“Bu reallığın adı var – qalib, güclü və məsuliyyətli Azərbaycan”

GÜNDƏM 07 oktyabr 2025, 19:48
“Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan yeni imkanlar, əslində, Azərbaycanın bölgədə yaratdığı reallıqların təbii nəticəsidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, 2020-ci ildən sonra regionda qüvvələr balansı tam dəyişdi və bu balansın mərkəzinə Azərbaycan oturdu:

“Bakı bu gün təkcə qalib dövlət kimi deyil, həm də sülh təşəbbüslərinin aparıcı memarı kimi çıxış edir. Azərbaycanın təklif etdiyi nəqliyyat, enerji və kommunikasiya layihələri artıq regional inteqrasiyanın əsas dayağına çevrilib. Zəngəzur dəhlizinin reallaşması təkcə iqtisadi deyil, həm də siyasi sabitlik baxımından mühüm strateji addımdır. Azərbaycan bu prosesdə həm Türkiyə, həm də Mərkəzi Asiya ölkələri ilə körpü rolunu oynayır. Sülhün əsas istiqamətləri qarşılıqlı etimadın bərpası, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və humanitar
inteqrasiyanın genişlənməsidir. Bakı bütün tərəflərə açıq dialoq platforması təklif edir və bunu real siyasətlə sübut edib”.

O əlavə edib ki, Cənubi Qafqazda dayanıqlı sabitliyin təminatı artıq hansısa kənar güclər deyil, məhz regional iradədir:

“Azərbaycan bu iradənin əsas daşıyıcısı kimi çıxış edir. Enerji layihələri, xüsusilə də yaşıl enerji təşəbbüsləri regionu yeni inkişaf mərhələsinə çıxara bilər. Bakı həmçinin sülhməramlı diplomatiyanı praktik iqtisadi əlaqələrlə birləşdirərək unikal model formalaşdırır. Ermənistan üçün də bu, tarixi fürsətdir – əməkdaşlıq seçilərsə, regionun gələcəyi sabitlik üzərində qurular. Azərbaycan tərəfi revanşist ritorikanı yox, əməkdaşlıq ruhunu irəli çəkir. Bu, real dövlətçilik yanaşmasıdır. Cənubi Qafqazda sülh artıq uzaq ideya deyil, Azərbaycanın rəhbərlik etdiyi regional reallıqdır. Və bu reallığın adı var – qalib, güclü və məsuliyyətli Azərbaycan”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top