Kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 22 sentyabr 2025, 16:10
Abşeron rayonunda 43 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 2-də baş verib. Lənkəran sakini, 1982-ci il təvəllüdlü Röyal həmin gün, gecə saat 23 radələrində arvadı İlahənin (adlar şərtidir – red.) ona evə gec gəlməsinə görə irad bildirməsi zamanı aralarında ailə daxili münasibətlər zəminində mübahisə yaranıb.

Həmin mübahisə əsnasında o, əsəbiləşərək masanın üzərindəki boş şüşə fincanı əlinə götürüb və zərərçəkmiş şəxsin üzərinə hücum edib. Əlində tutduğu fincanla qadının bel, sinə, döş nahiyələrinə ardıcıl vurub. 

Daha sonra onun zərbələrindən əlindəki həmin fincanın sınmasına baxmayaraq artıq əl, yumruq zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. 

Hadisəni törədən Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İlahə ilə 2020-ci ildə qurduqları birgə nigahdan bir azyaşlı övladı var: “Aprelin 2-də, təxminən gecə saat 11 radələrində yaşadığım evə gec gəldiyimə görə arvadımla mübahisəm baş verdi. Mən baş vermiş mübahisə zamanı əsəbləşdim, İlahəyə ilk öncə masanın üzərində olan boş şüşə fincanla, daha sonra isə əllərim ilə xəsarət yetirdim. Mübahisədən sonra evin digər otağına kecərək, yatdım. Aprelin 4-də mənə  məlum oldu ki, arvadım barəmdə polisə şikayət edib”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 16:10
Top