“Geri qaytarmaq mümkün deyil" — Kreditlə alışlarda istehlakçı hüquqları belə POZULUR

GÜNDƏM 22 sentyabr 2025, 16:40
"Azərbaycanda pərakəndə satış bazarında istehlakçı hüquqlarının ən çox pozulduğu hallar, əsasən kreditlə alış zamanı baş verir. Məişət cihazları, mobil telefonlar və digər texniki avadanlıqların qüsurları aşkarlandıqda, satış şirkətləri məhsulu geri qaytarmaqdan imtina edir və yalnız təmirə razılaşırlar. Bu isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

Onun sözlərinə görə, təmir edilmiş məhsulların bazar dəyəri təzə məhsuldan aşağı olur, lakin vətəndaş ilkin kredit ödənişinə davam edir:

"Beləliklə, kredit müqaviləsi çərçivəsində istehlakçı həm maddi, həm də hüquqi baxımdan zərər görür.Geyim bazarında da istehlakçı hüquqları zəif qorunur. Burada əsasən nağd alış-verişlər aparılır, qəbz verilmir və məhsulun geri qaytarılması və ya dəyişdirilməsi çətinləşir. Qeyri-rəsmi iqtisadiyyatın böyük payı bu problemi daha da artırır".

Ekspert bildirib ki, bu problemlərin həlli üçün içtərəfli müqavilələr standartlara uyğun hazırlanmalı, hüquqi normativlər təkmilləşdirilməli və kreditlə satışda, həmçinin geyim bazarında nağdsız alış-verişin və vergi uçotunun tətbiqi sərtləşdirilməlidir:

"Ərzaq bazarında isə şəbəkə marketlərinin yayılması və rəsmi vergi uçotu vasitəsilə istehlakçı hüquqları daha yaxşı qorunur.
Əsas hüquq pozuntuları məişət cihazları, texniki avadanlıqlar və yüngül sənaye məhsullarının kreditlə satışı zamanı ortaya çıxır. Bu sahələrdə istehlakçı hüquqlarının qorunması üçün mexanizmlərin gücləndirilməsi vacibdir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 16:10
Top