"Yeniyetmələr arasında abortların artmasının əsas səbəblərindən biri cinsi tərbiyənin çatışmazlığıdır" — AÇIQLAMA

GÜNDƏM 15 avqust 2025, 18:37
 Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb. Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir. Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.

Bununla bağlı ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlamasında deyib ki, yeniyetmələr arasında abort hallarının artmasının əsas səbəblərindən biri cinsi tərbiyənin çatışmazlığıdır:

“Cəmiyyətimizdə hələ də cinsi təhsil mövzularına tabu kimi yanaşılır. Bu məsələ ictimai və ya təhsil müstəvisində gündəmə gələn kimi dərhal ayıb, utanc, tərbiyəsizlik kimi reaksiyalar verilir. Halbuki bu mövzular elmi və sağlam şəkildə müzakirə edilməli, maarifləndirmə aparılmalıdır. Reallıq isə budur ki, yeniyetmələrdə cinsi aktivlik sosial yetişkənlikdən daha əvvəl başlayır və bu, bioloji bir prosesdir. İnternetə, mediaya çıxışın asan olduğu indiki dövrdə uşaqlar bu məlumatları ya yanlış yerdən alır, ya da ümumiyyətlə səhv yönləndirilirlər. Nəticədə arzuolunmaz hamiləliklər və onların nəticəsi olaraq abort halları artır. Bunun qarşısını almağın yeganə yolu düzgün və vaxtında cinsi maarifləndirmədir. Bu təhsil ailədə valideyn tərəfindən başlamalı, məktəbdə elmi əsaslarla davam etdirilməli, cəmiyyət səviyyəsində dəstəklənməlidir. Abortları azaltmaq üçün uşaqlara cinsi həyatın məsuliyyətlərini, qorunma yollarını və nəticələrini başa salmaq vacibdir. Cinsi tərbiyə uşağın cinsi aktivliyə başlamasından sonra yox, ondan əvvəl verilməlidir ki, ilk təcrübə təhlükə və travma ilə nəticələnməsin. Bu, sadə, lakin cəmiyyətin sağlam gələcəyi üçün həyati vacib bir məsələdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top