YapiKredi Müraciət Forması
Gündəm Özəl

Politoloq: "Müttəfiqlik qarşı tərəfin cəmiyyətinə necə yaşamağı izah etmək deyil"

Politoloq: Müttəfiqlik qarşı tərəfin cəmiyyətinə necə yaşamağı izah etmək deyil

"İran rəsmisinin Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlaşma, ortaq dəyərlər və xalqın hüquqlarına hörmət əsasında həll edilməli olduğunu bildirməsi diplomatik baxımdan diqqətçəkən yanaşmadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın daxili ictimai münasibətlərinə dair müzakirələr aparılarkən ölkəmizin hüquqi reallıqları, dünyəvilik prinsipləri və cəmiyyətin tarixi inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır:

"Azərbaycan tolerantlıq ənənələri, müxtəlif dini inanclara münasibəti və multikultural cəmiyyət modeli ilə seçilən dövlətdir. Ölkəmizdə hicaba ümumi qadağa yoxdur və bu məsələni Azərbaycanın dini azadlıqları məhdudlaşdıran dövlət kimi təqdim etməyə çalışan yanaşmalar həqiqəti əks etdirmir. Məktəblərdə tətbiq edilən vahid geyim qaydalarını dini ayrı-seçkilik kimi qələmə vermək də düzgün deyil. Türkiyənin bu məsələdə daha diplomatik, Azərbaycanın suverenliyinə və daxili hüquqi çərçivəsinə hörmət edən mövqe sərgiləməsi gözlənilən olardı. Azərbaycanla Türkiyə arasındakı münasibətlər qardaşlıq, strateji müttəfiqlik və qarşılıqlı etimad üzərində qurulub. Belə münasibətlərdə həssas ictimai mövzular ətrafında fikir bildirilərkən Azərbaycanın mövqeyini əvvəlcədən nəzərə almaq siyasi mədəniyyətin və müttəfiqlik məsuliyyətinin mühüm göstəricisidir. Türkiyə tərəfi məsələni emosional müzakirələrə açıq buraxmaq əvəzinə, Azərbaycanın dünyəvi dövlət modelini, qanunvericiliyini və cəmiyyətin özünəməxsus xüsusiyyətlərini nəzərə alan diplomatik dil seçə bilərdi.Əgər Türkiyə məsələyə bu cür yanaşsaydı, hazırkı müzakirələrin daha az gərgin keçməsi, ictimai müstəvidə yaranan sualların və yanlış təsəvvürlərin qarşısının alınması mümkün olardı. Çünki Azərbaycan cəmiyyəti üçün əsas prinsip dini inanclara hörmətlə dövlətin dünyəvi əsaslarının qorunması arasında tarazlığın saxlanılmasıdır. Bu tarazlıq ölkəmizin müstəqillik dövründə formalaşdırdığı ictimai-siyasi modelin mühüm xüsusiyyətidir".

Politoloq əlavə edib ki, Azərbaycanın dövlətçilik ənənələri dini dəyərlərlə milli kimliyi qarşı-qarşıya qoymur, eyni zamanda, heç bir dini yanaşmanın dövlətin hüquqi prinsiplərindən üstün tutulmasına imkan vermir:

Politoloq: Müttəfiqlik qarşı tərəfin cəmiyyətinə necə yaşamağı izah etmək deyil

"Burada Türkiyəyə ünvanlanan əsas sual da məhz budur ki, Azərbaycanla münasibətlərdə strateji müttəfiqlikdən danışılırsa, niyə həssas məsələlərdə Bakı ilə əvvəlcədən məsləhətləşməyə, Azərbaycanın mövqeyini nəzərə almağa və ortaq diplomatik dil formalaşdırmağa daha çox əhəmiyyət verilməsin? Qardaşlıq münasibətləri yalnız siyasi bəyanatlarla deyil, qarşı tərəfin suveren qərarlarına və ictimai həssaslıqlarına göstərilən münasibətlə də ölçülür. Azərbaycan öz dövlətçilik modelini, dünyəvi idarəçilik prinsiplərini və dini tolerantlıq ənənələrini heç bir xarici siyasi mərkəzin qiymətləndirməsinə möhtac olmadan qorumaq gücündədir. Türkiyənin də bu reallığı nəzərə alması, Azərbaycanın daxili məsələlərinə münasibətdə daha həssas və məsuliyyətli mövqe sərgiləməsi strateji tərəfdaşlığın ruhuna uyğun olardı. Müttəfiqlik qarşı tərəfin cəmiyyətinə necə yaşamağı izah etmək deyil, onun müstəqil seçimlərinə hörmət göstərməkdir".

Fidan Hacızadə

NE
Nihadə Eyyubova