"Bu artıq “SOS” düyməsinin sıxılmalı olduğunu bizə göstərir"

CƏMİYYƏT 17 sentyabr 2026, 09:30
Azərbaycanda abortların sayında kəskin artım qeydə alınıb. Son 15 ildə göstərici 30 faiz artaraq kritik həddə çatıb. Ötən il ölkədə 95 875 doğuşa qarşı 95 100 abort qeydə alınıb. Bu göstərici hər 100 doğulan körpəyə 99 abort faktının düşməsi deməkdir.

Sosioloq Mətanət Məmmədova Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında söyləyib ki, həqiqətən çox təhlükəli rəqəmdir:

“95 mindən artıq abortun həyata keçirilməsi, yəni hər doğulan 100 uşağa qarşı 99 abortun qeydə alınması artıq “SOS” düyməsinin sıxılmalı olduğunu bizə göstərir. Bu, təhlükəli vəziyyətdir. Son 15 ildə yox, deyərdim ki, son 25 ildən artıqdır Azərbaycanda abortların sayı artıb. Bunun başlıca səbəbləri var. Bu səbəblərdən birincisini selektiv abortlardır. Nə qədər ki, selektiv abortlar Azərbaycanda davam edir, abortların sayı da artacaq. Mən dəfələrlə təklif etmişəm ki, ölkədə selektiv abortlar ləğv olunmalıdır. Biz bilməməliyik ki, bətnimizdəki uşaq oğlandır, yoxsa qızdır. Nə qədər ki, bunu bilmək istəyirik, nə qədər ki, özümüz ailə planlaşdırması aparırıq, uşağın qız və ya oğlan olmasını öz istəyimizin ümidinə buraxırıq, bu zaman abortların sayı da artacaq. Birincisi, bu 95 mindən artıq abortun statistikası öz-özlüyündə açıqlanmalıdır ki, bunların neçə faizi planlaşdırılmamış hamiləlikdir, nə qədəri tibbi göstərişlə həyata keçirilib, nə qədəri ailənin iqtisadi-sosial vəziyyəti ilə bağlıdır və nə qədəri digər məsələlərlə əlaqədardır. Biz bu statistikanı aparsaq, inanırsınız ki, həmin 95 mindən artıq abortun əsas hissəsini selektiv abortlar təşkil edəcək. Çünki bu gün Azərbaycanda ailələrə baxanda görürsünüz ki, çoxsaylı ailələrdə bir oğlan, bir qız övlad mövcuddur. Qadınlar, təbii ki, öz həyat yoldaşlarının da istəyi ilə, öz qaynana və qayınatalarının da təkidi ilə planlaşdırma aparmaq istəyirlər. Yəni ailədə bir qız övlad varsa, hökmən ondan sonra bir oğlan olmalıdır. Birinci uşaq oğlandırsa, daha sonrakı uşaqların nə olacağı bir qədər maraqlı olmasa da, planlaşdırma belədir ki, hökmən ailədə bir oğlan uşağı doğulmalıdır. Yəni hər bir ana öz ərinin istəyi ilə, öz istəyi ilə, qaynanasının təkidi ilə oğlan uşağı dünyaya gətirmək istəyir. Çünki bizdə belə köhnə, qədim bir fikir var ki, əgər bizim oğlumuz varsa, evimizdə oğlan uşağı doğulursa, bizim kökümüz, soyumuz davam edir. Əks halda, guya bizim kökümüz, soyumuz davam etmir. Belə bir köhnə təfəkkürlə yaşayan insanlar olduğumuz üçün selektiv abortlara daha çox üstünlük veririk. Uşağın cinsiyyətini öyrənirik, evimizdə bir qız, iki qız övladımız varsa, üçüncü uşağın da qız olduğu məlum olarsa, hökmən abort olunmalıdır düşüncəsi yaranır. Və yaxud birinci övladımız qızdırsa, ikinci uşağın oğlan olmasını istəyirik. Əgər ikinci uşağın da qız olduğu məlum olarsa, hökmən abort edilməlidir düşüncəsi formalaşır. Təsadüf nəticəsində ananın bir oğlu, iki oğlu olar və üçüncü uşağın qız olmasını istəyər. Bu halda da oğlan uşağının abort etdirilməsi baş verə bilər. Bu da təsadüf nəticəsində ola bilər. Ancaq qıza qarşı istəksizlik, qıza qarşı mənfi münasibət bu rəqəmi gətirib bu həddə çatdıran başlıca səbəblərdən biridir.

Sosioloq digər səbəblərdən birinin sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu bildirib: 

“Bu gün ailələrdə mənzil problemləri, kirayədə yaşamaq çətinliyi, işsizlik problemi var. Ona görə də bir uşaqdan, iki uşaqdan sonra artıq üçüncü və dördüncü hamiləliklərdə abort istənilir. Çünki bildiyimiz kimi, uşaq saxlamaq və böyütmək çətinliklərlə müşayiət olunur. Uşağın təhsil, sağlamlıq problemləri var, bu məsələləri həll etmək lazımdır. Ona görə də sosial-iqtisadi vəziyyətlə də bunu əsaslandırmaq olar. Planlaşdırılmamış hamiləlik deməzdim. Çünki indi çoxsaylı rəqəmsal platformalarda hamiləliyin planlaşdırılması ilə bağlı maarifləndirmə işləri gedir, aidiyyəti qurumlar da bununla bağlı maarifləndirmə aparırlar. Hələ bir neçə il bundan əvvəl bu barədə kitabçalar da buraxılıb. Yəni hər bir qadın həmin planlaşdırmanı çox yaxşı bilir.

Gələcəkdə bunun qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. Dövlət səviyyəsində ailələrdə həvəsləndirmələr həyata keçirilməlidir. İki, üç və dörd uşağa görə müəyyən pul vəsaitləri ödənilməli və yaxud uşağın banklarda hesabı açılmalıdır. Rusiyada da, müxtəlif ölkələrdə də belə təcrübələr var. Bu təcrübədən istifadə olunur ki, ailələrdə həm uşaqların sayının artırılması, həm də abortların sayının azaldılması üçün çoxsaylı tədbirlər həyata keçirilsin. Belə olarsa, bir də selektiv abortlar, mən deyərdim ki, birmənalı şəkildə ləğv olunmalıdır. Dövlət səviyyəsində bununla bağlı hansısa sənəd imzalanmalı, göstəriş verilməlidir ki, selektiv abortlar ümumiyyətlə ölkədə qadağan olunsun. Başlıca olaraq selektiv abortlar nə qədər ki bizim ölkəmizdə ləğv olunmayacaq, biz abortların sayının gələcəkdə bundan da artıq olacağını görə bilərik. Mütəxəssislər tərəfindən əsaslı proqramlar hazırlanmalıdır. Sosial proqramlar, ailələrlə bağlı sosial proqramlar hazırlanıb həyata keçirilməli, çoxsaylı həvəsləndirmə proqramları tətbiq edilməlidir ki, bu göstərici ildən-ilə aşağı düşsün. Dediklərimiz real həyatda gerçəkləşməzsə, biz gələcəkdə bu statistikanın daha da qabaracağını görəcəyik”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 09:19
Top