"Övladlıq verilən ailələrə qəfil yoxlama keçirilməlidir" — TƏKLİF

GÜNDƏM 05 sentyabr 2025, 20:33
"Uşaqların Azərbaycanda qəyyumluğa götürülməsi ilə bağlı kifayət qədər qanunvericilik aktları mövcuddur. Ailə Məcəlləsi və digər müvafiq normativ sənədlər bu prosesi hüquqi əsaslarla tənzimləyir. Əgər qəyyumluğa götürmə xarici ölkə vətəndaşlarını da əhatə edirsə, bu halda da ayrıca prosedurlar mövcuddur və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin icra hakimiyyəti orqanları məsələyə müdaxilə edirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O bildirib ki, əgər uşağı yerli vətəndaş qəyyumluğa götürürsə, bu zaman müraciət, məhkəmə qərarının icrası və sonrakı yoxlamalar da daxil olmaqla bütün mərhələlər qanunla müəyyən edilmiş qaydada həyata keçirilir:

"Yəni, qəyyumluq sadəcə qərarla bitmir.! Prosesin icrası və sonrakı nəzarət də xüsusi prosedurlarla aparılır.Bununla yanaşı, Azərbaycanda həm rəsmi, həm də qeyri-rəsmi qəyyumluq hallarına rast gəlinir. Qeyri-rəsmi hallarda ailələr övladlarını qohumlarına, əmiyə, dayıya və ya digər yaxınlarına verirlər. Bu praktika sovet dövründən bəri mövcuddur və xüsusilə bölgələrdə bu kimi nümunələrə rast gəlinir. Ancaq belə hallarda sonradan uşağın böyüməsi ilə əlaqədar qohumlar arasında mübahisələr də meydana çıxır"

Ekspert deyib ki, qanuni qəyyumluq isə yalnız müvafiq dövlət orqanlarının qərarı ilə mümkündür:

"Bu zaman icra hakimiyyətlərinin ailə və uşaq problemləri şöbələri, həmçinin digər hüquqi qurumlar uşağın vəziyyətinə nəzarət edirlər. Əgər qəyyum uşağa lazımi qayğı göstərmirsə və ya ailədə münaqişələr yaranırsa, dövlət orqanları müdaxilə etmək səlahiyyətinə malikdir.

Eyni zamanda, elə ailələr də mövcuddur ki, qəyyumluğa götürdükləri uşaqlara normal şəkildə baxırlar və heç bir problem yaşanmır. Amma qanunvericiliyə görə, hətta belə ailələr də mütəmadi olaraq yoxlanılmalıdır".

Onun sözlərinə görə, hazırda Azərbaycanda qəyyumluq proseslərinin elektron portallar vasitəsilə aparılması da nəzərdə tutulub:

"Bu, həm qəyyumla, həm də uşaqla birbaşa təmasda olan dövlət orqanlarına məlumat mübadiləsini daha asan qurmağa imkan verir. Məsələn, hər ay qəyyumun öhdəlikləri ilə bağlı hesabat təqdim etməsi və uşağın vəziyyəti barədə məlumatların sistemə daxil edilməsi faydalı ola bilər.

Xarici ölkələrdə, məsələn Almaniyada, əvvəllər işçilər birbaşa ailələrə gedirdilərsə, indi bu yoxlamalar daha çox elektron formada aparılır. Azərbaycanda da həm elektron nəzarət sistemi qurulmalı, həm də bəzən qəfil yoxlamalar keçirilməlidir. Çünki bəzi hallarda ailələr əvvəlcə sabit görünür, amma sonradan problemli mühit formalaşa bilər.

Bütün hallarda qəyyumluğa götürülən hər bir uşağın vəziyyəti nəzarətdə saxlanılmalı, uşağın hüquqlarının qorunması və qəyyumun öhdəliklərini yerinə yetirməsi təmin edilməlidir. Uşaq böyüdükdən sonra isə onunla birbaşa ünsiyyət qurularaq vəziyyəti ayrıca yoxlanmalıdır".

Qeyd edək ki, Bakıda 14 yaşlı yeniyetmə xalası tərəfindən işgəncələrə məruz qalıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top