“Qarabağ Universiteti bölgənin elm və innovasiya mərkəzinə çevrilə bilər”

GÜNDƏM 07 oktyabr 2025, 20:23
“Qarabağ Universitetində Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolunun imzalanması iki qardaş ölkə arasında strateji təhsil inteqrasiyasının yeni mərhələsini başlatdı”. 

Bu barədə təhsil mütəxəssisi Cavid Nəsirov  Demokrat.az-a açıqlama verib.

O əlavə edib ki, bu əməkdaşlıq təkcə ali təhsil deyil, həm də peşə, orta və pedaqoji təhsil sistemlərini əhatə edəcək:

“İmzalanan sənədin əsas məqsədi birgə tədris proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi və elm-təhsil əlaqələrinin gücləndirilməsidir. Türkiyə təhsil modelinin müəyyən elementlərinin Azərbaycanda tətbiqi praktik yönümlü tədrisin artmasına, müasir pedaqoji metodların mənimsənilməsinə şərait yaradacaq. Bu əməkdaşlıq nəticəsində Qarabağ Universiteti bölgənin elm və innovasiya mərkəzinə çevrilə bilər. Tərəflər arasında imzalanan protokol ortaq diplom proqramlarının tətbiqinə, Türkiyə universitetlərinin təcrübəsinin paylaşılmasına və dil, mədəniyyət, tarix istiqamətlərində ortaq layihələrin reallaşmasına imkan verəcək. Bu, eyni zamanda, Azərbaycan tələbələrinin Türkiyə ali təhsil sisteminə daha asan inteqrasiyasına şərait yaradacaq”.

Ekspertin fikrincə, bu əməkdaşlıq həm də Qarabağın elm və təhsil potensialının bərpası baxımından strateji əhəmiyyət daşıyır:

“İki ölkə arasında təhsil birliyinin dərinləşməsi gələcək nəsillərin eyni intellektual və mədəni platformada yetişməsini təmin edəcək. Bu, uzunmüddətli perspektivdə regionda bilik əsaslı iqtisadiyyatın formalaşmasına ciddi təkan verəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top