Telefondan istifadə akademik göstəriciləri aşağı salır — AÇIQLAMA

GÜNDƏM 01 sentyabr 2025, 16:12
“Orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi son illərdə ən çox müzakirə olunan mövzulardan biridir. Bu məsələ yalnız texniki vasitənin istifadəsi ilə bağlı deyil, həm də şagirdlərin dərsə diqqəti, psixoloji sağlamlığı, sosial ünsiyyət bacarıqları və təhsilin keyfiyyətinə təsiri baxımından strateji əhəmiyyət daşıyır. Lakin Azərbaycanda bu sahədə nə aydın mövqe, nə də ciddi hüquqi mexanizm mövcuddur. “Təhsil haqqında Qanun”un 30-cu maddəsində şagirdlərin məktəb nizam-intizamına əməl etməsi tələb olunsa da, mobil telefon istifadəsi ilə bağlı konkret məhdudiyyətlər göstərilmir. Bu boşluq səbəbindən məktəblər öz nizamnamələrində vahid yanaşma tətbiq etmir, nəticədə hər bir məktəb bu məsələyə fərqli münasibət göstərir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, statistikaya görə, ölkə üzrə şagirdlərin 90 faizdən çoxu mobil telefona malikdir:



“Xüsusilə yuxarı siniflərdə bu göstərici demək olar ki, 100 faizə çatır. Mobil telefon dərs prosesində istifadə edildikdə şagirdlərin diqqəti yayınır, sosial şəbəkələrə bağlılıq artır, nəticədə öyrənmənin effektivliyi zəifləyir. Müxtəlif beynəlxalq araşdırmalar təsdiqləyir ki, dərs zamanı telefon istifadəsi akademik nəticələri orta hesabla 20–30 faiz aşağı salır. Fransa, İsveç və İtaliya kimi ölkələrdə orta məktəblərdə mobil telefon istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb. Fransa 2018-ci ildən etibarən qanunvericiliklə məktəblərdə telefonların istifadəsini qadağan edib, yalnız pedaqoji məqsədlə müəllimin icazəsi ilə istifadəyə icazə verilir. Bu addım sosial-psixoloji mühitə və təhsil keyfiyyətinə müsbət təsir göstərib.

Azərbaycanda isə belə bir mexanizm tətbiq olunmur. Bəzi məktəblərdə qeyri-rəsmi qadağalar qoyulsa da, bu qadağalar ya kağız üzərində qalır, ya da valideynlərin təzyiqi və rəhbərliyin qeyri-ciddi yanaşması səbəbindən icra olunmur. Məktəb rəhbərləri çox vaxt “şagirdlərin valideynlə əlaqəsi kəsilər” arqumenti ilə qadağadan yayınır. Halbuki təhsil müəssisələri “Ümumi təhsil haqqında Qanun”a görə təhlükəsiz və effektiv təhsil mühiti yaratmaq öhdəliyinə malikdir. Bu mühitin tərkib hissəsi şagirdlərin diqqətinin yayındırıcı amillərdən qorunmasıdır. Telefonların dərs vaxtı istifadəsi məhdudlaşdırılmasa, bu öhdəlik yerinə yetirilmir”.

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu sahədə açıq-aşkar passivdir, planı yoxdur, proqnoz hazırlamır, maarifləndirmə işi aparmır:

“Nazirliyin vəzifəsi məktəbləri bu istiqamətdə vahid yanaşmaya yönəltmək olduğu halda, məsələni məktəb rəhbərlərinin öhdəsinə buraxır. Bu isə dövlət təhsil siyasəti üçün ciddi boşluqdur. Dünyada təhsil sistemləri XXI əsrin əsas çağırışı olan rəqəmsal asılılıqla mübarizə apararkən, bizdə bu mövzuya səthi yanaşılır. Əgər indi ciddi addımlar atılmasa, gələcəkdə məktəblərdə nizam-intizam, dərs keyfiyyəti və şagirdlərin psixoloji sağlamlığı daha böyük risk altında qalacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top