Saatlarla tıxacda qalmaq avtomobilə necə təsir edir? — Usta açıqladı

AVTO 17 sentyabr 2026, 08:30
Paytaxtda nəqliyyat sıxlığının artması sürücülərin gün ərzində uzun müddət tıxacda qalmasına səbəb olur. Saatlarla hərəkətsiz və ya aşağı sürətlə çalışan avtomobil yalnız yanacaq sərfiyyatını artırmır, eyni zamanda mühərrik, soyutma sistemi, transmissiya və digər texniki hissələrə əlavə yük yaradır. 

Mühərrik ustası, BMW, Land Rover markalı avtomobillərin mühərriklərinin təmiri üzrə mütəxəssis Azər Zülfiqar Demokrat.az-a bu barədə danışıb.



Onun sözlərinə görə, tıxacda dayanmış avtomobildə birinci növbədə soyutma sistemi ilə bağlı problemlər yaranır:

“Buraya borular, termostat, su pompası, radiator, hətta mühərrikin özündə yarana biləcək nasazlıqlar da daxildir. Çünki avtomobil saatlarla yerində işləyir və mühərrik yüksək temperaturda çalışır. Maşın hərəkətdə olarkən külək vasitəsilə soyuyur, amma yerində dayanarkən həm özünün yaratdığı istilik, həm də ətrafdakı avtomobillərin istisi mühərrikə və digər sistemlərə əlavə yük yaradır. İkincisi, mühərrik yağına təsir edir. Məsələn, adi rejimdə 7 min kilometrdən bir dəyişdirilən yağ tıxacda daha çox işlədilən avtomobildə 4-5 min kilometrdən bir dəyişdirilməlidir. Çünki belə hallarda avtomobilin iş yükü yalnız kilometrlə deyil, saatla da ölçülür. Buna görə də yağ daha tez öz keyfiyyətini itirir”.

Azər Zülfiqarov üçüncü növbədə transmissiyanın gəldiyini deyib:

“Məsələn, avtomobil yerində dayanarkən selektor “Drive” vəziyyətində saxlanıldıqda transmissiya qızır. Nəticədə transmissiya yağının keyfiyyəti itir və transmissiyanın ömrü qısalır. Bunlar əsas üç problemdir. Bundan başqa, yanacaq sistemi də təsirlənir. Yanacaq qızır və yerində uzun müddət işləyən avtomobildə onun temperaturu daha çox yüksəlir. Bu da yanacaq pompasına, yanacaq nasosuna zərər yetirə bilər. Ona görə də tıxaclarda çox işləyən avtomobillərdə yanacaq çəni və yanacaq sistemi ilə bağlı problemlərə daha çox rast gəlinir”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 09:19
16 sentyabr 2026, 23:45
16 sentyabr 2026, 22:57
Top