan adalarında ABŞ hərbi bazalarının yerləşdirilməsi Türkiyəyə qarşı planların mövcud olduğunu göstərir.
Bu səbəbdən Türkiyənin qarşılaşacağı potensial təhlükələrin Atlantik blokundan və İsraildən gələcəyi açıqdır. Müdafiə strategiyası da buna uyğun qurulmalıdır.
Hərbi texnologiyalar baxımından da bu məsələ böyük əhəmiyyət daşıyır. Çünki ABŞ və İsraillə mümkün qarşıdurma zamanı NATO-ya bağlı və ABŞ-dan asılı texnologiyalardan istifadə etmək mümkün olmayacaq.
Bu baxımdan S-400 sistemlərindən imtina edilərək F-35 proqramına üstünlük verilməsi Türkiyənin hava hücumundan müdafiə imkanlarını zəiflədə bilər. F-35-ləri İsrailə və ya Yunanıstana qarşı istifadə etmək mümkün deyil. S-400 sistemləri isə bu baxımdan mühüm əhəmiyyət daşıyır və onlardan imtina etmək ciddi səhv olardı.
Təəssüf ki, NATO sammitində də bu istiqamətdə meyillərin gücləndiyini gördük. Bu isə əslində Türkiyənin silahsızlaşdırılması deməkdir. Türkiyənin NATO və ABŞ-dan asılı olmayan alternativ silah texnologiyalarına və müdafiə sistemlərinə ehtiyacı var. Bu imkanları inkişaf etdirmək əvəzinə mövcud sistemlərdən imtina edilməsi gələcəkdə Qərbdən daha da asılı vəziyyət yaradacaq.
Hərbi sənaye şirkətlərinin milli silah sistemlərini Qərb platformalarına inteqrasiya etməsi də bu sahənin Qərbin nəzarətinə keçməsinə səbəb olur. Bu isə gələcəkdə Türkiyənin Qərbdən gələcək təhdidlər qarşısında istifadə edə bilməyəcəyi silahlara sahib olması riskini artırır. S-400 sistemləri isə Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
- Müasir geosiyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatının dünyadakı yeri və əhəmiyyəti nədən ibarətdir?
- Türk Dövlətləri Təşkilatı çoxqütblü dünyada formalaşan siyasi, iqtisadi və hərbi birliklərdən biridir. Necə ki, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və ASEAN mövcuddur, Türk Dövlətləri Təşkilatı da bu çoxqütblü sistemdə müstəqil rol oynaya biləcək beynəlxalq platformadır.
Bu təşkilatı Böyük Avrasiya inteqrasiyasının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Türk Dövlətləri Təşkilatı Qərbin Rusiya, Çin, İran və digər dövlətlərə qarşı istifadə etdiyi alətə çevrilməməlidir. Əksinə, Böyük Avrasiyanın və yeni dünya nizamının mühüm hissəsi olmalıdır.
Qərbdə Türk Dövlətləri Təşkilatını Rusiyaya, Çinə və İrana qarşı istifadə etmək istəyən qüvvələr var. Bu model 1990-cı illərdə sınaqdan keçirildi və uğursuz oldu. Hətta FETÖ-nün həmin regionlarda yayılmasına və güclənməsinə səbəb oldu. Bu da Türkiyənin türk dövlətləri ilə münasibətlərinə zərər verdi.
Türk Dövlətləri Təşkilatı tam müstəqil platforma olmalıdır. Hazırkı şəraitdə təşkilat regional iqtisadi inkişaf və təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Türk dövlətlərinin maraqları Çin, Rusiya və İranla yaxşı münasibətlərin qorunmasından keçir. Bu ölkələrlə ciddi iqtisadi, siyasi və hərbi əlaqələr mövcuddur.
Türk Dövlətləri Təşkilatı bu əlaqələri zəiflədən deyil, əksinə gücləndirən, həm türk dövlətləri arasındakı əməkdaşlığı möhkəmləndirən, həm də regionun böyük dövlətləri ilə münasibətləri daha da inkişaf etdirən rol oynamalıdır.

