Son zamanlar xəbər saytlarında müəllim və həkimlərin vəfatı, müxtəlif müəssisələrdə çalışan şəxslərin vəzifə dəyişiklikləri ilə bağlı məlumatlar geniş şəkildə tirajlanır. Bu tip xəbərlər oxucular tərəfindən də maraqla qarşılanır. Belə bir mənzərə medianın gündəmini, xəbər seçimini və cəmiyyətin informasiya marağını müzakirə mövzusuna çevirir.
Medianın gündəmi niyə daha çox bu tip xəbərlərlə formalaşır?

BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, elm, səhiyyə və təhsil cəmiyyətin maraq dairəsində olan əsas sahələrdir:
"Çünki cəmiyyətin gələcəyi bir çox hallarda təhsillə bağlıdır, səhiyyə isə insanların gündəlik həyatda qarşılaşdığı ən vacib məsələlərdən biridir. Bu baxımdan, həmin mövzuların mediada işıqlandırılması normaldır. Lakin bu mövzuları həddindən artıq detallandırmaq, insanların şəxsi həyatını ön plana çəkmək və bir çox hallarda sensasiya naminə tirajlamaq medianın keyfiyyətinə mənfi təsir göstərir. Bu mövzulara niyə bu qədər əhəmiyyət verilir? Çünki hər kəsin həyatı həmin sahələrlə birbaşa bağlıdır. Bəs digər mövzular niyə bəzən diqqətdən kənarda qalır? Bunun səbəblərindən biri medianın alternativ istiqamətlərə kifayət qədər diqqət yetirməməsidir. Sosial sahənin müxtəlif aspektləri, təhsilin daha dərin və geniş problemləri var".
Professor əlavə edib ki, bu məsələləri yalnız məktəb direktorları və ya müavinləri ilə məhdudlaşdırmaq olmaz:
"Bəzən mediada hansısa həkimin bir müəssisədən ayrılaraq başqa müəssisəyə keçməsi, konkret bir şəxsin başına gələn hadisələr kimi mövzuların daha çox ön plana çəkildiyini görürük. Halbuki bu xəbərlərin görünən tərəfi, yəni daha çox diqqət çəkən hissəsi yalnız üst qatdan ibarətdir. Əsas mahiyyət isə bir çox hallarda həmin xəbərlərin arxasında gizlənir və diqqətdən kənarda qalır. Bütün bunlar gəlib peşəkarlıq məsələsində dayanır. Peşəkar media bu sahələrə hərtərəfli yanaşmalı, cəmiyyət üçün maraqlı olan digər məsələləri də gündəmə gətirməli və onları daim diqqət mərkəzində saxlamalıdır. Mövzular çeşidli və rəngarəng olmalı, insanların düşündüyü suallara cavab verməli, cəmiyyəti güzgü kimi əks etdirməlidir. Əks halda, zamanla insanların mediaya marağı da azala bilər".



