Bağçalarda nəzarət problemi: Bir tərbiyəçiyə eyni vaxtda 30–40 uşağa nəzarət etmək düşür

GÜNDƏM 07 oktyabr 2025, 20:51
"Məncə, bu hallar tərbiyəçilərin həm gərginliyi, həm də bir qədər məsuliyyətsizliyi ilə bağlıdır. Məlumdur ki, dövlət bağçalarında uşaqların sayı normadan artıqdır. Bir tərbiyəçiyə eyni vaxtda 30–40 uşağa nəzarət etmək düşür və bu, təbii ki, çox çətindir. Belə hallarda uşaqlar dırmaşır, qaçır, yıxılır, yəni istənilən vaxt hadisə baş verə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

"Tam olaraq hər uşağın yanında eyni anda olmaq mümkün deyil. Bununla yanaşı, bəzi hallarda məsuliyyətsizlik də müşahidə olunur. Tərbiyəçilər uşaqlara diqqət etmirlər, bəzən kənarda vaxt keçirirlər. Belə hallar yolverilməzdir.
Bu səbəbdən bağçalarda kamera sistemləri quraşdırılıb və rəhbərlik tərəfindən nəzarət gücləndirilməlidir. Məsuliyyətsizlik halları aşkarlanarsa, mütləq şəkildə cəzalandırılmalıdır ki, bu, digərlərinə də dərs olsun".

O bildirib ki, bəzi hadisələr sırf təsadüf nəticəsində baş verə bilər:

"Məsələn, uşaqlar çox olduqda hamısına eyni vaxtda nəzarət etmək çətindir. Bu zaman uşağın yıxılması və ya xəsarət alması mümkündür. Bu hallar müəyyən qədər başadüşüləndir, amma əsas məsələ ondadır ki, bu, məsuliyyətsizlikdən irəli gəlməsin.
Tərbiyəçi diqqətli olmalı, uşaqları təhlükəsiz yerdə oynatmalı və daim onların yanında olmalıdır. Hər hadisə ayrıca araşdırılmalı, müəyyən edilməlidir ki, bu, məsuliyyətsizlik nəticəsidir, yoxsa sadəcə təsadüfi haldır".

Ekspert deyib ki, belə hallar təkcə dövlət bağçalarında deyil, özəl müəssisələrdə də ola bilər: 

"Amma əsas problemlərdən biri odur ki, bağçalarda tərbiyəçi çatışmazlığı var. Uşaq sayı çox, tərbiyəçi sayı isə azdır.
Hazırda ölkədə bağçalar uşaqların cəmi 25 faizini əhatə edir. Nəticədə sıxlıq yaranır, bu da həm uşaqların təhlükəsizliyinə, həm də tərbiyəçilərin iş yükünə mənfi təsir göstərir. Bu məsələlər ciddi şəkildə tənzimlənməli və vəziyyətin yaxşılaşdırılması üçün addımlar atılmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top