Ermənistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa müzakirələrinin beşinci raundu iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı baxımından diqqət çəkir. Görüşlərdə yalnız mövcud məsələlərin müzakirəsi deyil, gələcək əməkdaşlıq istiqamətləri və yeni təmas mexanizmlərinin yaradılması da gündəmə gətirilib.
Demokrat.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Hafta.az-a açıqlamasında bildirib ki, bu tədbirin keçirilməsi iki dövlətin vətəndaş cəmiyyəti institutları arasında müəyyən körpülərin qurulması istiqamətində mühüm addımlardan biridir.
Onun sözlərinə görə, "Sülh körpüsü" təşəbbüsü 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış sənədlər əsasında formalaşan sülh gündəliyinin möhkəmləndirilməsinə xidmət edir:
"Qeyd etmək istəyirəm ki, bu sülh körpüsü təşəbbüsü 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış və razılaşdırılmış sənədə əsasən sülh gündəliyinin, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə xidmət etmək məqsədi daşıyır. Bu, institutlar və cəmiyyətlər arasında etimadın gücləndirilməsi, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və eyni zamanda, digər bağlantıların daha da inkişaf etdirilməsi məqsədini daşıyan bir təşəbbüsdür. Təbii ki, bu tədbir diplomatiyanı qabaqlaya bilməz. Bu, həm də diplomatiyanın təqdim etdiyi və istiqamətləndirdiyi tədbirlərdən biridir. Çünki Azərbaycan-Ermənistan arasında diplomatik münasibətlərin qurulması istiqamətində hələ də ikitərəfli danışıqlar, komissiyalar çərçivəsində müzakirələr davam edir. Elə bu yaxın günlərdə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Gəncəyə gəlişi gözlənilir. Belə hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında nə qədər çox əməkdaşlıq olacaqsa, istər ictimai təşkilatlar, istərsə də dövlət strukturları səviyyəsində həyata keçirilən təmaslar sülhə doğru atılan addımlara bir o qədər çox töhfə verəcək".
Çingiz Qənizadə budəfəki görüşün əvvəlki dörd raunddan fərqləndiyini də vurğulayıb. Onun fikrincə, bu dəfə müzakirələr yalnız mövcud problemlərlə məhdudlaşmayıb, gələcək fəaliyyət istiqamətləri və konkret əməkdaşlıq mexanizmləri də diqqət mərkəzində olub:
"Bu dəfəki görüşün digər dörd əvvəlki görüşdən fərqi ondan ibarətdir ki, burada növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Təşəbbüsün koordinatoru Fərhad Məmmədov da bunu qeyd etdi. Eyni zamanda, gələcəkdə digər formatlarda tədbirlərin və görüşlərin keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu görüşün digərlərindən fərqi həm də ondan ibarətdir ki, artıq müzakirələrlə yanaşı, tematik komitələr də fəaliyyət göstərməyə başlayacaq. Bu komitələrdə ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media istiqamətlərinin müzakirəsi nəzərdə tutulur".
Komitə sədri bu cür görüşlərin davamlı xarakter daşımasının vacibliyini qeyd edib. Bildirib ki, qeyri-hökumət təşkilatlarının sülh prosesinə cəlb olunması dövlətin qarşıya qoyduğu məqsədlərə çatmaq baxımından əhəmiyyətlidir:
"Mən bu cür tədbirləri müsbət dəyərləndirirəm və hesab edirəm ki, bu, beşinci və sonuncu olmamalıdır. Dövlətimizin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün qeyri-hökumət təşkilatlarının fəaliyyətindən, onların bu prosesə qoşulmasından məmnunam. Belə hesab edirəm ki, bu fəaliyyət gələcəkdə də davam etdirilməlidir. Ümumiyyətlə, Qafqazda hələlik kövrək sülhün bərqərar olmasının şahidiyik. Amma dayanıqlı sülhün əldə olunması üçün mütləq Ermənistanla rəsmi və qeyri-rəsmi görüşlər artırılmalıdır".
Çingiz Qənizadə Ermənistanda hələ də mövcud reallıqlarla barışmaq istəməyən qüvvələrin olduğunu, onların müxtəlif məsələlər üzərindən narazılıq və gərginlik yaratmağa çalışdıqlarını da diqqətə çatdırıb. Bu baxımdan, Qarabağda doğulmuş ermənilərə verilən pasportlarda doğum yeri kimi Azərbaycanın göstərilməsi ətrafında yaranan müzakirələrə toxunub:
"Nəzərə alsaq ki, ermənilər yavaş-yavaş məğlubiyyətlə barışmırlar, haqlı olmasalar da belə, müxtəlif məsələlər üzərindən narazılıqlarını ifadə edirlər. Elə bu günlərdə Dağlıq Qarabağda doğulmuş ermənilərin pasportları ilə bağlı məsələ də gündəmə gəlib. Bildiyiniz kimi, bu günlərdə artıq onlara yenidən pasportların verilməsi prosesi başlayıb. Doğum yeri kimi Azərbaycanın göstərilməsi Qarabağdan gələn erməniləri çox qıcıqlandırıb. Onlar, bildiyiniz kimi, Azərbaycan deyil, öz ifadələri ilə desək, heç bir dövlətin tanımadığı qondarma ‘Artsax" adının yazılmasını istəyirlər. Bu, göstərir ki, Qarabağdan köçmüş ermənilərin bir qismi hələ də işğalçılıq düşüncəsindən əl çəkməyib, narazılıq yaratmaq və problemlər formalaşdırmaqla məşğuldur. Düzdür, Alen Simonyan onlara bu məsələdə kifayət qədər əsaslandırılmış cavab verib və hüquqi mövqeyini açıqlayıb. Ermənistan dövlət siyasətinin tərkib hissəsi olaraq pasportlarda Azərbaycanın göstərilməsinin səbəbini və hüquqi tərəfini izah edib".
Çingiz Qənizadə hesab edir ki, Ermənistan cəmiyyətində sülh prosesinə mane olan qüvvələrin mövcudluğu Azərbaycanla münasibətlərin normallaşması istiqamətində ictimai təmasların əhəmiyyətini daha da artırır:
"Yenə də nəzərə alsaq ki, Ermənistanda və müəyyən yerli qüvvələr arasında hələ də bu və ya digər formada sülh prosesinin reallaşmasına, Azərbaycan-Ermənistan əlaqələrinin inkişafına, gənclərin mübadiləsinə, səfərlərin təşkilinə, eləcə də iki dövlət arasında rəsmi əlaqələrin qurulmasına mane olan qüvvələr var. Ona görə də bu cür addımların atılması, görüşlərin keçirilməsi, istər dövlət, istərsə də qeyri-dövlət təsisatları tərəfindən həyata keçirilən təmaslar, məncə, doğru istiqamətdə atılan addımlardır. Mən bu prosesi alqışlayıram".



