“Zəngəzur dəhlizi regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilir” — Deputat

GÜNDƏM 03 sentyabr 2025, 12:47
“Zəngəzur dəhlizinin perspektivləri və onun Orta Dəhlizlə inteqrasiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bu inteqrasiya nəinki regional, həm də qlobal nəqliyyat-logistika zəncirinin ayrılmaz hissəsinə çevriləcək”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Orta Dəhlizin ötürmə qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək:

“Çünki bu dəhliz, Orta Dəhlizin daha effektiv və qısa marşrutla Cənubi Qafqazdan keçməsini təmin edir. Son illərdə Orta Dəhlizə həm sərmayə, həm də texnoloji baxımdan ciddi dəstək göstərilir. Bu kontekstdə Azərbaycanın rolu daha da önə çıxır. Azərbaycan Orta Dəhlizin öz ərazisindən daha səmərəli keçməsi üçün infrastrukturun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Bu məqsədlə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında vahid tarif siyasətinin tətbiqi, həmçinin elektron gömrük sistemlərinin inteqrasiyası üzrə mexanizmlər hazırlanır”.

Deputat əlavə edib ki, bu cür addımlar Zəngəzur dəhlizinin Orta Dəhlizə birbaşa inteqrasiyasını sürətləndirəcək:

“Regional yüklərin daşınması xeyli optimallaşdırılacaq. Azərbaycanın beynəlxalq yükdaşımalar üzrə gəlirləri əhəmiyyətli dərəcədə artacaq. 2024-cü ildə təkcə Azərbaycan–Çin arasında yükdaşımaların 86% artaraq təxminən 385 min ton təşkil etməsi, bu sahənin inkişaf potensialını açıq şəkildə göstərir. Bu baxımdan Zəngəzur dəhlizi təkcə nəqliyyat baxımından deyil, həm də iqtisadi və geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyəti ilə bağlı vurğuladığı fikirlər də bu yanaşmanın təsdiqidir. Bu dəhliz artıq təkcə Azərbaycanın deyil, regionun və daha geniş coğrafiyanın inkişafına xidmət edən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 13:29
Top