Ata bu səbəbdən qızını döydü

KRİMİNAL 15 avqust 2025, 19:23
Bakının Suraxanı rayonunda ata qızına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 15-də rayonun Əmircan qəsəbəsində baş verib. 

Biləsuvar rayon sakini, 1973-cü il təvəllüdlü Abdulla həmin gün saat 21:00-da evində qızı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib. Ata və qız arasında yaranan mübahisə mülk üstündə baş verib. Zəminə yaşadıqları evi satmaq barədə təklifindən atası əsəbləşib. Abdulla qəsdən yumruğu ilə qızının baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. 

Hadisəni törədən Abdullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əmircan qəsəbəsində arvadı Sürayə və qızı Zəminə ilə birlikdə yaşayır.: “Arvadım əlildir və yataq xəstəsi olduğu üçün günün çox hissəsini öz otağında olur. Bir neçə müddət olar ki, qızım yaşadığımız evi sataraq başqa ərazidən ev almağımızı təklif edir. Hər dəfə qızıma etirazımı bildirmişəm”. 
Məhkumun sözlərinə görə, aprelin 15-də, saat 21:00-da yaşadıqları evdə olan zaman qızı Zəminə yenidən yaşadıqları evi satmağı təklif etdiyi üçün aralarında sözlə mübahisə yaranıb: “Mübahisə zamanı əsəbləşdiyim üçün yumruqla bir neçə dəfə qızımın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Zərbənin təsirindən qızım yerə yıxıldım və bundan sonra evdən getdim. Qızımla mübahisəmiz evi satmaq üstündə yaranıb”.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən atasını bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Bu səbəbdən işə baxan hakim Abdullanın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top