Sosial şəbəkələrin sürətli yüksəlişi oxucuların informasiya əldə etmə vərdişlərini köklü şəkildə dəyişir. İstifadəçilər xəbərləri klassik veb-saytlardan deyil, sosial platformalardakı qısa və operativ paylaşımlardan izləməyə üstünlük verirlər. Bu dəyişiklik rəqəmsal nəşrlərin oxucu auditoriyasını daraldır və onların reklam gəlirlərini ciddi şəkildə zəiflədir. Media qurumları auditoriyanı geri qaytarmaq və yeni mühitə uyğunlaşmaq üçün fərqli strategiyalar axtarmağa məcbur qalırlar.
Bəs beş il sonra onlayn medianı nə gözləyir?
Demokrat.az bu sualla bağlı yerli sayt rəhbərlərinin fikirlərini öyrənib.
İqtisadiyyat.az saytının baş redaktoru Səid Qərib saytımıza açıqlamasında bildirib ki, onlayn media müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacarmalıdır:

"Son illər Azərbaycan mediası inkişaf tempi ilə irəliləyir. Bu inkişafın yaranmasında təbii ki, tənzimləmə mühitinin formalaşmasının böyük rolu var. Fikrimcə, onlayn media müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacarmalıdır. Müasir texnologiyalar və tənzimləmə mühiti həm onlayn medianın inkişafına, həm də oxucu auditoriyasının genişlənməsinə şərait yaradır.
Fikir verirsinizsə, süni intellektin redaksiya axınına inteqrasiyası müşahidə olunur. Artıq redaksiyalar bu və ya digər formada süni intellektin imkanlarından yararlanırlar. Bununla yanaşı, süni intellektin fəsadları ilə də üzləşə bilərik. Odur ki, süni intellektdən istifadə xüsusi həssaslıq tələb edir.
Bu gün ara-sıra sosial şəbəkə platformalarında "deepfake" və dezinformasiya materiallarına da rast gəlinir. Müşahidələr göstərir ki, əksər hallarda bu cür saxta materiallar vizual formada təqdim olunur. Düşünürəm ki, "deepfake" və dezinformasiyaya qarşı mübarizə də elə həm də vizual olmalıdır, yəni bu mübarizəni elə sosial şəbəkələrin imkanlarından yararlanaraq aparmaq lazımdır.
Çünki artıq bu gün informasiyanı sosial şəbəkələrdən əldə edən böyük oxucu kütləsi formalaşıb. Odur ki, böyük mətnlərdən ibarət məzmunları artıq qısa videoların, "reels-shorts"ların, teleqram kanallarının əvəzlədiyi gözləniləndir. Mobil ekranlara uyğunlaşdırılmış qısa video izahlar, interaktiv qrafiklər və səsləndirilmiş xəbər bülletenləri standart mətn xəbərlərini əvəzləməkdədir.
Düşünürəm ki, dövrün tələbi sağlam rəqabət formasında sosial media səhifələrinin də inkişafına gətirib çıxaracaq. Qısacası, qarşıdakı illərdə onlayn media sadəcə "xəbəri tez yaymaq"la deyil, onu sadə və vizual anlatmaq, həm də oxucunun vaxtına və etibarına hörmət etmək bacarığı ilə seçiləcək".
Milli.Az xəbər portalının baş redaktoru Asif Dəmirov isə qeyd edib ki, insanlar ən çox informasiyanı sosial şəbəkələrdən və fərdi şəxslərdən almağa başlayıblar:

"İstər Azərbaycanda, istərsə də dünyada elm və texnologiyanın inkişafından ən çox təsirlənən sahələrdən biri media olub. Azərbaycan mediası da qlobal media məkanının tərkib hissəsi kimi texnoloji yeniliklərin təsirindən kənarda qalmayıb. Medianın tarixinə nəzər salsaq, qəzetlərdən xəbər saytlarına, televiziya və radiodan sosial şəbəkələrə qədər informasiya yayımının forması daim dəyişib.
Hazırda Azərbaycan mediası növbəti transformasiya mərhələsini yaşayır. Artıq ənənəvi media dedikdə əsasən xəbər saytları nəzərdə tutulur. Lakin onların da fəaliyyət və yayım formatı dəyişmək üzrədir. Belə ki, insanlar informasiyanı getdikcə daha çox sosial şəbəkələrdən və fərdi kontent yaradıcılarından əldə edirlər. Nəticədə media subyektləri ilə yanaşı, fərdi şəxslər də informasiya məkanında mühüm rol oynamağa başlayıblar.
Mövcud tendensiyalar fonunda növbəti beş ildə onlayn medianı hansı perspektivlərin gözlədiyi ilə bağlı proqnozum o qədər də nikbin deyil. Hesab edirəm ki, onlayn media da bir müddət əvvəl çap mediasının üzləşdiyi problemlərlə qarşılaşa bilər. Əgər xəbər saytları öz fəaliyyət və informasiya yayımı modellərini dəyişməsələr, yeni rəqabət mühitinə uyğunlaşmasalar, onların da tədricən auditoriyasını və mövqelərini itirməsi, nəticədə sıradan çıxması mümkündür".
Qaynarinfo.az saytının redaktoru Pərvin Kazımoğlu isə qeyd edib ki, qarşıdakı beş il onlayn media üçün həlledici dövr olacaq:

"Bu müddətdə media sektoru indiyədək gördüyümüzdən daha ciddi dəyişikliklərlə üzləşəcək. Rəqəmsallaşma, süni intellekt, informasiya istehsalının sürətlənməsi və insanların xəbərləri əldə etmə vərdişlərinin dəyişməsi ənənəvi media modelini ciddi şəkildə sınağa çəkəcək.
Əslində, bu prosesin ilkin mərhələsindəyik. Süni intellekt vasitəsilə saniyələr ərzində xəbər mətni hazırlamaq, məlumatları təhlil etmək, görüntü və video yaratmaq mümkündür. Yaxın illərdə bu imkanlar daha da genişlənəcək. Nəticədə, sadəcə informasiyanı oxucuya çatdırmaq onlayn medianın əsas üstünlüyü olmayacaq. Çünki eyni informasiyanı hər kəs, hətta heç bir redaksiyası olmayan platformalar belə yaya biləcək. Günün trendlərinə uyğunlaşanlar ayaqda qalacaq, ənənəvi, yeniliklərə uyğunlaşa bilməyən "qocalar" tarixin arxivinə qovuşacaq.
Amma Azərbaycanda ənənəvi medianın tamamilə məhv olacağını düşünmürəm. Dəyişikliklərə uyğunlaşa bilməyən media qurumlarının sıradan çıxması real təhlükədir. Beş ildən sonra indiki saytların heç də hamısının fəaliyyətini eyni formada davam etdirəcəyinə inanmıram. Bəzi media orqanları fəaliyyətini dayandıracaq, bəziləri birləşməyə və ya tamamilə fərqli iş modelinə keçməyə məcbur olacaq. Yeniliyi vaxtında qəbul edənlər isə daha güclü mövqeyə sahib olacaqlar.
Burada əsas məsələ süni intellektlə rəqabət aparmaq deyil, ondan düzgün istifadə etməyi bacarmaqdır. Süni intellekt jurnalistin müəyyən texniki və vaxt aparan işlərini asanlaşdıra bilər. Amma hadisənin mahiyyətini anlamaq, mənbələrlə işləmək, araşdırma aparmaq, məsuliyyət daşımaq və ictimai əhəmiyyətli suallar qoymaq hələ də peşəkar jurnalistikanın əsas xüsusiyyətləridir. Fikrimcə, gələcəyin mediasında məhz bu keyfiyyətlər daha çox dəyər qazanacaq.
Azərbaycan mediasının qarşısında bir neçə mühüm vəzifə dayanır. İlk növbədə, redaksiyalar texnoloji yeniliklərə investisiya qoymalı, jurnalistlərin rəqəmsal bacarıqlarını artırmalı, süni intellekt alətlərindən istifadənin mexanizmlərini formalaşdırmalıdırlar. Bununla yanaşı, kontent strategiyası dəyişməlidir. Artıq yalnız operativ xəbər verməklə auditoriyanı uzun müddət saxlamaq mümkün olmayacaq. Araşdırma, eksklüziv məlumat, analitik material, keyfiyyətli müsahibə və ictimai maraq doğuran mövzular ön plana çıxmalıdır.
Digər vacib məsələ etimaddır. İnformasiya bolluğu artdıqca doğru məlumatla saxta informasiyanı ayırmaq çətinləşəcək. Belə bir şəraitdə oxucu etibar etdiyi media mənbəyini axtaracaq. Deməli, peşəkarlıq, obyektivlik, faktların yoxlanılması və redaksiya məsuliyyəti medianın ən böyük kapitalına çevriləcək.
Bununla yanaşı, Azərbaycan onlayn mediasında iqtisadi model də dəyişməlidir. Media qurumları alternativ gəlir mənbələri, abunə sistemləri, xüsusi layihələr və auditoriya ilə birbaşa əlaqə mexanizmləri üzərində düşünməlidirlər. Reklam bazarı olmadan güclü media olmayacaq. Texnoloji yenilənmə ilə yanaşı, maliyyə dayanıqlığı da vacib şərtdir. Hər şeyin başında maliyyə dayanır. Maliyyə olmadan nə yeniliklərə uyğunlaşma olacaq, nə kiber təhlükəsizliyi təmin etmək mümkün olacaq, nə də fərdi inkişaf reallaşacaq. İlk növbədə mətbuat orqanlarının iqtisadi müstəqilliyi, maddi-texniki bazası təmin olunmalıdır. Bunlar baş verəndə təbii inkişaf da baş verəcək".
Ölkə.az saytının baş redaktoru İmdad Əlizadə bildirib ki, nəinki qarşıdakı beş il ərzində, ondan sonrakı dövrdə də onlayn media yaşayacaq.

"Hazırda onlayn media, televiziya və qəzetlər də daxil olmaqla, bütün media subyektləri ilə sosial şəbəkələr arasında ciddi rəqabət mövcuddur. Müasir smartfon və sosial şəbəkələrdən istifadə edən insanlar gün ərzində müxtəlif informasiyalar yayır, foto və videolar paylaşırlar.
Bununla belə, sosial şəbəkələrdə informasiya paylaşımı ilə peşəkar jurnalistika arasında ciddi fərq var. Peşəkar jurnalistlər informasiya toplamaq, yoxlamaq və ictimaiyyətə təqdim etmək sahəsində xüsusi təcrübəyə malikdirlər. Onlar əsasən media subyektlərində fəaliyyət göstərirlər. Texnologiyaların inkişafı, telefonların və çəkiliş imkanlarının təkmilləşməsi isə sosial media istifadəçiləri ilə peşəkar jurnalistlər arasındakı rəqabəti daha da gücləndirir.
Bununla belə, hesab edirəm ki, sosial şəbəkələrdə xəbər paylaşan şəxslər peşəkar jurnalistləri tamamilə əvəz edə bilməyəcəklər. Gələcəkdə bəzi jurnalistlər sosial media platformalarına yönələ bilər, lakin bu, ənənəvi və onlayn medianın sıradan çıxacağı anlamına gəlmir. Cəmiyyət mövcud olduqca, ictimai proseslər davam etdikcə informasiyaya və peşəkar jurnalistikaya ehtiyac qalacaq. Buna görə də onlayn medianın gələcəkdə də fəaliyyətini davam etdirəcəyini düşünürəm".



