Hökməlidə itlər boğuşdu, sahibləri isə yumruq davasına çıxdılar —TƏFƏRRÜAT

KRİMİNAL 07 oktyabr 2025, 20:38
Abşeron rayonunda it üstündə iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 21-də Hökməli qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Qalib həmin gün saat 09:30-da Mənsim ilə mübahisə edib.  O, yumruqla zərərçəkmiş şəxsin sifətinə və bədəninin digər nahiyələrinə vurub. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır: “Hadisədən əvvəlki günlərdən birində, səhər saatlarında yaşadığım ünvanın yaxınlığında küçədə özümə məxsus pitbul cinsli itlə piyada gedərkən Mənsim adlı şəxsin evinin yaxınlığından keçdim. Bu zaman  cilovunu tutduğu it əlimdən çıxaraq həmin açıq həyətyanı sahədə olan pitbul cinsli digər it ilə dalaşmağa başladı. Mən itləri aralaşdırdım və oradan uzaqlaşdım. Yaşadığım qəsəbədə yaşayan iki nəfər uşaq sonradan yaxınlaşaraq Mənsimin məni və itimi döyəcəyini deməsini  bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ertəsi gün Hökməli  qəsəbəsində küçədə öz iti ilə piyada gedərkən Mənsimlə qarşılaşıb: “Mənsim mənim, itimin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Aramızda sözlə mübahisə yarandı və mübahisə zamanı əlim ilə bir dəfə onun ağız nahiyəsindən tutaraq itələdim. Bu vaxt Mənsim yerə yıxıldı. Həmin vaxt üzərində oturaraq onu şillələdim və baş nahiyəsini torpağa sıxdım. Kənara çəkildikdən sonra itimin onun gödəkcəsinin arxa tərəfindən tutmasını gördüm. İti Mənsimdən araladım və ona bundan sonra hərəkətlərinə fikir verməsini söylədim. Mənsimin yanından getdikdən sonra onu döydüyüm üçün peşman oldum”. 

İş üzrə zərərçəkmiş Mənsimin sözlərinə görə, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır: “Hadisədən əvvəlki gün, səhər saatlarında yaşadığım evdə olarkən evin açıq həyətində səs-küy gəlməsini gördüm və bayıra çıxdım. Başqa bir itin evimin açıq həyətyanı sahəsində olan it ilə boğuşmasını gördüm və itləri aralaşdırdım. Həmin pitbul cinsli itin sahibi Qalib adlı şəxs öz itinin anidən onun əlindən çıxaraq itimin üzərinə getməsini dedi. Sonradan oradan uzaqlaşdı”. 

Zərərçəkmiş qeyd edib ki, ertəsi gün saat 09:30-da Hökməli qəsəbəsində, yaşadığım evin yaxınlığındakı küçədə olarkən həmin iti və itin sahibi Qalib adlı şəxsi görüb: “Həmin itin əvvəlki gün bizim itimiz ilə dalaşan it olub-olmadığını soruşdum. Qalib isə mənimlə kobud danışmağa başladı və öz itini üzərimə saldırdı. Qalibin iti üzərimə hücum edərək boyun, boğaz nahiyələrimə xəsarət yetirdi. Həmin vaxt Qalib də üzərimə hücum edərək yumruq zərbəsi ilə sifət nahiyəmə vurdu. Bundan sonra da Qalib bir neçə dəfə əli ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu. Mən də qaçaraq oradan uzaqlaşdım və uzaqlaşdıqdan sonra özümə məxsus “Samsung” markalı telefonumun üzərimdə olmadığını aşkar etdim. Telefonunu tapmaq üçün hadisə yerinə qayıtdım. Həmin yerdən cibimdən düşən siqaretimi və alışqanımı tapsam da, telefonunu tapa bilmədim. Həmin telefonu yerə düşdükdən sonra Qalibin götürməsini güman etdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb. Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışladığını, ona cəza verilməməsinin xahiş edib. 

Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top