Xaricdə təhsillə bağlı şərtlər dəyişir — DETALLAR

GÜNDƏM 22 sentyabr 2025, 16:05
“Təhlil göstərir ki, xaricdə təhsil üzrə dövlət proqramına qəbul prosesinin çətinləşdirilməsi təhsil sisteminin keyfiyyətinə xidmət edən addımdır. Çünki uzun illər ərzində müəyyən hallarda yalnız imkandan istifadə edən, lakin həqiqətən yüksək potensiala malik olmayan gənclər də xaricdə dövlət hesabına təhsil almağa nail olurdular. Bu isə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz istifadəsinə gətirib çıxarırdı. Rəqəmlər göstərir ki, 2007–2015-ci illərdə “2007–2015 Dövlət Proqramı” çərçivəsində 5 mindən çox gənc xaricdə təhsil aldı, lakin onlardan əhəmiyyətli hissəsi təhsildən sonra Azərbaycana geri dönmədilər və bu, ciddi beyin axınına səbəb oldu. Bu mənada şərtlərin çətinləşdirilməsi seçimi daha keyfiyyətli edəcək və dövlət vəsaitlərinin daha düzgün ünvanlanmasına imkan verəcək”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, müsbət tərəflərdən biri odur ki, sərtləşdirilmiş qəbul meyarları yalnız ən istedadlı və yüksək hazırlıqlı gənclərin proqramdan yararlanmasını təmin edəcək:


“Bu, həm də daxildə təhsil alan tələbələr üçün motivasiya yaradacaq ki, onlar da beynəlxalq standartlara uyğun biliyə sahib olmaq üçün daha çox çalışsınlar. “Təhsil haqqında Qanun”un 5-ci maddəsində göstərilir ki, dövlətin vəzifələrindən biri təhsil sahəsində bərabər imkanların təmin olunmasıdır. Əgər şərtlər bütün ölkə üzrə eyni qaydada tətbiq olunarsa, bu, qanunun prinsiplərinə uyğun hesab edilə bilər.
Mənfi tərəf ondan ibarətdir ki, Bakıda və regionlarda təhsil imkanları arasında hələ də ciddi fərqlər mövcuddur. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı məktəblərində bir müəllimə düşən şagird sayı orta hesabla 13 nəfərdirsə, bəzi regionlarda bu göstərici 20–25 nəfərə qədər yüksəlir. Bundan əlavə, paytaxtda beynəlxalq imtahanlara hazırlıq kurslarının sayı 150-dən çox olduğu halda, regionların əksəriyyətində belə imkanlar çox məhduddur. Bu isə regiondan gələn şagirdlərin daha çətin şərtlər altında xaricdə təhsil almaq uğrunda mübarizə aparmasına gətirib çıxarır. “Təhsil haqqında Qanun”un 28-ci maddəsində isə qeyd edilir ki, dövlət təhsil müəssisələri şagirdlərin bacarıqlarını inkişaf etdirmək üçün zəruri şərait yaratmalıdır. Deməli, şərtlər sərtləşdirilirsə, paralel olaraq regionlarda hazırlıq imkanlarının genişləndirilməsi də təmin olunmalıdır”.

Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, xaricdə təhsil proqramları uğurlu olduqda onlar yalnız seçim mexanizminin keyfiyyətinə deyil, həm də ölkədaxili bərabər imkanların yaradılmasına əsaslanır:

“Məsələn, Cənubi Koreyada xaricdə təhsil bursları üçün müraciət edənlər arasında region gənclərinə xüsusi kvotalar ayrılır. Türkiyənin “YÖK Bursu” proqramında kənd və azgəlirli ailələrin övladları üçün əlavə hazırlıq mərhələsi mövcuddur. Bu modellər Azərbaycana da nümunə ola bilər. Əgər seçim prosesi daha çətinləşdirilirsə, paralel olaraq region gənclərinin imkanlarını artırmaq üçün kvotalar, hazırlıq kursları və təqaüd dəstəyinin yaradılması vacibdir.
Hesab edirəm ki, qəbul prosesinin çətinləşdirilməsi Elm və Təhsil Nazirliyinin müsbət təşəbbüsüdür və bu, təhsil sisteminin keyfiyyətini yüksəldəcək. Lakin paralel olaraq regionlarda infrastruktur, müəllim resursları və hazırlıq imkanlarının genişləndirilməsi həyata keçirilməlidir. Əks halda, paytaxtla region arasında uçurum dərinləşəcək və dövlət proqramının əsas məqsədi – bərabər imkanlar əsasında ən yaxşı kadrların hazırlanması – tam gerçəkləşməyəcək. Nazirliyin atdığı addım düzgün istiqamətdir, lakin onun daha səmərəli olması üçün dünya təcrübəsindən yararlanaraq region gənclərinə dəstək mexanizmləri də tətbiq edilməlidir. Bu, həm sosial ədaləti təmin edəcək, həm də dövlət proqramının ölkə üçün real faydasını artıracaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 16:10
Top